www.DOGRU.tv - Onlayn Televiziya » Siyasət » Proqnoz: Gələn il Qarabağda yeni toqquşmalar ola bilər


Proqnoz: Gələn il Qarabağda yeni toqquşmalar ola bilər

Bölmə: Siyasət
Proqnoz: Gələn il Qarabağda yeni toqquşmalar ola bilər
Nüfuzlu Amerika ekspertləri gələn il Qarabağda yeni hərbi münaqişənin qızışacağını istisna etmirlər.

«Vasitəçilik səylərinin uğursuzluğu, silahlanma yarışı və atəşkəs rejiminin tez-tez pozulması Dağlıq Qarabağda hərbi əməliyyatların bərpası riskini tədricən artırmaqdadır», – ABŞ-ın nüfuzlu beyin mərkəzlərindən olan Beynəlxalq Münasibətlər Şurasının hesabatında deyilir. Bu hesabat 2017-ci ildə mümkün münaqişələr və ABŞ-ın onlara mümkün təsiri barədə proqnozlara həsr olunub.


“NEFT VƏ QAZ İXRACI DAYANA BİLƏR”

«Effektiv vasitəçilik səyləri göstərilməsə, atəşkəs rejiminin pozulması və yeni təkan almış gərginlik Qarabağ münaqişəsini yenidən qızışdıra, Cənubi Qafqazda sabitliyi poza bilər. Bu, həmçinin Amerikanın iqtisadi maraqlarına və dünya neft bazarına da təsir edə bilər», – deyə təhlilçilər qeyd edirlər. Onlar, yeni müharibə başlayarsa, Azərbaycandan neft və qaz ixracının dayanacağını da istisna etmirlər.

Qarabağ münaqişəsini gələn il mütləq qarşısı alınmalı olan təhlükələrin sırasına qoyan Amerika ekspertləri müharibənin yenidən qızışması və onun Birləşmiş Ştatlara təsir imkanının çox yüksək olduğunu bildirirlər.


Bu il aprelin əvvəlində Dağlıq Qarabağda cəbhə xəttində dördgünlük əməliyyatlarda hər iki tərəf onlarla itki verib. Azərbaycan və Ermənistan hakimiyyəti bir-birini münaqişəni qızışdırmaqda ittiham edir. Azərbaycan prezidenti İlham Əliyev 2 min hektar ərazinin işğaldan azad olunduğunu bildirir.

KÜRDLƏR UĞUR QAZANSA...

Hesabat müəlliflərinin fikrincə, ABŞ-ın milli maraqlarına ən ciddi təhlükəni NATO və Rusiya arasında hərbi toqquşma yarada bilər. Onlar həm də bu toqquşmanın yetərincə real olduğunu bildirirlər. «Kremlin Şərqi Avropadakı aqressiv davranışı səbəbindən NATO üzvü olan ölkələrdən biri ilə ...münaqişənin ortaya çıxması 2017-ci ildə ən əsas təhlükələrdən birinə çevrilib», – deyə hesabatda göstərilir.

Amerika ekspertləri türklərlə kürdlər arasında hərbi əməliyyatların fəallaşmasını da eyni dərəcədə təhlükəli hesab edirlər. «Əgər kürdlər uğur qazanaraq Suriya ərazisində öz müstəqil dövlətlərini yarada bilsələr, bu, Yaxın Şərqin digər kürd ərazilərində separatçı əhval-ruhiyyəni fəallaşdıra bilər», – hesabatda deyilir.


ƏSAS TƏHLÜKƏLƏR

Mütəxəssislər həmçinin vurğulayırlar ki, ABŞ-da yaşayan Fethullah Gülenin ekstradisiyası məsələsində fikir ayrılıqlarına görə Türkiyə – Amerika münasibətləri korlanıb.

ABŞ-ın infrastrukturuna kiberhücumlar, habelə ABŞ və müttəfiqlərinin ərazilərinə törədilə biləcək terror aktları da gələn ilin əsas təhlükələri sırasındadır.


«İndi, Vaşinqtonda yeni administrasiyanın hakimiyyətə gəldiyi vaxtda, qərar qəbul edənlərə Amerikanın maraqlarını təhdid edən böhranları əngəlləməkdə kömək etmək vacibdir», – deyə Beynəlxalq Münasibətlər Şurasının direktoru Paul Stares qeyd edib.

«Yeni seçilmiş prezident Donald Trump mürəkkəb dönəmdə vəzifəyə gəlir. Ola bilsin ki, tezliklə onun administrasiyası ciddi xarici böhranla üzləşsin», – hesabatda deyilir.