www.DOGRU.tv - Onlayn Televiziya » Siyasət » Hakimiyyət NİDA-çı məhbuslara əfv ərizəsi yazdırmağa girişdi


Hakimiyyət NİDA-çı məhbuslara əfv ərizəsi yazdırmağa girişdi

Bölmə: Siyasət
Hakimiyyət NİDA-çı məhbuslara əfv ərizəsi yazdırmağa girişdi
İlk müraciəti Bəxtiyar Quliyevdən aldılar

Hakimiyyət NİDA Vətəndaş Hərəkatının həbsdəki üzvlərinə əfv və etiraf ərizələri yazdırmaq üçün fəaliyyətə keçib. Artıq ilk nəticə də var. NİDA-çılardan Bəxtiyar Quliyevin adından ölkə baçşçısı İlham Əliyevə yazılmış əfv diləyi və “etiraf bəyanatı” mediaya, daha dəqiqi, “haqqin.az” və “virtualaz.org” saytlarına ötürülüb.

Bəxtiyar Quliyevin 19 mayda yazılmış bəyanatında deyilir ki, o, həmin gündən NİDA üzvlüyündən imtina edir, çünki, həbsxanada “özünü tapıb” və “təxribatçı qüvvələrin yanlış fikirlərini həyata keçirdiyini dərk edib”. O, adının siyasi məhbuslar siyahısından çıxarılmasını da istəyir.

B.Quliyevin belə bir bəyanat və əfv ərizəsi yazdığını vəkil Nemət Kərimli də “Azadlıq” qəzetinə təsdiqləyib. Vəkil Bəxtiyarın yaxınları ilə dəqiqləşdirib ki, onlar əfv üçün müraciət ediblər və vəkillərdən də imtina edirlər.



Bəxtiyar Quliyevin atası Səməndər Quliyev də “Turan” agentliyinə deyib ki, oğlu NİDA-dan çıxmaq və etiraf ərizəsini könüllü şəkildə yazıb. Atasının sözlərinə görə, Bəxtiyar NİDA tərəfindən aldadılıb, təsir altına alınıb, özü isə təşkilatın məram və məqsədindən xəbərsiz olub. “Biz heç zaman indiki hakimiyyətdən narazı olmamışıq, bizim qohumlar sırasında məmur olanlar var. Bəxtiyarın babası 45 il “DTK”da xidmət eidb. Bir sözlə, Bəxtiyar bu təşkilata təsadüfi düşmüşdü, biz heç vaxt indiki hökumətdən narazılıq etməmişik və bunu hamının bilməsini istəyirik”, deyə Səməndər Quliyev qeyd edib.

Əldə etdiyimiz məlumatlara görə, əfv ərizəsinin və “etiraf bəyanatı”nın yazılması başqa NİDA-çı məhbusların da yaxınlarına, ailə üzvlərinə təklif olunub. Onları buna inandırmaq üçün ciddi səylər göstərilir. Hətta NİDA-çı məhbusların valideynlərinin kollektiv müraciətini təşkil etməyə də təşəbbüslər olub. Lakin bu təşəbbüs ən azı indilik uğursuzluğa düçar olub.

Məlumatlar göstərir ki, qarşıdakı günlərdə də NİDA-çı dustaqlardan hansından mümkün olsa, bu cür əfv və etiraf ərizəsi almağa çalışılacaq.