www.DOGRU.tv - Onlayn Televiziya » Siyasət » Seçki planına müqavimət göstərən icra başçıları – (SİYAHI)


Seçki planına müqavimət göstərən icra başçıları – (SİYAHI)

Bölmə: Siyasət
Seçki planına müqavimət göstərən icra başçıları – (SİYAHI)
Parlament seçkilərinin keçiriləcəyi gün bəlli olduqdan sonra bəzi rayonların icra başçıları daha da fəallaşıblar.
Mia.az-a xəbər verir ki, bəzi rayon rəhbərləri özlərinə münasib olan şəxsləri bu dəfə parlamentdə görmək istəyirlər. Məsələnin ən maraqlı tərəfi isə odur ki, icra başçıları bu zaman hakim Yeni Azərbaycan Partiyasının siyahısının açıqlanıb-açıqlanmamasına da əhəmiyyət vermirlər:
«Məsələn, Daşkəsənin icra başçısı Əhəd Abıyev, Zərdabın icra başçısı Lütvəli Babayev, Salyanın icra başçısı Tahir Kərimov açıq şəkildə hakim partiyaya meydan oxuyurlar. Onlar budəfəki seçkidə partiyanın və yuxarı instansiyanın deyil, məhz özlərinin rəy verdiyi şəxsin Milli Məclisə seçilməsinə çalışacaqlarını gizlətmirlər. Hətta bu məqsədlə bir neçə namizəd olacaq şəxslə indidən danışıqlar da aparıblar».
Mənbə son günlər Zərdabın deputatı Jalə Əliyevaya qarşı aparılan kampaniyanı da icra başçısı Lütvəli Babayevin xidməti sayır: «Bəli, icra başçısı öz namizədinə problem yarada biləcək namizədi bəribaşdan zərərsizləşdirməyə çalışmaqla yanaşı, hakim dairələrə də bununla mesaj verməyi düşünüb».
Daxil olan məlumatların təhlilindən görünür ki, Göyçayın icra başçısı Mübariz Ağayev, Tərtərin icra başçısı Müstəqim Məmmədov, Sumqayıtın icra başçısı Eldar Əzizov, Astaranın icra başçısı Qəzənfər Novruzov, Masallının icra başçısı Rafil Hüseynov, Bakının Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Nəsiminin icra başçısı Nəsib Məhəməliyev, Sabunçunun icra başçısı Adil Vəliyev və digər bir neçə icra başçısı da YAP-ın və Prezident Administrasiyasının rəyini də öz xeyirlərinə dəyişdirməyə can atırlar: “Hətta bu icra başçılarının arasında elələri var ki, öz övladlarını deputat seçdirmək istəyirlər…”.
Bu və ya diər məlumatlarla bağlı fikirlərini bölüşən ekspertlər isə deyir ki, bu seçki bəzilərinin düşündüyü kimi, hakimiyyət üçün asan olmayacaq: «Doğrudur, artıq seçici faktoru bu seçkidə ciddi rol oynamayacaq. Ona görə də bəziləri düşünür ki, bu dəfə seçki asan olacaq. Lakin həmin adamlar yanılırlar. Seçki bu dəfə hakimiyyətdaxili qrupların maraqları baxımından çox gərgin olacaq. Hər halda yerlərdə seçkinin nəticəsinə ciddi təsir göstərmək iqtidarında olan icra başçılarının da belə sevdaya düşməsi, bu gərginlikdən xəbər verir. Qarşıdakı iki ayda isə bu gərginlik daha da artacaq».