www.DOGRU.tv - Onlayn Televiziya » Siyasət » Azərbaycan deyəndə...

Azərbaycan deyəndə...

Bölmə: Siyasət, Cəmiyyət, Manşet1
Azərbaycan deyəndə...
Son illərdə, uzaq və yaxın keçmişdə ölkəmizin başına gələn olaylar bizə dolayısı ilə sübut etdi ki, vətəndaşlarımızın ideoloji cəhətdən maariflənməsinə və bu istiqamətdə fəaliyyət göstərməyi özünə borc bilən könüllülərə çox böyük ehtiyac var. Təkcə son yüzilliklərdə itirdiklərimizə nəzər salsaq, istər aşkar surətdə işğal olunan torpaqlarımız və onun fəsadlarından,istərsə də qeyri-aşkar üsullarla cəmiyyətimizin,xalqımızın milli- mənəvi, əxlaqi dəyərlərinin,adət-ənənələrimizin silinib yox olmasından xeyli nümunələr çəkmək olar.
Əvvəla onu qeyd edək ki, Azərbaycan strateji məkan kimi, bir çox səbəblərdən həm Qərbin, həm də Şərqin daim diqqət mərkəzindədir. Onun çox yerdə qeyd olunmayan məqamlarının bəziləri aşağıdakılardır:
1) Azərbaycan dünyanın elə strateji nöqtələrindəndir ki, (belə nöqtələr dörddür.) bu vaxta qədər ixtira olunmuş və gələcəkdə ixtira olunacaq super bombardmançı-qırıcı təyyarələrin uçması və enməsi üçün heç bir iqlim problemi yoxdur.
2) Azərbaycan ərazisində raket və radar texnologiyası vaxtından il yarım gec “qocalır”, sıradan çıxır.
3) Azərbaycanda istehsal olunan neft məhsulları istənilən şəraitdə və istənilən hərbi texnikanı hərəkətə gətirilməsi baxımından və bir çox başqa məsələlərə görə sərfəlidir.
4) Azərbaycan ərazisində (Naxçıvan zonasında) Uranın olması.
Sadaladığımız bu səbəblər isə dünyanın bütün ölkələrinin istər açıq, istərsə də məxfi sənədlərində, siyasi dövlət maraqlarının siyahısında başlıca hədəflərdir.
Bu kimi əlverişli strateji mövqeyə malik olan məmləkətimizin, yerləşdiyi ərazini ələ keçirmək, bu ölkəni özünün kobud dillə desək, vassalına çevirmək arzusunda olan ölkələrin niyyətlərinin,açıq və gizli plan və proqramlarının, durmadan çalışdığını bilməliyik. Bunun adı nə olur olsun, forması necə olur olsun, məqsəd və hədəflər eynidir.
Təəssüf ki, cəmiyyətimizin artıq belə hiylələrin qurbanına çevrilməsi prosesi öz işini görüb. Ölkə daxilində, aralarında böyük uçurumların olduğu müxtəlif təbəqələr formalaşıb. İstər bir-birinə heç bir halda güzəştə getməyən iqtidar-müxalifət münasibətləri olsun, istərsə də, ətrafında baş verən proseslərə biganə qalan, gününü şou və əyləncələrə sərf edən kütlə olsun. Hər tərəfdə əslində xalqımıza qarşı yürüdülən işğalçılıq və talançılıq siyasətinin izlərini görə bilərik.
Çıxış yolunu isə müxtəlif qruplar, müxtəlif variantlarla izah etməyə çalışır. Bütün bu problemlərin həlli yolunun ancaq hakimiyyətin əlində olduğunu iddia edənlər də var,yeganə çarənin,- hakimiyyəti dəyişərək, iqtidara milli qüvvələrin gəlməsinin vacibliyini söyləyənlər də. Hər bir tərəf də öz fikirlərini təsdiiq edən obyektiv və subyektiv səbəblər sadalaya bilər, yaxud da ciddi arqumentlər gətirə bilər.
Mən isə bu barədə fərqli düşünürəm. Zənnimcə, bütün problemlərin həlli üçün, ilk əvvəl cəmiyyətimizdə elmə, savada, təhsilə marağın artırılması üçün səy göstərilməlidir. Buna nail olmaq üçün hər bir sahədə xüsusi təbliğat və maarifləndirmə çalışmaları artırılmalıdır. Məmləkətimizin insanında milli ruhun formalaşması, vətənpərvərlik hisslərinin aşılanması üçün hər kəs öz canını ortaya qoymalıdır. Azərbaycanın qurtuluşu məhz bundan asılıdır.