www.DOGRU.tv - Onlayn Televiziya » Siyasət » Ölkə müxalifəti qiymət artımı ilə bağlı yenidən toplaşır

Ölkə müxalifəti qiymət artımı ilə bağlı yenidən toplaşır

Bölmə: Siyasət
Ölkə müxalifəti qiymət artımı ilə bağlı yenidən toplaşır

Tural Abbaslı: “Birləşmiş ümummüxalifət mitinqinin təşkilində maraqlıyıq”

Azərbaycanda qaz və işığın qiymətinin artırılmasına etiraz edən 12 müxalif qurumun ADP-nin qərargahındakı tədbirindən 10 gün ötür. Tədbirin sonunda iki həftədən sonra növbəti toplantı keçirmək barədə qərar qəbul edən siyasi qurumlar hələ ki, susqun görünürlər.

Həmin qurumlara daxil olan təşkilatlardan AĞ Partiya başqanı Tural Abbaslı “Yeni Müsavat”a açıqlamasında dekabrın 25-də ADP-də növbəti tədbir təşkil edəcəkləri barədə məlumat verdi: “Əslində işimiz davam edir. Dekabrın 13-də KXCP qərargahında növbəti toplantımızı keçirdik və ayın 25-dəki tədbirin detalları müzakirə edildi. Bugünkü ictimai-siyasi məsələlər də müzakirə olundu. Dekabrın 25-dəki tədbirə ciddi hazırlaşırıq. Həmin tədbirə və digər proseslərə xalqın reaksiyasından asılı olaraq mitinq məsələsini yenidən gündəmə gətirəcəyik. Bu məsələ bir anda gündəmdən düşmür. KXCP qərargahındakı tədbirdə birgə mitinq keçirmək təklifini bir daha irəli sürdüm. Xalqın reaksiyası ilə bağlı bəzi tərəddüdlər var. Mövcud durum davam edəcəksə, mitinq qaçılmaz olacaq. Dekabrın 25-dəki tədbirdən sonra çox güman ki, mitinq məsələsi konkret müzakirə mövzusu olacaq. Hakimiyyət hələ ki, “Məhsul” stadionunda mitinq yeri ayrılmasına əngəl törətmir. Söhbət razılaşdırılmış aksiyalardan gedir. İnsanları indiki halda repressiyalara qurban verməyin də tərəfdarı deyilik. Cəmiyyət müxalifətdən artıq konkret addımların atılmasını gözləyir. Qarşıdakı tədbirimizdən sonra mitinq məsələsi ən gündəmimizdə olan məsələ olacaq. Partiya olaraq birləşmiş ümummüxalifət mitinqinin təşkilində maraqlıyıq və bu təklifi hər yerdə dilə gətiririk. Bu ağır durumda siyasi dividentlər qazanmaq yox, müxalifətin birliyinin tərəfdarıyıq. Hansısa məqsəd güdməyin zamanı deyil. Əgər biz bu gün siyasi proseslərə istiqamət verməsək, səhəri gün proseslər kortəbii şəkildə cərəyan edəcək və tamam nəzarətdən çıxacaq. Heç kim xaosun yaranmasını istəmir”.

T.Abbaslı digər müxalif qurumların onlara dəstək verməmələri barədə sərt danışdı: “Qərar qəbul olunub ki, təşəbbüs hansısa bir qurumun adı altında olmasın. Azərbaycanın indiki durumuna biganə qalmayan, öz maraqlarını güdməyən, müxalifətdə birincilik savaşı etməyən istənilən partiya bu prosesə qoşula bilər. Kiminsə eqosuna uyğun deyilsə, özlərini digər qurumlarla birlikdə olmağa yaraşdırmırlarsa, o zaman əziyyət çəkib onlar real addım atsınlar, biz onları dəstəkləyək. Xalqın bu günkü vəziyyətinə biganə qalmayan istənilən qurumla birlikdə olmağa hazırıq. Əks halda 23 ildir öz aralarında apardıqları mübarizəni davam etdirirlərsə, yollarına davam etsinlər. Amma unutmasınlar ki, xalq artıq əvvəlki xalq deyil. Kimin-kim olduğu ortadadır. Xalq lazımı anda həmin şəxslərə öz cavabını verəcək. Bunu unutmasınlar. Fikirlərim pafoslu çıxa bilər, amma hər kəs bilməlidir ki, bu gedişlə bir çox mənəm-mənəm deyən siyasi qurumların siyasi səhnədən gedəcəklərini proqnozlaşdıra bilərəm. Onlar xalqın etimadını sürətlə itirirlər, artıq itiriblər də”.