SON DƏQİQƏ

İlham Əliyev: ‘2017-ci ildə böyük uğurlar qazanılıb’

Tarix:10-01-2018, 21:14

"Azərbaycan 2017-ci ildə sürətlə və uğurla inkişaf edib”.

Prezident İlham Əliyev bu gün, yanvarın 10-u Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı çıxışında belə deyib.

APA-nın xəbərinə görə, prezident dünyanın müxtəlif yerlərində təhlükələrin, risklərin artmasına baxmayaraq, Azərbaycanda sabitliyin, təhlükəsizliyin təmin olunduğunu vurğulayıb.

"Dünyada mövcud olan mürəkkəb geosiyasi vəziyyəti nəzərə alsaq, ölkəmizdə əldə olunan nəticələr yüksək qiymətə layiqdir. Bütün bunlar sabitlik nəticəsində əldə olunub. Bu sabitliyin və uğurlu siyasətin təməlində xalq-iqtidar birliyi, xalqın dəstəyi dayanır. Dərin iqtisadi islahatlar ili kimi xarakterizə olunan 2017-ci ildə iqtisadi sahədə böyük uğurlar qazanılıb. Beynəlxalq maliyyə qurumları Azərbaycanda gedən proseslərə yüksək qiymət verib”, – deyən prezident Davos İqtisadi Forumunun 2017-ci ildə Azərbaycanı rəqabətqabiliyyətliliyinə görə 35-ci yerdə göstərdiyini xatırladıb.

MDB məkanında lider...

"Ölkəmiz bu baxımdan MDB məkanında liderliyini qoruyur. 2017-ci ildə Azərbaycanda Ümumi Daxili Məhsul və qeyri-neft sektoru artıb. Qeyri-neft sənayesində 3,6 faiz, kənd təsərrüfatında 4,1 faiz artım əldə olunub. Valyuta ehtiyatları 4,5 milyard dollar artaraq 42 milyard dollara çatıb. Azərbaycan iqtisadiyyatına 14,6 milyard dollar sərmayə qoyulub. İxrac 19 faiz, qeyri-neft ixracı 24 faiz artıb. İdxalın sabit səviyyədə qalması böyük nəticədir. Hər bir ölkə belə nəticələrlə fəxr edə bilər. Regionların inkişafı daim diqqət mərkəzində saxlanılıb. Keçən il 30-dan çox rayona səfər edərək verilən tapşırıqların icrası ilə yerindəcə tanış olmuşam. Bölgələrdə yeni müəssisələr açılıb. Keçən il 177 min daimi olmaqla, 221 min yeni iş yeri açılıb. İşsizlik 5 faiz, yoxsulluq isə 5,4 faiz səviyyəsində qərarlaşıb. Bu isə dünya səviyyəsində ən yaxşı nəticələrdən biridir”.

Ötən il infrastruktur layihələrinin icrasının diqqət mərkəzində saxlanılmasından bəhs edən prezident deyib ki, ölkədə elektrik təchizatı yaxşılaşdırılıb, bölgələrdə qazlaşdırma işləri sürətlə aparılıb. O, keçən il 1300 km avtomobil yolu, 500-dən çox kəndə yeni yol çəkilməsindən, 133 yeni məktəbin, 30 tibb müəssisəsinin tikilməsindən, iki olimpiya kompleksinin istifadəyə verilməsindən danışıb.

Məcburi köçkünlərin yaşayış durumu...

Prezident məcburi köçkünlərin yaşayış durumuna da toxunub. Deyib ki, ötən il 2300 məcburi köçkün ailəsi yeni mənzillərə köçürülüb.

"2018-ci ildə yeni mənzillərlə təmin olunacaq məcburi köçkün ailələrinin sayı ötən illə müqayisədə iki dəfə çox olacaq”, - prezident deyib.

Azərbaycanın iştirakçısı olduğu qlobal layihələrdən bəhs edən İ.Əliyev Azəri-Çıraq-Günəşli neft yataqları üzrə müqavilənin 2050-ci ilə kimi uzadılmasının böyük əhəmiyyət daşıdığını vurğulayıb.

Hökumətin sosial infrastruktur layihələrinin icrasını davam etdirəcəyini qeyd edən prezident çıxışında Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsinə də toxunub. Ölkənin hərbi gücünün artdığını vurğulayıb.

"Azərbaycan ordusu dünyanın ən güclü ordularından biridir”

"Azərbaycanın hərbi gücü artıb. Azərbaycan ordusu beynəlxalq reytinqə görə dünyanın ən güclü ordularından biridir”, – deyən prezident növbəti illərdə də bu sahədə tədbirlərin görüləcəyini və yeni silahların alınacağını bildirib.

Prezident dünya birliyinin Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz ərazisi kimi tanıdığını, bunun Avropa İttifaqının (Aİ) Şərq Tərəfdaşlığı sammitinin yekun bəyannaməsində də əksini tapdığını bildirib.


скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ