SON DƏQİQƏ

Azərbaycan erkən parlament seçkisinə hansı şəraitdə gedir? ATƏT-in hesabatında

Tarix:27-12-2019, 14:02

Azərbaycanda son seçkilərdən bəri seçki qanunvericiliyində sərbəst toplaşmaq, ifadə azadlığı və seçki idarəçiliyinin tərəfsizliyi, namizədlərin qeydiyyatı, media mühiti və seçki günü prosedurları ilə əlaqəli heç bir dəyişiklik aparılmayıb, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu bildirib.

Qurum Azərbaycanda erkən parlament seçkisiqabağı mühit və seçkiyə hazırlıq prosesinin qiymətləndirilməsi ilə bağlı yaydığı hesabatında bildirib ki, bəzi tövsiyələri nəzərə alınmayıb.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (ATƏT-in DTİHB) Ehtiyacların Qiymətləndirilməsi Missiyasının Azərbaycanda 19-21 dekabrda apardığı müşahidələr və müxtəlif siyasi və ictimai dairələrdə keçirdikləri görüşlər nəticəsində bu hesabatı hazırlayıb.

Gültəkin Hacıbəyli
Image captionGültəkin Hacıbəyli

ATƏT-in Ehtiyacların Qiymətləndirilməsi Missiyası ilə Bakıda görüşən Milli Şuranın Kordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli üçün belə bir hesabat gözlənilməz deyil.

Onun sözlərinə görə, elə onun özü də ATƏT nümayəndələri ilə görüşündə ölkədə azad-demokratik seçkilərin keçirilməsi üçün heç bir mühitin olmaması, təzyiq, təqib və repressiyaların mövcudluğu ilə bağlı fikirlər səsləndirib.

Gültəkin Hacıbəyli deyib ki, görüşdə iştirak edən müxalif siyasi partiya nümayəndələri bu məsələdə eyni mövqedən çıxış ediblər.

O, ATƏT-in hesabatını "obiyektiv yanaşma" sayır, deyir ki, bu, "bütün prosesə qısa qiymət" olsa da "kifayət qədər həqiqətləri" əks etdirir.

"Ötən seçkidən bu yana heç bir irəliləyişin qeydə alınmamasını, ATƏT-in tövsüyələrinin icra edilməməsini göstərirlər, xüsusi ilə seçki islahatları, sərbəst toplaşmaq, media azadlığı sahələrində çox ciddi geriləmələrin olduğunu qeyd edirlər", Gültəkin Hacıbəyli deyib.

Səməd Seyidov
Image captionSəməd Seyidov

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Avropa Şurası və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Azərbaycanda erkən parlament seçkilərini müşahidə etmə qərarını alqışlayır.

Amma onun hesabata münasibəti birmənalı deyil. Səməd Seyidov hesab edir ki, "lazimi qanunlar Azərbaycanda mövcuddur və bu seçkilər də həmin qanunlarla keçiriləcək. Seçki qanunvericiliyi hansısa sual doğuran bir məsələ deyil".

Onun sözlərinə görə, seçkidə qeydiyyatla bağlı heç bir məhdudiyyət yoxdur. "Yeni Azərbaycan Partiyasından başqa həm müxalifət partiyaları, həm bitərəf namizədlər artıq qeydiyyatdan keçiblər. Mən hər hansı bir şəxsin namizədliyinin qeydə alınmaması kimi hal eşitməmişəm", Səməd Seyidov hesabatda yer alan fikirlərlə bağlı bildirib.

Millət vəkilinin fikrincə, belə missiyaların Azərbaycana gəlməsinə və seçkiləri geniş tərkibdə müşahidə etməsinə imkan yaradılması ona dəlalət edir ki, hər hansı bir problem yoxdur.

Azər Qasımlı
Image captionAzər Qasımlı

"Hərəkət" seçki blokunun üzvü Azər Qasımlı hesab edir ki, parlament seçkilərinə artıq 2 aydan da az müddət qalıb və bundan sonra seçki qanunvericiliyini dəyişmək mümükün olmayacaq.

O qeyd edib ki, hesabatda əksini tapan iki məsələyə diqqət yetirmək vacibdir: namizədlərin qeydiyyat məsələsi və "karusel" əməliyyatları və digər saxtalaşdırma tədbirləri.

"Hakimiyyət uğur qazana biləcək namizədlərin qeydiyyatının qarşısını almasın. Əvəvlki ilərdə təcrübə var ki, hakimiyyət mövcud 125 dairədən müxalif namizədlərin sayının 30-40-ı keçməməsinə çalışırdı. Bu məsələləri diqqətdə saxlamaq lazımdır", Azər Qasımlı bildirib.Onun sözlərinə görə, ikinci məsələ isə seçki saxtakarlığı məsələsidir ki, ATƏT-in uzunmüddətli və qısamüddətli müşahidəçilərinin seçki prosesini izləməsi saxtakarlığın qarşısının alınmasında "böyük bir iş ola bilər".

"Onlar elan ediblər ki, 350 qısamüddətli müşahidəçi göndərəcəklər. Belə ki, hər dairədə üç ATƏT müşahidəçisi olsa, bu, seçkilərin müəyyən mənada demokratik keçirilməsinə müsbət təsir edə bilər", Azər Qasımlı bildirib.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ