www.DOGRU.tv - Onlayn Televiziya » Siyasət » Ermənistan sərhəddində azad ticarət zonası yaradılır


Ermənistan sərhəddində azad ticarət zonası yaradılır

Bölmə: Siyasət
Ermənistan sərhəddində azad ticarət zonası yaradılır
İranın birinci vitse-prezidenti Eshaq Jahangiri və enerji naziri Hamid Chitchian Ermənistanın enerji infrastrukturu naziri Ashot Manukian-la görüşüblər. Görüşdə İran rəsmiləri Tehranın Yerevanla daha sıx iqtisadi əməkdaşlıqda çox maraqlı olduğunu diqqətə çatdırıblar.

Manukian Chitchian-la birlikdə Ermənistan-İran hökumətlərarası komissiyasının növbəti iclasına sədrlik edib.

Chitchian bəyan edib ki, ikigünlük görüş tərəflər arasında "hərtərəfli əməkdaşlıq sənədi"nin imzalanmasıyla başa çatıb: “Sənəddə enerji, elektrik enerjisi mübadiləsi, təbii qaz, bank və sığorta, eləcə də ticarət sahəsində əməkdaşlıq əksini tapıb". İtan nazirinin bu sözlərini "Mehr" xəbər agentliyi yayıb.


“İran çox maraq göstərir”

"Ermənistan ərazisində azad ticarət zonası” yaradacaqlarını söyləyən iranlı nazir bunu nəzərdə tutan sənədin İran prezidenti Hassan Rouhani-nin Ermənistana səfəri ərəfəsində imzalandığını da bildirib.

Ermənistanın Enerji İnfrastrukturları və Təbii Ehtiyatlar nazirliyi Ermənistan-İran hökumətlərarası komissiyasının ortaq anlaşma memorandumunu qəbul etdiyini açıqlayıb. Chitchian-ın açıqlamasında məhz bu sənəddən söhbət getdiyi güman olunur.

Nazirlik onu da bildirib ki, “İran tərəfi Ermənistan-İran sərhədində yaradılması planlaşdırılan azad iqtisadi zonaya dair əməkdaşlığa böyük maraq göstərdiyini və hazır olduğunu söyləyib”.


Azad İqtisadi Zona Meğridə yaradılacaq?

Rəsmi Yerevan vergilərdən azad iqtisadi zona ilə bağlı planlarını ilk dəfə avqust ayında açıqlayıb. Baş nazir Hovik Abrahamian bildirib ki, azad iqtisadi zona Ermənistanın ən cənub bölgəsində - İranla sərhəddə yerləşən Meğri rayonunda fəaliyyət göstərəcək.

Hovik Abrahamian-ın sözlərinə görə, iranlı iş adamları bu zonada istehsal müəssisələri yarada, buraxılan məhsulu heç bir vergi ödəmədən Rusiyaya və Avrasiya İqtisadi Birliyinin (AİB) üzvü olan digər ölkələrə ixrac edə biləcəklər.

Ermənistan hökumətinin məlumatına görə, ötən il ölkənin İranla ticarət dövriyyəsi 276 milyon dollar olub. Məlumatda bu il həmin göstəricinin aşağı düşdüyü qeyd edilir.


İqtisadi əlaqələr siyasi münasibətlərdən geri qalıb?

İranın birinci vitse-prezidenti Eshaq Jahangiri dekabrın 5-də Ermənistanın enerji infrastrukturu naziri Ashot Manukian-la görüşərkən, ticarət dövriyyəsi həcminin azalmasından narahatlığını dilə gətirib: “Tehranla Yerevan arasında iqtisadi əməkdaşlığı ləngidən maneələr aradan qaldırılmalıdır. Təəssüf ki, iqtisadi əlaqələr və ticarət yüksək səviyyədə olan siyasi münasibətlərdən… geri qalıb. Ona görə də ortaq komissiya bu məsələdə daha fəal olmalıdır".

Ermənistanla İranı birləşdirən yeni enerjiötürücü xətt çəkiləndən sonra iki ölkə arasında ticarət dövriyyəsinin xeyli artacağı gözlənilir. 120 milyon dollara başa gələcək bu xəttin 2019-cu ildə hazır olacağı deyilir. Xətt hazır olandan sonra İran təbii qazından əldə edilən elektrik enerjisinin İrana satışı artacaq.

Ermənistan Enerji İnfrastrukturları nazirliyi bildirir ki, ortaq komissiya sözügedən ötürücü xəttin tikintisinin sürətləndirilməsini də müzakirə edib.


İran qazının Ermənistan üzərindən tranziti?

Ermənistan ötürücü xətt çəkilişinin başa çatmasından öncə də İran qazının idxalını artırmaq niyyətindədir. Bu məqsədlə bir ay öncə Ermənistan hökumətinin nümayəndə heyəti İran Milli Qaz İxracatı Şirkətinin nümayəndələri ilə danışıq aparıb. Manukian-ın müavinlərindən biri - Hayk Harutiunian bildirib ki, danışıqlar zamanı İrandan alınacaq əlavə qazın qiyməti və İran qazının Ermənistan üzərindən tranziti müzakirə olunub.

İndi Ermənistan 2008-ci ildə çəkilmiş qaz kəməri vasitəsilə İrandan ildə 500 milyon kubmetrədək qaz idxal edir. Müqayisə üçün: Ermənistan Rusiyadan ildə 2 milyard kubmetr qaz alır.