www.DOGRU.tv - Onlayn Televiziya » Siyasət » İlham Əliyev: 'Biz böhranlı şəraitdən şərəflə çıxdıq'


İlham Əliyev: 'Biz böhranlı şəraitdən şərəflə çıxdıq'

Bölmə: Siyasət
İlham Əliyev: 'Biz böhranlı şəraitdən şərəflə çıxdıq'
Yanvarın 10-da Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında prezident İlham Əliyev belə deyib.

Bu barədə AZƏRTAC məlumat yayıb.

«Ölkəmizdə sabitliyin mənbəyi xalqın iradəsi və onun seçimidir», - deyən prezident 2016-cı ilin ölkə tarixində dərin iqtisadi islahatlar dövrü kimi qalacağını vurğulayıb.

Prezident qeyd edib ki, bundan sonra da qeyri-neft sektorunun inkişafı diqqət mərkəzində olacaq: «Təsadüfi deyil ki, keçən il neftin qiymətinin 3-4 dəfə aşağı düşməsi nəticəsində ümumi daxili məhsul azalsa da, qeyri-neft sənayesində 5, kənd təsərrüfatında isə 2.6 faiz artım əldə olunub».

MAAŞLAR 7 FAİZ ARTIB, YENƏ DƏ ARTMALIDIR

İlham Əliyevin deməsinə görə, bu iki rəqəm göstərir ki, Azərbaycan bu çətin və böhranlı şəraitdən şərəflə çıxa bilib: «Artıq görülmüş işlər və bu il görüləcək işlər bu dinamikanı daha da gücləndirəcək. İqtisadiyyat dayanıqlı şəkildə inkişaf edəcək, qeyri-neft sektoru inkişaf edəcək, yeni iş yerlərinin yaradılması təmin olunacaq. Əminəm ki, bütün dediyim hədəflərə çatacağıq».

Prezident vurğulayıb ki, ötən il Azərbaycana 8 milyard dollar xarici, 3.7 milyard dollar daxili sərmayənin qoyulub: «2016-cı ildə əsas vəzifələrdən biri valyuta ehtiyatlarının qorunması idi və buna da nail olundu. Bəzi neft ölkələrindən fərqli olaraq, Azərbaycan Dövlət Neft Fondunun vəsaitlərindən səmərəli istifadə edildi».

Ölkə başçısı Azərbaycanda görülən işləri beynəlxalq maliyyə qurumlarının da yüksək qiymətləndirildiyini söyləyib. O, əlavə edib ki, maaşlar 7, pensiyalar 8 faiz artıb və yenə də artmalıdır.

APREL ZƏFƏRİ...

İlham Əliyev 2016-cı ilin aprelində təmas xəttində baş verən döyüşlərə də toxunub: «Əks-hücum əməliyyatı nəticəsində ordumuz minlərlə hektar torpağı işğaldan azad edib. Aprel döyüşləri həm bizim parlaq qələbəmizdir, həm də bir daha Azərbaycan dövlətinin gücünü göstərdi. Bu, həm də bir daha onu göstərdi ki, biz heç vaxt bu vəziyyətlə barışmayacağıq, bütün təxribatlara layiqli cavab verəcəyik. Eyni zamanda aprel döyüşlərində illər boyu Ermənistan tərəfindən yaradılmış mif tamamilə darmadağın edildi. Onlar özləri etiraf edirlər ki, xarici yardım olmasa, bir həftə ərzində qabağımızda dura bilməyəcəklər».

«İNFLYASİYA BİRRƏQƏMLİ OLMALIDIR»

İdman uğurlarından da geniş bəhs edən ölkə başçısı inşaat sektorunun canlandırılması ilə bağlı tədbirlərin vacibliyini də vurğulayıb. O, Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyətindən, Bakıda köhnə binaların yerində yenilərinin tikintisinə start verilməsindən, «Ağ şəhər» layihəsinin icrasından danışıb.

İlham Əliyev 2017-ci ildə makroiqtisadi sabitliyin təmin edilməsinin, inflyasiyanın birrəqəmli olmasının, bank sektorunun sağlamlaşdırılmasının vacibliyini vurğulayıb.