www.DOGRU.tv - Onlayn Televiziya » Siyasət » İqtidara müxalifətdən daha çox zərbə vuran YAP-çı deputatlar...

İqtidara müxalifətdən daha çox zərbə vuran YAP-çı deputatlar...

Bölmə: Siyasət
İqtidara müxalifətdən daha çox zərbə vuran YAP-çı deputatlar...

Bu il bir çox deputatlar çıxışlarında yol verdikləri səhvlərlə xalqın qınağına tuş gəldilər.

Son olaraq YAP-çı deputat Astan Şahverdiyevin Rusiyada çalışan həmyerlilərimizi “otxod” adlandırması bu məsələni bir daha gündəmə gətirdi.

Ardınca Hadı Rəcəblinin şəhid ailələri və müharibə əlillərinə güzəştlərin əleyhinə çıxış etməsi ciddi ictimai qınağa tuş gəldi.

Hüseynbala Mirələmovun əhaliyə “az yeyin” deməsi isə bardağı daşıran son damla oldu.

Bu günlərdə YAP-dan olan deputat İqbal Məmmədovun da gənc qarovulçunu döyməsi barədə mətbuatda məlumat yayıldı. Lakin bu məqamda Astan Şahverdiyev daha böyük bir səhv buraxaraq həmkarını “xilas etdi” və İqbal Məmmədovun hərəkəti gündəmdə çox qalmadı. Maraqlı məqam odur ki, adları çəkilən bu deputatların hamısı Yeni Azərbaycan Partiyasındandır.

Təbii ki, bu məqamda ötən ilin dekabrında Məhəmməd Əmin Rəsulzadəni təhqir edən YAP-çı deputat Naqif Həmzəyevi də unutmaq olmaz...

Necə deyərlər, bu cür deputatları olan iqtidara heç müxalifət lazım deyil. Onlar mütəmadi olaraq çıxışlarında yol verdikləri bu səhvlərlə həm özlərinin, həm də hakim partiyanın imicinə ciddi şəkildə zərbə vururlar. Bir sözlə, iqtidara əleyhinə hazırki müxalifətdən daha çox “iş görürlər”.

Bəs görəsən, Yeni Azərbaycan Partiyasının rəhbərliyi Milli Məclisdə partiyanı təmsil edən deputat qrupunun tərkibini dəyişdirməlidirmi?

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, həmkarlarının bu cür hərəkəti yolverilməzdir: “Mətbuata danışan siyasətçilər, məmurlar və millət vəkilləri söylədikləri fikirlərdə diqqətli olmalıdırlar və hər bir sözün məsuliyyətini daşımalıdırlar. Dərk etmək lazımdır ki, bu gün Azərbaycan cəmiyyəti çox açıq və demokratik cəmiyyətdir.


İstənilən bir sözün arxasından geniş müzakirələr aparıla bilər. Sosial şəbəkələr vasitəsilə, internet saytlar və portallar vasitəsilə müzakirə aparılır. Bu və ya digər şəkildə Azərbaycan xalqının hər hansı kəsiminin maraq və mənafelərinə, şəxsiyyətinə toxuna biləcək sözlər ciddi narazılıq doğurur. Bu mənada çıxış edənlər bunu nəzərə almalıdır. Mən deməzdim ki, Yeni Azərbaycan Partiyasının deputatları tərəfindən bu cür kütləvi xarakter daşıyan yanlışlıqlara yol verilir. Belə deyil. YAP bu gün ölkənin aparıcı siyasi qüvvəsi kimi bütün proseslərdə məsuliyyətli davranır. YAP rəsmiləri də vermiş olduqları açıqlamaları ölçüb-biçirlər, məsuliyyətlə yanaşırlar. Lakin epizodik hallar da olur və bu epizodik hallar yolverilməzdir. Mən də bunu qəbul etmirəm. Bununla bağlı YAP da öz rəsmi mövqeyini ortaya qoyub. Əli Həsənov və Bahar Muradova səviyyəsində bu məsələyə münasibət bildirilib. Bu məsələyə kifayət qədər ictimai qınaq da oldu. Məncə məsələni bununla da yekunlaşdırmaq lazımdır. Bunu geniş şəkildə dövriyyədə saxlamağa ehtiyac yoxdur. Yəqin ki, bu kimi hallar Yeni Azərbaycan Partiyasının gələcəkdə nəzərə alınacaq”.

Politoloq Qabil Hüseynli isə bütün bunların səbəbi həmin deputatların mətbuatdan və ictimai proseslərdən kənarda qalması, həmçinin bəzilərinin intellektual səviyyəsinin aşağı olmasıdır: “Həmin deputatın hərəkətlərində Milli Məclisin İntizam Komissiyasında baxılacaq. Həmin deputat söylədiklərini təkzib edib. Ortada onun səsi yazısı olmasına baxmayaraq belə fikir söyləmədiyini deyib.


Həmçinin xalqdan üzr istəyib. Parlamentin İntizam Komissiyasının nə qərara gələcəyini söyləmək çətindir. Hər hansı bir cəza veril bilər, lakin onun deputatlıqdan uzaqlaşdırılması məsələsi gündəmdə deyil. Bu cür fikirlərlə iqtidarı gözdən salan, sözlərinə fikir verməyən deputatlar az deyil. Onların bəziləri içkili halda açıqlama verir, bəziləri siyasi savadlarının az olması səbəbindən belə edir. Həmçinin həmin deputatların ictimai hadisələrdən kənarda qalıblar və xəbərsizdirlər. Onlar jurnalistə yaxalandıqda, suallar qarşısında qaldıqda intellektual səviyyələrinə uyğun olaraq bu cür cavablar verirlər. Mən hesab edirəm ki, deputat seçimində ciddi meyarlar qoyulmalıdır. Bunun üçün də seçkidə rəqabət təmin olunmalıdır. Hələ Milli Məclisdə elə deputatlar var ki, onlar danışsa Astan Şahverdiyevin çıxışından da pis olar. Bu deputat ən azından professordur, lakin ictimai proseslərdə iştirak etmir. Deputatlar gərgin proseslərə qoşulmurlar, mətbuata çıxmaqdan çəkinirlər. Cəmiyyət onsuz da onlara layiq olduqları qiyməti verir. İstər Hadı Rəcəbli, istər Naqif Həmzəyev, istərsə də Astan Şahverdiyevlə bağlı ciddi ictimai qınaq var. Onlar nə qədər üzr istəsə də həm iqtidarın siyasəti üçün, həm də özləri üçün mənfi imic formalaşdırırlar. Mən də ölkə rəhbərliyi bu məsələdə diqqətli olmalıdır”.