SON DƏQİQƏ

“Kölgə iqtisadiyyatı”na qarşı mübarizə: “Ya biznesi seç, ya da vəzifəni...”

Tarix:20-02-2019, 11:17

"Kölgə iqtisadiyyatı”nın azaldılması istiqamətində atılan addımlar real nəticələrə nail olmağa imkan verəcəkmi?

Azərbaycanda "kölgə iqtisadiyyatı”nın azaldılması üçün ciddi tədbirlər həyata keçirilir. Bu barədə fevralın 18-də keçirilən konfransda həm vergilər naziri, həm də Dövlət Gömrük Komitəsinin sədri məlumat verib.

Nazir Mikayıl Cabbarov bildirib ki, 2019-cu ildə vergi sahəsində keçirilən işlərin prioritetləri əvvəlki kimi qalır: "Əsas məqsədlər ”kölgə iqtisadiyyatı" ilə mübarizədir. Vergi sistemində islahatların aparılması zamanı Vergilər Nazirliyinin qarşısında iki mühüm ssenari var idi. Birincisi, vergi yükünün artırılması yolu ilə gedərək daxilolmaları artırmaq, ikincisi isə vergi yükünü azaltmaqla kölgəyə çəkilmiş bütün biznes strukturlarını, vergi ödəyicilərini geniş və bərabərhüquqlu vergi ödəməyə cəlb etmək idi. Azərbaycan hökuməti ikinci yolu seçdi".

M.Cabbarov konkret rəqəmlər də səsləndirib: "Sizə bəzi rəqəmləri demək istəyirəm. Bu rəqəm həmin məsələlərlə bağlı müəyyən fikir yaradacaq. 2018-ci ildə aparılan vergi nəzarəti tədbirləri nəticəsində iri topdansatış obyektlərində 930 milyon manat, market şəbəkələrində 122 milyon manat, özəl tibb müəssisələrində isə 230 milyon manat vəsaitin vergidən gizlədilməsi aşkar edilib”.

DGK sədri Səfər Mehdiyevin verdiyi məlumata görə isə sadəcə, malların və nəqliyyat vasitələrinin düzgün qiymətləndirilməsi və bəyan edilməsi, "kölgə iqtisadiyyatı”nın aradan qaldırılması ilə bağlı köklü islahatların həyata keçirilməsi nəticəsində 1 milyard manatdan artıq vəsaitin dövlət büdcəsinə köçürülməsi təmin olunub.

"Kölgə iqtisadiyyatı”nın azaldılması istiqamətində atılan addımlar real nəticələrə nail olmağa imkan verəcəkmi? Daha hansı tədbirlər həyata keçirilməlidir ki, kölgə iqtisadiyyatının həcmi kəskin şəkildə azaldıla bilsin?

Rəşad Həsənov ile ilgili görsel sonucu

İqtisadçı-ekspert Rəşad Həsənov bildirir ki, ölkədə "kölgə iqtisadiyyatı” ilə bağlı ciddi problem var: "İqtisadiyyatın, xüsusilə real sektorun əhəmiyyətli bir hissəsi illeqal fəaliyyət göstərir. Hətta Dünya Bankı bildirir ki, bu göstərici 60 faizin üzərindədir. Müşahidələr göstərir ki, həqiqətən bəzi sahələrdə hətta ”kölgə iqtisadiyyatı"nın səviyyəsi 70 faizdən yuxarıdır. Biznesin əhəmiyyətli bir hissəsi qeyri-qanuni fəaliyyət göstərir, dövriyyəni uçotdan gizlədir. Bu isə fiskal tənzimləmədən tutmuş ümumi bazarın öyrənilməsi, bazara təsir imkanlarının müəyyənləşdirilməsi, eyni zamanda təşviq mexanizmlərinin işləməsinə qədər mənfi təsir göstərir. Amma məsələ burasındadır ki, sahibkar mütləq qeyri-qanuni fəaliyyət göstərməkdə maraqlı deyil. Çünki qeyri-qanuni fəaliyyət göstərən sahibkar çox ciddi psixoloji təzyiqlərlə üzləşir, onun fəaliyyəti müxtəlif formada təzyiqlərə açıqdır. Amma sahibkar buna öyrəşdirilmişdir. Yəni mövcud infrastruktur bu şəraiti formalaşdırıb".

Ekspert qeyd edir ki, son vaxtlar Azərbaycanda "kölgə iqtisadiyyatı”nın azaldılması üçün bir neçə istiqamətdə addımlar atılır: "Bura ilk növbədə vergi qanunvericiliyinə edilən dəyişikliklər, vergi-gömrük əlaqələndirilməsi yolu ilə uçotun izlənilməsi imkanlarının ortaya qoyulması daxildir. Bundan başqa, ikinci bir yol da tətbiq olunmağa başlayır. Yəni biznes münasibətlərinin digər tərəfi olan vətəndaşlar prosesə cəlb olunur. Nağdsız və nağd alış-verişdə ƏDV-nin geri qaytarılması yolu ilə vətəndaşı bu prosesə qoşmaqla ümumi biznesin leqallaşdırılmasına nail olmaq nəzərdə tutulur. Dünya təcrübəsi göstərir ki, yalnız inzibati mexanizmlə yüksək nəticəyə nail olmaq mümkün deyil, mütləq təşviq mexanizmi də formalaşdırılmalıdır. Amma bizdə bir məsələ var: səmimiyyət. Həqiqətənmi bizdə bütün illeqal biznesin leqallaşdırılması məqsədi qoyulub qarşıya? Bu gün müəyyən olunan mexanizmlər siyasi dəstəyini ala biləcəkmi? Əgər siyasi dəstəyini ala biləcəksə, düşünürəm ki, növbəti dövrlərdə vergi yükünün bir az da azaldılması yolu ilə biznesin leqallaşdırılmasına imkanlar formalaşa bilər. Amma məmur biznesinin, inhisarçılığın hər hansı formada dəstəklənməsi kimi mövcud şərtlər dəyişməyəcəksə, bu zaman leqallaşma bəzi hallarda reallıqda ədalətsiz biznes mühitinin formalaşmasına gətirib çıxaracaq. Yəni leqal biznesin vergi və digər fiskal yükü artacaq, amma himayə olunan biznes bu sahədə müəyyən güzəştlər əldə edəcək, xərcləri daha az olacaq. Bu isə leqal biznesin iflas olub dövriyyədən çıxması ilə nəticələnə bilər”.

R.Həsənov təşviq və inzibati metodlarla yanaşı, inhisarçılığa qarşı mübarizənin gücləndirilməsi üçün zəruri olan addımların da atılmasının gərəkdiyini bildirir: "Sadə bir misal. Azərbaycanda Rəqabət Məcəlləsi 12 ildən yuxarıdır ki, müzakirə olunsa da, hələ də qəbul olunması baş tutmur. Sual yananır: nə üçün? Azərbaycan çox kiçik bir bazardır. Bu bazarın xüsusiyyətləri nəzərə alınaraq mütləq və mütləq Rəqabət Məcəlləsi olmalıdır. Eyni zamanda bu məcəllənin işləkliyi təmin olunmalıdır. Burada artıq bu hansı məmurun biznesidir, bunu kim himayə edir kimi prinsiplərə yer olmamalıdır. Eyni zamanda Rəqabət Məcəlləsində bazarın şərtləri nəzərə alınmalıdır. Məsələn, mövcud qanunvericilikdə nəzərdə tutulur ki, bazar payı 33 faizdən yuxarı olan subyekt inhisarçı hesab olunur. Amma hesab edirəm ki, Azərbaycan bazarı kiçik olduğu üçün bu göstərici daha aşağı payı əhatə etməlidir. Bütün bunlara o halda son qoymaq olar ki, məmurla biznes bir-birindən ayrılsın. Ötən parlament seçkilərində qeyri-rəsmi formada da olsa bir prinsip irəli sürüldü ki, ya rektor ol, ya deputat. İndi də eyni prinsip məmurlara tətbiq olunmalıdır: ya biznesi seç, ya da hakimiyyətdəki vəzifəni. Bunu da təzyiq yolu ilə deyil, yumşaq keçid formasında etmək lazımdır. Əks halda, vəsait ölkədən qaçar. Nəzərə almaq lazımdır ki, Azərbaycanda vəsaitlərin mühüm bir hissəsi məmur biznesi yolu ilə qazanılıb. Buna görə də yumşaq keçid mexanizmi seçilməlidir: biznesi seçən məmurlara qarşı hər hansı təzyiq olmamalıdır. Bu ayrılmadan sonra biznesin hamısı üçün eyni şərtlər olacaq və tətbiq olunan mexanizmlər işləyəcək”.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ