www.DOGRU.tv - Onlayn Televiziya » Siyasət » “Heç vaxt Rusiyanın adamı olmamışam”


“Heç vaxt Rusiyanın adamı olmamışam”

Bölmə: Siyasət
 “Heç vaxt Rusiyanın adamı olmamışam”
Surət Hüseynov: “Siyasi fəaliyyətlə məşğul olmaq niyyətim yoxdur...”
Keçmiş baş nazir, 1993-cü il 4 iyun qiyamına rəhbərlik etmiş Surət Hüseynov moderator.az saytına müsahibə verib. Müsahibədə o, son günlər adının Rusiyada hansısa diaspor fəaliyyəti ilə məşğul olmaqda hallandırılsa da, mediada bu barədə yayılan informasiyaların şayiə olduğunu deyib.

Daha sonra S.Hüseynov uzun müddətdir Türkiyədə yaşadığını söyləyərək, Rusiya ilə heç bir əlaqəsinin, bağlılığının olmadığını bildirib: “Rusiyada diaspor işi ilə orda yaşayanlar məşğul ola bilərlər. Mənim Rusiya ilə, ümumiyyətlə, heç vaxt bağlılığım olmayıb. Amma hər zaman məni Rusiya ilə bağlamaqda maraqlı olublar”.

“Bəs, sizcə, nədən KİV-də belə məlumatlarla adınızı gündəmə gətirirlər” sualına o, belə cavab verib: “Bu, mənim üçün prinsipial məsələ deyil. Yəqin onlara belə sərf edir. Ancaq həqiqət olmadığından tezliklə hamı unudacaq. Yalan ayaq tutsa da, yeriməz”.

Yaxın gələcəkdə hansısa ictimai-siyasi fəaliyyətlə məşğul olmaq planının olub-olmadığına gəlincə, S.Hüseynov deyib ki, insan cəmiyyətdə yaşayırsa, hər hansı fəaliyyətlə məşğuldursa, deməli, bir növ ictimai həyatın içindədir: “Ancaq ayrıca, sistemli şəkildə ictimai-siyasi fəaliyyətlə məşğul olmaqla bağlı niyyətim, planlarım yoxdur”.

S.Hüseynov 4 iyun Gəncə hadisələri barədə hələ də ünvanına ittihamlar səslənməsinə də münasibət bildirib: “Mən susmamışam və vaxtında sözümü demişəm. Hesab edirəm ki, Qarabağ döyüşlərinin iştirakçıları və o dövrdə ölkədə baş verənləri saf-çürük edənlər həqiqətin harada olduğunu və günahkarların kimliyini bilir. 4 iyun hadisələri haqqında Milli Məclisin 16 iyul 1993-cü il tarixli qərarı var. Bu qərar hadisələrdən dərhal sonra Milli Məclis tərəfindən yaradılmış deputat istintaq komissiyasının rəyi əsasında verilib. Yaxşı olardı ki, KİV-də həmin rəy dərc olunsun, komissiyanın sədri Mətləb Mütəllimov və üzvlərinin fikirləri işıqlandırılsın. Mənə gəlincə, ayrı-ayrı vaxtlarda 4 iyun hadisələri ilə bağlı geniş müsahibələr vermişəm. 4 iyun hadisələri barədə Qarabağda şücaətli komandir kimi tanınan və həmin tarixi canlı yaşayan Nazim Bayramovun silsilə yazılarını izləyirəm. Birmənalı şəkildə qeyd edirəm ki, o yazılar həmin dövrün hərbi əməliyyatları və baş verən eybəcərliklər haqqındakı həqiqəti əks etdirir”.