SON DƏQİQƏ

İrana sanksiyalar ‘alınmayacaq’ – 5 səbəb

Tarix:2-11-2018, 23:27

Noyabrın 5-dən İrana iqtisadi sanksiyaların yeni raundu qüvvəyə minir. Bu sanksiyalar əsasən, ölkənin neft və qaz sənayesini hədəfləyəcək. ABŞ Prezidenti Donald Trump mayda İranla 2015-ci il nüvə sazişindən çıxdığını, sanksiyaların bərpa olunduğunu bildirib.

Sanksiyaların məqsədi nüvə sazişinin məhvi, İran iqtisadiyyatını çökdürmək, İranın Suriya, İraq və Yəmənə müdaxiləsini önləmək və Vaşinqtonun danmasına baxmayaraq, İranın hakim rejimini çökdürməkdir. Bunu "Reuters” informasiya agentliyinin saytında Seyed Hossein Mousavian yazır və iddia edir ki, Trump-ın strategiyasının baş tutmayacağının azı beş səbəbi var. Mousavian vaxtilə İranı nüvə danışıqlarında təmsil edənlərin sözçüsü olub, hazırda Prinston Universitetində Yaxın Şərqdə Təhlükəsizlik və Nüvə Siyasəti üzrə mütəxəssisdir.

AB təmsilçisi Federica Mogherini və İranın xarici işlər naziri Mohammad Javad Zarif
AB təmsilçisi Federica Mogherini və İranın xarici işlər naziri Mohammad Javad Zarif

Birincisi, Birləşmiş Ştatlar İranın neft ixracını sıfıra endirməyə çalışsa da, bunun mümkünsüz olduğu üzə çıxıb. Hazırda İranın gündəlik 2,5 milyon barrel neft ixracını əvəzləyəcək mənbə yoxdur. Səudiyyə Ərəbistanı istənilən çatışmazlığı kompensasiya edəcəyini bildirsə də, ekspertlərin fikrincə, ər-Riyad və müttəfiqləri İran neftinin itkisini tam doldura bilməyəcəklər.

İkincisi, Trump Çinlə ticarət müharibəsi aparır və Vaşinqton Rusiyaya da iqtisadi sanksiyalar tətbiq edib. Deməli, Pekinlə Moskva İran məsələsində Vaşinqtonla əlbir olmayacaqlar. Bundan başqa, Ağ ev Avropa Birliyinin əməkdaşlığına da bel bağlaya bilməz, qurum nüvə sazişinə xarici siyasətin əsas uğurlarından biri kimi baxır.

Üçüncüsü, ABŞ sanksiyaları qlobal maliyyə sistemində tarixi dəyişikliyin əsasını qoyub. On illər boyunca ABŞ dolları beynəlxalq maliyyə bazarlarında dominant mövqedə olub. Ancaq Vaşinqtonun nüvə sazişindən çıxması Rusiya, Çin, Hindistan və Türkiyəni İranla ticarətdə öz valyutalarından istifadəyə həvəsləndirib. Avropa ABŞ dollarından ayrı maliyyə sistemini qura bilsə, digər ölkələr İranla ticarətdə avrodan istifadə edə bilərlər. Bu da Birləşmiş Ştatların qlobal bazarlarda üstünlüyünü azalda bilər.

Dördüncüsü, nüvə sazişini imzalamış digər ölkələr sənədə Amerikanın birtərəfli siyasətinə qarşı bir vasitə sayırlar. Bu məsələ üzrə Vaşinqtona təslim olmaq Birləşmiş Ştatların indiki mövqeyinin gücləndirilməsi demək olar. Bu səbəbdən İran və beynəlxalq ictimaiyyəti nüvə sazişinin qorunmasını strateji baxımdan vacib sayırlar.

Və nəhayət beşincisi, Birləşmiş Ştatların müttəfiqləri olan AB və Yaponiya da nüvə sazişini dəstəkləyir. Bir ovuc ölkə – Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, İsrail Trump-ın sənəddən çıxmaq qərarını dəstəkləyib. Regiondakı digər böhranlarda son baş verənlər də Vaşinqtonun xeyrinə deyil: Rusiya və İranın dəstəklədiyi Bashar al-Assad Suriya müharibəsini udur; Birləşmiş Ştatların Əfqanıstandakı kampaniyası uğursuz olub; Səudiyyə Yəməndə Tehranın dəstəklədiyi husi yaraqlılarını məğlub edə bilmir və sairə.

Müəllifin fikrincə, bütün bunlar Tehranın Vaşinqtonun sanksiyalarından çıxmasını asanlaşdırır və yeni sanksiyalar sadəcə, Yaxın Şərqdə gərginliyi artıracaq, Vaşinqtonun İranla bağlı hədəflərinə çatmasını əngəlləyəcək.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ