SON DƏQİQƏ

Müxalifət parlament seçkisinə hansı şərtlərlə gedir?

Tarix:3-12-2019, 15:08

Ölkədə növbədənkənar parlament seçkisinin keçirilməsi gözlənilir. Dekabrın 2-də Milli Məclis parlamentin buraxılması ilə bağlı dövlət başçısına müraciət edib.

Bundan öncəki parlament seçkilərini boykot edən müxalifət partiyaları isə bu seçkiyə hansı şərtlər altında gedib-getməyəcəyinin müzakirəsinə başlayıb.

Demokratik Qüvvələrin Milli Şurası "təcili şəkildə" indiki Milli Məclis buraxılmadan ən vacib seçki islahatları həyata keçirilməsini və ölkədə minimum da olsa, seçki mühiti yaradılmasını tələb edir.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli BBC News Azərbaycancaya deyir ki, Milli Şuranın tələbləri yerinə yetirilməyəcəksə, indiki şərtlər altında seçkiyə qatılmayacaqlar.

"Tələblər yerinə yetirilməsə, deməli, söhbət bir klanın adamlarının parlamentə gətirilməsindən gedəcək. Seçki olmayacaqsa, seçki imitasiyasında rol almaq fikrimiz yoxdur", partiya sədri bildirir.

Müsavat partiyası başqanı Arif Hacılının qənaətincə, bu ilin əvvəlindən nəzərə çarpan Azərbaycan hakimiyyətinin ritorikası bu tələblərin yerinə yetirilməsini diktə edir. O, prezident İlham Əliyevin Novruz bayramı çıxışında ölkədə ciddi siyasi islahatlar həyata keçiriləcəyini bəyan etdiyini xatırladır. Müsavat başqanı islahatlara növbədənkənar parlament seçkilərində "az-çox demokratik şərait yaratmaqla" başlamağın mümkün olduğunu bildirir.

Tələblərə gəlincə, Milli Şuranın da, Müsavatın da tələblər eynidir. "Bizim tələb etdiklərimizin hamısı 2005-ci il seçkilərində mövcud olmuş minimal imkanlardır", Əli Kərimli bildirir.

2005-ci ildə olanlar

Yada salaq ki, 2005-ci ildə mayında Seçki Məcəlləsinin 43 maddəsinə əlavə və dəyişiklik olunub.

İsa Qəmbər, Əli KərimliFotonun müəllifiALEXANDER NEMENOV
Image captionƏli Kərimli (sağda) Müsavat partiyasının sabiq başqanı İsa Qəmbərlə birlikdə yeni parlament seçkilərinin keçirilməsi tələbi ilə keçirilən nümayişdə iştirak edir. 2005-ci il.

Seçki komissiyaları yenidən formalaşdırılıb.

Prezident seçkilərin keçirilməsi ilə bağlı iki sərəncam imzalayıb. Bunlardan biri seçki praktikasının təkmilləşdirilməsi, ikinsisi, seçkilərin keçirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlərə dairdir. Həmin il ilk dəfə Azərbaycanda exit-pol keçirilib, səsvermə zamanı "karusel"i önləməkdən ötrü barmağa görünməyən mürəkkəb vurulub.

Prezident sərəncamlarında deyilirdi ki, icra hakimiyyəti orqanları, məmurlar seçki prosesinə qanuna zidd olaraq müdaxilə edərlərsə və ya seçkidən sonra siyasi mənsubiyyətə görə vətəndaşları təqib edərlərsə məsuliyyətə cəlb olunacaqlar. Sərəncamlarda sərbəst toplaşmaq azadlığının təmin olunması da tapşırılırdı.

Doğrudur, 2005-ci il seçkiləri də saxtakarlıqlara, müdaxilələrə görə beynəlxalq qurumlar tərəfindən tənqid edilib. Ancaq siyasətçilər o zaman seçkinin demokratik keçirilməsi üçün minimal, ilkin şəraitin olduğunu vurğulayırlar.

AXCP və Müsavatın tələbləri

Əli Kərimli 14 il sonra yenidən seçki komissiyaları məsələsinə qayıdır. Onun sözlərinə görə, ilk növbədə seçki komissiyaları dəyişdirilməlidir: " Hazırkı komissiyalar dəfələrlə seçkilərin saxtalaşdırılmasında iştirak ediblər və onların saxtalaşdırmaları ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin 100-dən artıq qərarı var".

İkinci tələb deputatlığa namziədlərin qeydə alınması prosedurunun sadələşdirilməsi ilə bağlıdır. AXCP sədri xatırladır ki, əvvəllər Mərkəzi Seçki Komissiyası toplanan imzaların saxta olduğunu müəyyənləşdirdikdə belə depozit qoymaqla həm prezidentliyə, həm də deputatlığa namizədlər qeydiyyata alına bilirdilər.

2005-ci il mitinqiFotonun müəllifiALEXANDER NEMENOV
Image caption2005-ci il. Müxalifət seçkilərin nəticələrinə etiraz olaraq nümayiş keçirir.

"İndi yalnız imza toplamaqla deputatlığa namizədlər qeydə alınır. Onun da ağır nəticələrini biz 2010-cu ildə yaşamışıq. O zaman AXCP-Müsavat blokunun namizədlərinin 66 faizi seçkiyə buraxılmadı. Bunun təkrarlanmaması üçün Seçki Məcəlləsinə dəyişiklik olunmasını tələb edirik".

Arif Hacılı tələblər siyahısını bu şəkildə davam etdirir: "Əsas tələblər söz və ifadə, sərbəst toplaşmaq azadlığının təmin edilməsi, bərabərhüquqlu siyasi rəqabət şəraitinin yaradılması, seçki komissiyalarının formalaşmasında iddiaçı tərəflərin də iştirakının təmin edilməsi ilə bağlıdır. Eləcə də seçki kampaniyasının müddəti uzadılmalıdır, həmin dövrdə ictimai diskusiyaların, televiziyalarda debatların təşkili də partiyanın tələbləri sırasındadır".

Müsavat başqanı "bu tələblər qəbul olunarsa seçkilərdə hökmən iştirak edəcəyik" söyləyir. Ancaq təkliflər qəbul edilməsə və ya qismən yerinə yetirilsə o zaman partiya atacağı addımlarla bağlı son qərarını bu həftə ərzində verəcək.

Bununla belə, Arif Hacılı boykot qərarının verilmədiyini, indilik müzakirələr aparılığını bildirir. O, son illər boykot qərarının məcburiyyətdən verildiyini də vurğulayır.

ReAL hər bir halda seçkilərə qatılacaq

ReAL isə istənilən halda seçkilərə qatılacağını ilk gündən bəyan edib. BBC News Azərbaycancaya danışan İlqar Məmmədov deyir ki, seçki iştirak etməkdən ötrüdür.

İlqar Məmmədov
Image captionReAl sədri İlqar Məmmədov deyir ki, seçki iştirak etməkdən ötrüdür.

"Heç kim ideal şərait yaradaraq deməyəcək ki, gəl seçkini ud. Azərbaycan siyasətində seçkiyə prosedur yanaşmasına son qoyulmalıdır. Seçkiyə siyasi yanaşma göstərilməlidir. 26 ildir Azərbaycan müxalifəti seçkiyə prosedur münasibəti göstərir. Biz siyasi münasibət göstəririk və bu halda uğur qazanmaq şansı daha yüksəkdir".

İlqar Məmmədovun sözlərinə görə, aparılan araşdırmalar sübut edir ki, bütün dünyada boykotların 96 faizi hakimiyyətə xidmət edir.

"Əgər bu şəraitdə seçkiləri qazanacaqlarını düşünürlərsə buyurub qazansınlar", AXCP sədri Əli Kərimli ReAL sədrinin tənqidlərinə cavab olaraq deyir. Ancaq sual edir: "Prosedur yanaşma nə deməkdir? 2005-ci il seçkilərində bizim etdiklərimiz göz qabağındadır. 2010-cu ildə də bütün mərhələləri keçmişdik, 100-ə qədər şikayət Avropa İnsan Hüquqları Məhkəməsində bizim - AXCP ilə Müsavatın xeyrinə həll olunub".

Doğrudur, ReAL-ın da hakimiyyət qarşısında şərti var. Başlıca şərt parlament seçkilərinə beynəlxalq müşahidəçilərin dəvət edilməsidir. Bundan başqa, İlqar Məmmədov seçkilərə qədər proporsional sistemin bərpası, vitse-prezident vəzifələrinin ləğvi, prezidentin səlahiyyət müddətinin 5 ilə endirilməsi və s. ilə bağlı referendumun keçirilməsini daha məqbul sayır. Onun fikrincə, bu addım seçkilərə etimadı artırmış olardı.

"Ən vacib tələblərimizdən biri dekabrda siyasi məhbusların ənənəvi əfv sərəncamı ilə buraxılmasıdır".

Real sədri hesab edir ki, bu tələblər yerinə yetirilməyəcəyi halda bunun siyasi məsuliyyətini hakimiyyət seçkilər zamanı daşımalı olacaq.

Dekabrın 3-də bir sıra müxalifət partiyaları, ekspertlər bir araya gələrək növbədənkənar parlament seçkilərini müzakirə edəcəklər.

 
скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ