www.DOGRU.tv - Onlayn Televiziya » Siyasət » Financial Times-ın 2017-ci il üçün proqnozları


Financial Times-ın 2017-ci il üçün proqnozları

Bölmə: Siyasət
Financial Times-ın 2017-ci il üçün proqnozları
Britaniyanın Avropa İttifaqından çıxışının başlanğıcı olaraq Aİ nizamnaməsinin 50-ci maddəsi işə salınacaqmı?

Bəli. Baş nazir Theresa May-in üzərinə ölkənin Aİ-dən çıxması prosesinə başlaması üçün göstərilən təzyiq böhran nöqtəsinə çatmaqdadır. Hazırda Britaniya hökumətinin Brexit planı elə yalnız bu maddəni mart ayınadək aktivləşdirməkdir. Hərçənd xarici faktorlar bu hadisəni ləngidə bilər. Məsələn Britaniya Ali Məhkəməsi hökumətin 50-ci maddəni aktivləşdirməyə səlahiyyətli olub-olmadığına dair məsələyə yanvar ayından baxmağa başlayacaq.

Marine Le Pen Fransa prezidenti ola biləcəkmi?

Xeyr. Əlbəttə ehtimal faizi sıfır da deyil. Nə bilmək olar, bir də gördün məyus olmuş fəhlə sinfi, aşağı ixtisaslı gənclik və əhalinin 10 faizlik işsiz kəsimi eyni vaxtda ayağa qalxdı. Sol təmayüllü seçicilərin François Fillon-un bazar islahatlarına münasibətini də bilmək olmaz. Amma Le Pen-in prezidentlik məsələsi bircə səbəbə görə mümkün deyil. Le Pen keçmiş milli valyuta frankı qaytarmaq istəyir. Əmanətçilər ölkəsi sayılan Fransada bu, çoxları üçün lüzumsuz riskdir.

Angela Merkel Almaniyada təkrar seçkidə qalib gələ biləckmi?

Bəli. Merkel Almaniya parlament seçkilərində qalib gələcək, lakin onun Xristian Demokrat/Xristian Sosialist bloku daha az mandat qazanacaq. Milad hücumlarına baxmayaraq elektorat köklü dəyişikliyə getməyəcək, amma Almaniya üçün Alternativ sağ təmayüllü partiyası Bundestaqa daxil olacaq. Liberal Azad Demokratlar da parlamentə qayıdacaqlar. Odur ki, bu dəfə koalisiya qurmaq bir xeyli çətin olacaq.

İranla nüvə sazişi iflasa uğrayacaqmı?

Xeyr. Donald Trump ABŞ-ı bu sazişdən çıxaracağını deyib, amma bu məsələnin icrası deyilişi qədər asan deyil. Əgər lap ABŞ sazişdən çıxsa da, dünyanın daha 6 gücü tərəfindən imzalanmış və BMT Təhlıükəslzik Şurasında təsdiq olunmuş bu saziş yerində qalacaq. Amma bu da ola bilər ki, Trump özünün anti-İran təzyiqləri ilə Tehranı bu saziş üzrə öhdəliklərdən imtinaya vadar etsin. Lakin bütün hallarda sazişi imzalayan başqa ölkələr, xüsusilə də Rusiya, Çin, Britaniya və Almaniya onun müdafiəsinə qalxacaq.

Donald Trump və Vladimir Putin Suriya məsələsində razılığa gələcəklərmi?


Bəli. Lakin bu razılaşma, üzərində yazıldığı kağız qiymətində də olmayacaq. Suriya hökumətinin Hələbə nəzarəti ələ alması Moskva ilə mükalimədə Trump-ın əlində heç bir alət qoymur. Trump-ın məqsədi İŞİD-ə hücum etmək və bunu edirmiş kimi görünməkdir. O və Putin ABŞ prezidentliyinin ilk 100 günündə razılaşma əldə edərək terrorçu qruplara hücumlar edəcəklər. Trump-ın Tvitterdə yazmaq üçün bir xeyli mövzusu olacaq. Suriya yanmaqda davam edəcək.

Prezident Trump Meksika hasarını tikəcəkmi?

Bəli. Amma belə də…Bir az. Lakin o özünün 2000 millik sərhəd boyunca ucaltmağı vəd etdiyi “keçilməz, hündür, qüdrətli, gözəl cənub sərhəd hasarını” son bəyanatlarında “çəpərlə” əvəz edib. Ola bilsin ki, sərhəd boyunca bəzi simvolik dəyişikliklər oldu. Bu sərhədin üçdə biri onsuz da hasarlıdır.

İŞİD qlobal qüvvə kimi məhv ediləcəkmi?


Xeyr. Özünü İraq və Suriyada xilafət elan etmiş İslam Dövləti təşkilatı süqut edəcək. Lakin özünün Mosul və Raqqa kimi istehkamlarından çıxmağa məcbur edilən təşkilat yerli qiyamlara və beynəlxalq terrora qaynayıb-qarışacaq. Bunun necə baş verməsinə misal kimi əl-Qaedanın 2007-2009-cu illərdə Suriya səhrasında yenidən cəmləşməsini göstəmək olar. Əl-Qaeda beş il sonra İŞİD şəklində meydana atıla bilmişdi. Bundan başqa İŞİD səfərbərlik üçün xarici faktorlardan da faydalana bilər. Şiələrin dəstəklədiyi Dəməşq, Bağdad və Beyrut rejimləri sünniləri hələ də küskün salıb. Biz bu barədə hələ 2018-ci ildə də danışmalı olacağıq.

Çin öz valyutasının 10 faizlik devalvasiyasına razı olacaqmı?

Xeyr. RMB və ya “xalq pulu” 2016-cı ildə ABŞ dollarına nisbətdə 6 faiz ucuzlaşıb. Hökumətin bütün səylərinə baxmayaraq Çindən kapital axını davam edir. Mülkiyyət bazarı sürətlə soyuyur və ABŞ faiz dərəcəsini yenidən artıra bilər. Lakin bütün bunlara baxmayaraq jenminbi gələn il devalvasiyaya uğramayacaq. Ümumiyyətlə, çəki itirməyəcək. 2017-ci il ərzində noyabr ayında keçiriləcək partiya qurultayınadək Çində sabitlik hökm sürəcək. Odur ki, Pekin valyutasının məzənnəsini saxlayacaq.

Neft qiymətləri ili 50 dollar civarındamı başa vuracaq?

Bəli. OPEC-in və qeyri-OPEC oyunçuların il ərzində hasilatı rekord hədlərdə saxlaması neft qiymətinin dirçəlməsinə imkan verməyib. Hasilatın ixtisarına dair razılaşmanın tətbiqinə yeni ildən başlanacaq. Lakin neftin qiymətini tək bu müəyyən etməyəcək. ABŞ şist neftinin hasilatı da əsas faktorlardan biri olacaq. İndi neftin qiyməti ABŞ neftinin bazara axması üçün sərfəlidir.