www.DOGRU.tv - Onlayn Televiziya » Siyasət » “Hər şeyə hazırlıqlı olmalıyıq”- Vahid Əhmədov

“Hər şeyə hazırlıqlı olmalıyıq”- Vahid Əhmədov

Bölmə: Siyasət
“Hər şeyə hazırlıqlı olmalıyıq”- Vahid Əhmədov

Maliyyə Nazirliyinin açıqlamalarına görə, 2017-ci ilin dövlət büdcəsi layihəsində Azərbaycan neftinin 1 bareli 40 dollardan götürüləcək.

Yarana biləcək risklərdən qorunmaq məqsədi ilə qiymətlər 3 ssenari üzrə - pessimist qiymətin 1 bareli- 35 ABŞ dolları, baza qiyməti - 40 ABŞ dolları, optimist - 45 ABŞ dollardan hesablanacaq.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Modern.az-a növbəti il üçün daha çox hansı ssenarinin aktiv olacağını açıqlayıb:

“Hər şeyə hazırlıqlı olmalıyıq”

“Ümumiyyətlə, 2016-cı ilin büdcəsi də təsdiq ediləndə ehtiyatlı büdcə sxemindən istifadə edilmişdi. Çünki, dünyada iqtisadi böhran gedir və bunu hamı anlayır. O cümlədən Maliyyə Nazirliyi, hökumət və digər qurumlar başa düşür ki, neftin qiyməti çox kəskin dəyişib. 2017-ci ilin dövlət büdcəsində neftin qiyməti 40 dollardan götürülüb. Mən bunu əvvəldən də təklif etmişdim ki, neftin 1 barelinin qiyməti 40 dollardan götürülsün.

Proqnozlara görə, neftin qiyməti 40-50 dollar səviyyəsində qərarlaşacaq. Buna baxmayaraq, hər zaman ehtiyatlı büdcə sxemindən istifadə etmək lazımdır. Artıq vəsait olacaqsa, dövlətə qalacaq. Buna görə, hər şeyə hazırlıqlı olmaq lazımdır”.

Büdcəyə nəzarət mexanizmi gücləndirilir

İqtisadçı-deputat büdcə xərclərində son dərəcə ehtiyatlı davranmağın vacibliyini vurğulayıb:

“Elə etmək lazımdır ki, böyük xərclərə gedilməsin. Bizi narahat edən məsələ büdcənin xərclərinin nizam-intizamının qorunub-saxlanmasına çalışmaqdır.
Burada nəzarət mexanizmini daha da gücləndirmək lazımdır”.

V.Əhmədov proseslərə nəzarət üçün Milli Məclisin gündəliyinə bəzi məsələlərin daxil edildiyini açıqlayıb:

“Bu işlərin davamı kimi Hesablama Palatası ilə əlaqədar gündəliyə yeni məsələ daxil edilib. Biz hesab edirik ki, həm “Hesablama Palatası” haqqında, həm də “Dövlət Maliyyə Nəzarəti” haqqında Qanun tez bir zamanda qəbul edilməlidir ki, büdcəninin xərc hissəsinə nəzarət mexanizmi daha da güclənsin və lazım olmayan yerlərə vəsait xərclənməsin.

Fikir verdinizsə, dövlət başçısı, cənab İlham Əliyev satınalmalarla əlaqədar qərar imzaladı. Məsələlər nəzarətdədir və bu istiqamətlərdə müvafiq addımlar atılır. Çünki, hamı hiss edir ki, dünya arenasında baş verənlər müəyyən qədər bizə də təsir edir. Ona görə də, büdcənin xərclənməsində daha çox ehtiyatlı davranmaq lazımdır.

Dövlət başçısının göstərişinə uyğun olaraq maliyyə naziri Samir Şərifov elan etdi ki, sosial layihələrin icrasında heç bir sıxıntı olmayacaq. Hətta bildirdi ki, əmək haqlarının artırılmasına baxılacağı gündəmdədir.

Bu baxımdan bəzi investisiya layihələri ki, var, onlar müəyyən müddətə saxlana bilər.
Elə layihələr var ki, biz onları yekunlaşdırmalıyıq. Bakı-Qars dəmir yolu , TANAP-TAP layihələri tamamlanmalıdır. Çünki, Azərbaycan bir neçə il sonra bu layihələrdən külli miqdarda gəlir əldə edəcək”.

İqtisadiyyatın qanunauyğunluqlarına görə, ölkədə əmək haqları və pensiyalar inflyasiya səviyyəsinə uyğun indeksləşdirilməlidir. Maliyyə naziri Samir Şərifovun açıqlamalarına görə, 2016-cı il üçün illik inflyasiya həddi 10-12 faiz proqnozlaşdırılır. Proqnoz reallaşacağı təqdirdə əmək haqları neçə faiz artırıla bilər?

“Referendumdan sonra ciddi struktur islahatları aparılacaq”

Parlament üzvünün sözlərinə görə, bunların hamısı dövlətin vəsait ehtiyatından asılıdır:

“Əgər ehtiyat buna imkan verirsə, vəsait ayrılacaq və maaşlar artırılacaq. Hökumət çalışır ki, inflyasiyanı birrəqəmli etsin. Amma inanmıram ki, ilin axırına kimi birrəqəmli inflyasiyanı saxlamaq mümkün olsun. Mən hesab edirəm ki, inflyasiya ikirəqəmli olacaq. Və buna uyğun da əmək haqqı artımına gedilə bilər. Samir Şərifovun bu barədə fikirləri tamamilə düzgündür. Dövlətin ehtiyatı olsa, bu kimin üçündür? Camaat üçündür və xərclənəcək. Digər tərəfdən müəyyən problemlər var ki, onların həlli üçün hökumət və qurumlarda da struktur islahatları aparılmalıdır. Yəqin ki, prosesə start veriləcək və bu da müəyyən qədər dövlət büdcəsinə qənaət etməyə imkan verəcək. Çünki, referendumdan sonra ciddi iqtisadi, siyasi islahatlar aparılması gözlənilir”.
Modern.az