www.DOGRU.tv - Onlayn Televiziya » Siyasət » Rza Zərrabın yüz tonlarla qızılı İrana daşımasında Azərbaycan izi

Rza Zərrabın yüz tonlarla qızılı İrana daşımasında Azərbaycan izi

Bölmə: Siyasət
 Rza Zərrabın yüz tonlarla qızılı İrana daşımasında Azərbaycan izi
Türkiyədə ötən il dekabrın 17-də həyata keçirilmiş korrupsiya və rüşvət əməliyyatında həbs olunan, ancaq bu il fevralın 28-də azadlığa buraxılan İran əsilli azərbaycanlı iş adamı Rza Zərrabın beynəlxalq sanksiyaları pozaraq İrana yüz tonlarla qızılı necə daşıdığı barədə istintaq sənədləri yayılıb.


Virtualaz.org saytı xarici mətbuata istinadən xəbər verir ki, istintaq sənədləri internetdə yerləşdirilib və bu dəfə ABŞ-ın maliyyə və biznes çevrələrinə bağlı “Bloomberg” agentliyi onun əsasında araşdırma aparıb.

Agentliyin əməkdaşları Rza Zərrabın İrana gizli yollarla 200 ton qızılı necə daşıdığı, bu əməliyyatda Azərbaycandan da istifadə etdiyi barədə geniş araşdırma dərc edib.

Qeyd edək ki, araşdırma 17 dekabr rüşvət və korrupsiya əməliyyatında həbs olunanların işi üzrə istintaq prosesinin dalana dirəndiyi bir vaxtda dərc edilir.

Xəbər verildiyi kimi, bu əməliyyat Türkiyədə ciddi siyasi böhran yaradıb, Ərdoğan hökumətini sarsıdıb və bir neçə nazirin istefasına səbəb olub. Ərdoğan bu əməliyyatın Türkiyənin ədliyyə və polis sistemində kök salmış fətullahçı şəbəkə tərəfindən təşkil edildiyini, məqsədin onun hökumətini devirmək olduğunu bəyan edib.

Ərdoğan bu əməliyyata cavab olaraq polis və ədliyyə sistemindən fətullahçıları kütləvi təmizləməyə başlayıb. Daha sonra 17 dekabr əməliyyatında tutulanların hamısı yeni təyin edilən hakimlər və prokurorlar tərəfindən buraxılıb. Lakin ittihamlar qalır və işə məhəkəmə baxmalıdır. Əgər istintaq yekunlaşsa, aralarında üç nazir oğlu da olmaqla onlarla iş adamı, bankir və məmur bu korrupsiya işi üzrə məhkəmə qarşısında dayanmalıdır.

“Bloomberg” agentliyi yazır ki, 2013-cü ildə Türkiyənin 800 milyard dollarlıq iqtisadiyyatına cavabdeh olan iqtisadiyyat naziri Zəfər Çağlayan telekanallardan birinə müsahibəsində lirənin zəifləməsi, inflyasiyanın yüksəlməsi və iqtisadi artımın yavaşıması barədə danışmışdı.

Qarşıdakı seçkilər ərəfəsində hökumət üçün yaxşı heç nə vəd etməyən bu göstəricilərin səbəbi ölkənin idxal-ixrac əməliyyatlarında yaranan disbalans idi. Türkiyə ixrac etdiyindən xeyli çox mal və xidmət idxal edirdi. Z.Çağlayan deyirdi ki, hökumət bu vəziyyəti düzəltmək üçün təcili tədbirlər görür.

“Lakin Çağlayan bu müsahibəsində hökumətin disbalansı aradan qaldırmaq üçün hazırladığı gizli plandan bəhs etməmişdi. Bu müsahibədən üç həftə əvvəl Çağlayan Ərdoğanın əmri ilə ixracın həcmini ayda azı 1 milyard dollar artırmağa imkan verən gizli planı razılaşdırmışdı. Bu plan Türkiyə üzərindən İrana qızıl daşınmasını nəzərdə tuturdu” - deyə agentlik yazır.

“Bloomberg” bu əməliyyatın başında yarış atlarını, sürətli maşınları və reaktiv təyyarələri xoşlayan İran mənşəli biznesmen Rza Zərrabın dayandığını yazır. O, İrana yüz tonlarla qızıl ixrac edib Türkiyənin xarici ticarət dövriyyəsində yaranmış disbalansı aradan qaldırmalı idi.

Agentlik yazır ki, Rza Zərrabın İrana ən azı 200 ton qızılı gizli yollarla ixrac etməsi Türkiyə müstəntiqlərinin 2013-cü ildə hazırladığı 300 səhifəlik ittiham aktında bütün detalları ilə təsvir edilib. Bu sənəddə Rza Zərrabın nazirlərə, o cümlədən Zəfər Çağlayana milyonlarla dollar rüşvəti necə verməsi, dövlətə məxsus “Halk Bank” üzərindən tonlarla qızılların İrana necə daşındığı, bu zaman saxta sənədlərdən və “kağız üzərindəki” şirkətlərdən necə istifadə edildiyi göstərilir.

Bildirilir ki, Ərdoğanın əmri ilə başladılan gizli əməliyyat zamanı Rza Zərrab Qanadan tonlarla qızıl alaraq onu Dubay və Türkiyə üzərindən İrana daşıyıb. Əməliyyatda Çində qeydiyyatdan keçmiş şirkətlərdən də istifadə olunub. Bu əməliyyat Türkiyə banklarında sanksiyalara görə ilişmiş İran pullarını xilas edib, eyni zamanda Türkiyənin ixrac həcmini artırıb.

2013-cü ilin iyulundan başlayaraq İrana qızıl və digər qiymətli metalların ixracına qadağa qoyan Amerika sanksiyaları qüvvəyə minsə də Zərrab və adamları qızıl ixracını davam etdiriblər. Onlar qızılı Dubaydan İrana üzən gəmilərə bu dəfə taxıl adı altında yükləyiblər. Sənədlərdə yük taxıl kimi göstərilib, dəyəri isə şişirdilib.

Bildirilir ki, Z.Çağlayan və digər üç nazirin də adı keçən bu korrupsiya əməliyyatının istintaqına dair sənəd naməlum istifadəçi tərəfindən internetdə yerləşdiirlib. Bu sənəd “Bloomberg” agentliyinin Rza Zərrab barədə ilin əvvəlində apardığı araşdırmanın nəticələrini təsdiqləyir.

İstintaq çərçivəsində Türkiyə polisi Rza Zərrabı və nazirləri izləyib, onların dəbdəbəli otellərdəki görüşlərini çəkib. Rza Zərrabın Ərdoğanla ən azı iki dəfə təması da qeydə alınıb.

İstintaq sənədlərindən məlum olur ki, Rza Zərrab ABŞ-ın İrana qızıl ixracına qadağa qoyan sanksiyaları barədə əvvəlcədən informasiyalı olub. R.Zərrab 2013-cü ilin martında - ABŞ-ın sanksiyalarından əvvəl köməkçisi Abdullah Happani ilə telefon danışığında belə deyib: “Bir ay, ay yarım sonra onlar qızılı da dayandırmaq istəyirlər. Gəl bir az yenə göndərək. Moskvadan, Azərbaycandan göndərək, harada sənəd almaq mümkündürsə... Bu işə elə indi, bu həftə başlamaq lazımdır”.

İstintaq sənədlərinə əsasən Rza Zərrab İrana qızıl ixracı üçün Azərbaycanda qeydiyyatdan keçirdiyi, fəaliyyəti kağız üzərində olan şirkətlərdən də istifadə edib.