SON DƏQİQƏ

Həmsədrlər Azərbaycan və Ermənistanı "atəşkəsin ciddi şəkildə müşahidə olunmasına" çağırır

Tarix:21-06-2019, 11:53

ATƏT-in Minsk qrupu həmsədrləri Azərbaycan və Ermənistanı "sülhə uyğun və əsaslı danışıqlara əlverişli bir atmosferin bərpası üçün təcili tədbirlər görməyə çağırıblar", qurumun bəyanatında deyilir.

Həmsədrlərin bəyanatı Washington-da Azərbaycan və Ermənistanın Xarici İşlər nazirləri arasında Dağlıq Qarabağ münaqişəsinin tənzimləməsi üzrə üç saatdan çox davam etmiş görüşdən sonra gəlir.

XİN başçılarının görüşü cəbhə xəttində vəziyyətin gərginləşməsi şəraitində baş tutub.

Onlar tərəfləri atəşkəsin ciddi şəkildə müşahidə olunmasına və hər hansı bir provokativ hərəkətdən, o cümlədən təmas xəttində və beynəlxalq sərhəddə snayperlərdən və mühəndislik işlərindən çəkinmək öhdəliklərinin olduqlarını təsdiqləməyə çağırıblar, sənəddə deyilir.

Həmçinin deyilir ki, Xarici İşlər nazirləri mediatorların bölgəyə son səfəri zamanı təklif etdikləri humanitar və təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi ilə bağlı mövqelərini və gözləntilərini aydınlaşdırıblar.

Həmsədrlərlə görüşdə "xarici işlər nazirləri eskalasiya riskini azaltmaq üçün sürətli reaksiya verməyə imkan yaradan mövcud birbaşa əlaqə imkanlarından tam yararlanmanın əhəmiyyəti barədə razılaşıblar".

Məlumata görə, bu görüşdə yaxın müddətdə həmsədrlərin himayəsi ilə XİN rəhbərlərinin növbəti görüşün keçirilməsinə dair razılıq əldə olunub.

Görüşdən sonra Azərbaycan tərəfi xarici işlər nazirlərinin görüşünü təşkil etdiyi üçün ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi qismində ABŞ-a minnətdarlıq edib, Azərbaycan XİN məlumat yayıb.

"Hesab edirik ki, bu kimi görüşlər müsbət xarakter daşıyır və danışıqlar prosesinin irəli aparılmasına xidmət edir", bəyanatda deyilir.

Minsk qrupu həmsədrlərinin vasitəsilə təşkil edilmiş görüşdə həmçinin Dağlıq Qarabağ münaqişəsi üzrə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andrzej Kasprzyk da iştirak edib.

Elmar Məmmədyarov və Zohrab Mnatsakanyan yanvar ayında Moskvada və aprel ayında Parisdə görüşüblər.

ABŞ rəsmiləri ilə görüşlər

XİN başçılarının danışıqlarından əvvəl ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri John Bolton tərəflərlə təkbətək görüşlər keçirib.

Elmar Məmmədyarov və John BoltonFotonun müəllifiMFA AZERBAİJAN
Image captionİyunun 19-da Elmar Məmmədyarov ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri John Boltonla görüşüb

Azərbaycan XİN-in yaydığı məlumata görə, Elmar Məmmədyarov və John Bolton Qarabağ tənzimləməsilə yanaşı Yaxın Şərq bölgəsində mövcud vəziyyəti və "qlobal gündəlikdə duran" məsələləri müzakirə ediblər.

BBC-yə danışan mənbələr bildirir ki, John Bolton qafqazlı diplomatlara ölkəsinin İran və Rusiya ilə bağlı məsələlərə dair mövqeyini çatdırıb.

"Bolton diqqətini İranda cəmləşdirir", - ABŞ-dakı Carnegie fondunun təhlilçisi Paul Stronsky BBC-yə bildirib.

Zohrab Mnatsakanyan və John BoltonFotonun müəllifiMFA ARMENİA
Image captionİyunun 20-də John Bolton Ermənistan xarici işlər naziri Zohrab Mnatsakanyanla görüşüb

Ermənistan XİN mətbuat xidmətindən aldığımız məlumata görə, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri ilə Ermənistan XİN rəhbəri Dağlıq Qarabağ probleminin dinc yolla həlli prosesi, Ermənistanda və bölgədə təhlükəsizlik, eləcə də AB-Ermənistan ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Ermənistan və Azərbaycan 20 ildən çoxdur ki, BMT-nin Azərbaycan ərazisi kimi tanıdığı Dağlıq Qarabağ uğrunda silahlı münaqişədədir.

1994-cü ildə atəşkəs sazişi bağlansa da, tərəflər tez-tez atəşkəsin pozulması xəbərləri verir.

ABŞ, Fransa və Rusiyanın daxil olduğu Minsk qrupu həmin vaxtdan etibarən münaqişəni həll etməyə çalışır.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ