SON DƏQİQƏ

Beriyanın Bağırovu təhlükə altına atması - Bir iclasdan “reportaj”...

Tarix:13-09-2018, 22:20

Bu geniş araşdırmada təkcə, Bağırov deyil, onun yaxın ətrafı, Stalindən tutmuş, tarix üçün bu gün də müəmma olan başqa şəxslərdən söz açılacaq...

VIII Hissə

MK Rəyasət Heyətinin iclasından sonra bu təklifdən və ona olan hücumlardan sarsılmış M.C.Bağırov Teymur Quliyevlə və Mir Teymur Yaqubovla məsləhətləşir. Onlar M.C.Bağırova vəziyyətdən çıxmaq üçün təklif edirlər ki, Beriyanın axırıncı zəngi barədə plenumda danışsın.
    
Həqiqətən də L.Beriya Bağırova zəng edib təklif vermişdi ki, mədəniyyət işçilərinin təltif edilməsi üçün Nizami milli ordenini təsis etsinlər. Nizaminin yaradıcılığına böyük rəğbət bəsləyən Bağırov isə qərar qəbul etdi ki, "Şərəf” medalı M.F.Axundov adına təsis edilsin. Bağırov başa düşürdü ki, əgər o, plenumda Beriyanı müsavat hökumətinin agenti kimi təqdim etsə, onda özünü zərbə altına sala bilər. Bu çür tərəddüdlərlə M.C.Bağırov həmin gün saat 2-də başlayan Sov.İKP MK plenumuna qatılır. Plenumda əsas məruzəni SSRİ Nazirlər Sovetinin sədri M.Malenkov edir.
    
Malenkov: "Yoldaşlar, Stalinin vəfatından dörd aya yaxın vaxt keçir. Sizin yadınızdadır ki, bizim müəllimimizin vəfatından sonra bütün dünyada bizim düşmənlərimiz necə qanadlandılar. Onlar bizim sıralarımızın pozulmasına, nizamsızlığa ümid edirdilər.
    
Biz düşmənlərimizin bu düşüncələrini puça çıxardıq, şayiə-lərin  yayılmasına imkan vermədik. MK ölkəmizi inamla Lenin-Stalin yolu ilə apardı.
    
Ancaq yoldaşlar, MK Rəyasət Heyəti (onda Siyasi büro belə adlanırdı-A.M.) MK-nın Plenumuna məlumat verməlidir ki, yoldaş Stalinin ölümündən sonra Beriya şərəfsizcəsinə - bu, sonralar daha çox üzə çıxdı, - bizim birliyimizdən, dostluq səylərimizdən cinayət məqsədləri üçün istifadə edirmiş.
     
Hər şeydən əvvəl, Beriya daxili işlər naziri olarkən vəzifə-dən məharətlə, bacarıqla istifadə edirdi, o, cinayətkar  fəaliyyəti ilə istəyirdi ki, DİN-i partiyadan və hökumətdən üstün tutsun. MK Rəyasət Heyətinin bu məsələ ilə bağlı çoxlu faktları var (qaldı ki bu "çoxlu faktlara”, buna bir qədər sonra  qayıdacağam-A.M.). İndi isə başqa faktı qeyd edək. Malenkov: "...Stalinin ölümündən sonra Beriya hamını güdməyə başlamışdı və fəaliyyətini elə qurmuşdu ki, rəhbər kollektiv bir-birindən ayrılsın, işdə kollektivçilik prinsipi pozulsun, elə etmişdi ki, rəhbər işçilər biri-birindən qorxa-qorxa işləsinlər...
    
MK Rəyasət Heyəti çevik və cəsarətlə hərəkət edərək ciddi  qərar qəbul etdi. Nəzərə alın ki, belə avantürist bir insanın əlində böyük imkanlar var idi. Biz Lenin-Stalin monolit birliyini nüma-yiş etdirərək, kollektivi zəhərlənmiş bu ab-havadan, çürüklükdən və yaradan  təmizlədik. (Sürəkli alqışlar)
    
Rəyasət Heyəti qərara gəldi ki, belə avantürist insanla yolun yarısında dayanmaq olmaz və qərar verdi ki, Beriyanı partiyanın və xalqın düşməni kimi həbs edək.  ("Düzdür” səsləri, sürəkli alqışlar)
     Biz inanırıq ki, hərəkətimiz MK Plenumu tərəfindən yekdilliklə, razılıqla qarşılanacaq”. (Sürəkli alqışlar)
     
Sonra söz A.Mikoyana verilir: "...Zaqafqaziya partiya təş-kilatının yaranmasında Stalinin böyük rolu bütün partiyaya məlumdur və onu heç kim təftiş edə bilməz. Ancaq Beriyanın yazdığı kitabın bir hissəsi düzgün yazılmayıb...
     
Bu kitabı Beriya ümumpartiya rəhbərliyinə keçmək üçün tramplin kimi istifadə etdi və təəssüf ki, məqsədinə nail oldu. Onun bu kitabı bütün dərnəklərdə müzakirə olundu. O, nəzəriyyəçi işçi kimi və sadiq stalinçi kimi şan və şöhrət qazandı. Bundan sonra o, Stalinin inamını qazandı. Stalin deyirdi: "Görürsən, afərin Beriya, tədqiqatlar apardı, materiallar tapdı, öyrəndi, özü üzərində işlədi, yaxşı kitab yazdı.”         
    
...Onun ikiüzlülüyünün başqa bir faktı. Rəhbərimizin ölümündən sonrakı elə ilk günlərində o, şəxsiyyətə pərəstişliyindən danışmağa başladı. Biz başa düşürdük ki, bu məsələdə ifratçılıq hələ Stalinin sağlığında var idi, ancaq yoldaş Stalin bu çür halları kəskin tənqid edirdi. Stalin deyirdi, "mənim ətrafımda şəxsiyyətə pərəstişliyi yaradanlar eserlərdir”. Şəxsiyyətin roluna markscasına yanaşmaq lazımdır. Ancaq, göründüyü kimi, Beriya Stalinin şəxsiyyətə pərəstişliyini dağıtmaq istədi və öz şəxsiyyətinin pərəstişliyini yaratmaq istəyirdi”. (Gülüş)
      
Mikoyanın çıxışından sonra, klassik Stalin funksioneri, SSRİ Nazirlər Sovetinin birinci müavini A.A.Andreyev tribunaya qalxır: "...Şəxsiyyətə pərəstişlik haradansa yarandı. Nə üçün bu məsələ qalxdı? O, marksist ədəbiyyatda çoxdan bəri öyrənilib, həyatda da həll olunub, milyonlarla insan bilir ki, dahi şəxsiyyətin böyük əhəmiyyəti var, hərəkatın başında duran Lenin və Stalinin əhəmiyyəti böyük idi, bəs onda şəxsiyyətə pərəstişlik məsələsi niyə qaldırılırdı. Bu, Beriyanın fırıldaqları idi.
     
Rəyasət Heyətindən Voroşilov: "Düzdür”.
     
Andreyev: "O, yoldaş Stalinin adını dəfn etmək istəyirdi, bu, yoldaş Stalinin varisi yoldaş Malenkova qarşı idi”.
     
Zaldan səslər: "Düzdür”.
     
Xruşşov: "...Belə xain adamla ancaq belə hərəkət etmək lazım idi. Əgər biz ona  desəydik ki o, yaramazdır, mən əminəm ki, bizi məhv edərdi. O bunu bacarırdı... O, zəhərini tökməyi bacarır, o, başqa alçaq işlərə qadir idi... Biz hesab edirdik ki, o, bilsəydi ki iclasda onun məsələsi müzakirə olunur, onda ola bilərdi ki biz bu iclasa gələ bilməzdik, o, öz başkəsənlərini qaldıracaqdı və bir şeytan bilir o bizim başımıza nə oyunlar açacaqdı”.
      
Voroşilov: "...Əgər o, sonra da öz yerində qalsaydı, hökumətin əsas simaları da  eyni bir vaxtda yoxa çıxacaqdı”.
     
Sonra isə Sov.İKP MK katibi N.N.Şatilov plenumda Beriyanın mühafizə rəisi Sarkisovun ifadəsini səsləndirir:
     
"Onun çoxsaylı təsadüfi qadınlar barədə etdikləri mənə məlum idi... Beriya xarici dillər institutunun tələbəsi Maya ilə yaşayırdı. Sonralar o, uşağa qaldı və məcburi qaydada uşağı saldırdı. Beriya 18-20 yaşlarında Lyalya adlı qız ilə yaşayırdı. Beriyadan onun uşağı olur, onunla keçmiş Obruçnikovdakı bağ evində yaşayırdı. 
   
Beriyanın tapşırığı əsasında mən onun yaşadığı qadınların xüsusi siyahısını aparırdım. (Zalda gülüş). Sonra onun göstərişinə əsasən bu siyahını saxladım. Siyahıda 25 qadının familiyası, adı, ünvanları, telefon nömrələri var idi. Bi siyahı mənim evimdə kitelimin cibində saxlanılır. 
    
"Sarkisovun dediyi siyahı tapılıb, - Şatilov izah verir, - onda 39 familiya vardır”.
    
Bir il, ya ilyarım - mən dəqiq göstərdim ki, Beriya fahişələrlə yaşadığı üçün sifilisə tutulub. Onu DİN poli-klinikasının həkimi Y.B. - onun familiyası yadımda deyil,- müalicə edirdi”.
     
Nə demək olar,  Lavrenti Pavloviçin keçmiş silahdaşları onun  vəzifəpərəst, fitnəçi, əxlaqsız tip, hakimiyyətə can atan portretini yaratmağa çalışırdılar. Ancaq bu az görsəndi və Beriyanın cinayət planlarını başqa faktlarla möhkəmləndirmək qərara alındı. Hansılarla?
      
Birinci "fakt”: O vaxt hökumətdə Almaniya məsələsi müzakirə olunurdu, söhbət gedirdi ki, ADR əhalisi arasında böyük narazılıq var, Malenkovun sözlərinə görə, bunun nəticəsində "təxminən 2 ilə Qərbi Almaniyaya 500 min adam qaçmışdı.” Almaniya məsələsini Nazirlər Sovetinin Rəyasət Heyətində müzakirə eliyəndə, Molotovun şahidliyinə görə, Beriya "təklif edirmiş ki, Şərqi Almaniyada sosializm qurmağa ehtiyac yoxdur, yaxşı olar ki, Qərbi və Şərqi Almaniyalar birləşsinlər, bir sülhsevər burjua dövlətinə çevrilsinlər.” 
         
Beriyanı ittiham edənlərin məntiqinə görə, beləsini ancaq düşmən təklif edərdi.
    
İkinci "fakt”. Bildiyimiz kimi, Stalinin vaxtında Yuqoslaviya kommunist hökuməti ilə əlaqələr kəsilmişdi, bu, əslində Tito və Rankoviçin işi idi. Stalinin ölümündən sonra Beriya nə etdi?  Bu barədə plenumda belə danışırdılar.
   
"Onun tərtib etdiyi plan əsasında Belqrad şəhərində Rankoviçə məktub verilməli idi. O, məktubda Beriyanın par-tiyamıza və sovet hakimiyyətinə yabançı fikirləri ifadə olunurdu... Demək lazımdır ki, Beriya həmin məktubda yazırdı ki, "iki ölkənin münasibətlərinin yaxşılaşması üçün əlaqələrə dərindən baxmağa ehtiyac var”; "bununla əlaqədar yol. Beriya  sizdən (yəni Rankoviçdən) xahiş edir ki, bu barədə şəxsən yol. Titoya xəbər verin, siz və yol. Titonun razılığı ilə səlahiyyətli şəxslərin görüşünü təşkil etmək lazımdır.” Və s. Beriyanın tərtib etdiyi məktubda "y. Rankoviçlə və yol. Tito ilə sıx mü-nasibətlərin” olduğu bildirilir. Ancaq Beriya bu məktubu Yuqoslaviyaya göndərə bilmədi, onun cibində məktubun layihəsi olan zaman satqın kimi həbs etmişdilər... Məgər aydın deyil, Beriyanın bizim hökumətimizdən gizli tərtib etdiyi məktub onun daha bir cəhdi idi ki, sovet dövlətinə arxadan zərbə vursun və imperialist düşərgəsinə xidmət göstərsin?”
        
Əslində, ittihamçıların sübut kimi göstərdiyi bu məktubun nə qədər həqiqəti əks etdirdiyi şübə altındadır. Ona görə ki, belə bir məktubu Beriyanın həbsindən sonrada tərtib etmək olardı. Ona görə ki, Beriyanın istintaqı zamanı ümumiyyətlə bu məktub barədə ona heç bir sual verilməmişdi.             
    
Üçüncü "fakt”: Bir dəfə ovaxtkı Macarıstan partiyasının birinci katibi və MXP Nazirlər Sovetinin sədri M.Rakoşi  yoldaşcasına Beriyadan soruşdu: "Hansı məsələlərə Nazirlər Sovetində baxılmalıdır, hansılarına MK-da, bunların arasında  hansı hədd olmalıdır?” Beriya nə cavab verdi?
    
Xruşşov: "...Onda Beriya etinasızlıqla dedi: "MK nədir? Qoy hər şeyi Nazirlər Soveti həll eləsin, qoy MK kadrlarla və təbliğatla məşğul olsun”. Belə bəyanat məni təəccübləndirdi. Deməli, Beriya partiyanın rəhbəredici rolunu kənar edir, onun rolunu kadrlarla (görünür, ilk vaxtlarda) və təbliğatla məhdud-laşdırır. Budurmu partiyaya münasibət, partiyaya marksist-leninçi baxış? Lenin və Stalin bizi partiyamıza beləmi münasibət bəsləməyi öyrədiblər? Beriyanın partiyaya baxışları Hitlerin baxışlarından fəqlənmir”. 
    
Dördüncü "fakt”: Məlumdur ki, Stalinin vəfatından bir az əvvəl Beriyanın göstərişilə SSRİ DTN iki böyük iş təşkil etmişdi. – qondarma "həkimlər işi” və "meqrel (yaxud gürcü) işi”. Stalinin ölümündən sonra Beriyanın səyi nəticəsində bu "işlərə” yenidən baxıldı, cinayət tərkibi olmadığı üçün xitam verildi, həbs olunanlar azadlığa buraxıldı. Təəccüblüsü odur ki, bu  məsələdə Beriyanı təqsirləndirdilər.
    
Xruşşov:”...O elə-belə azad etmirdi. Azad olunanlara deyi-lirdi ki, bu azadlığı onlara Beriya verib. Partiya yox, hökumət yox, yalnız Beriya.”
    
Bulqanin:  "Əslində bu necə oldu? Hələ Stalinin sağlığında biz MK RH üzvləri, aramızda söhbət edirdik ki, həkimlərin işi saxtadır. Düzdürmü, yoldaşlar?”
    
RH-dən səslər: "Düzdür”.
    
Bulqanin: "Biz deyirdik ki, gürcü məsələsi də saxtadır. Beriya bu söhbətləri bilirdi. Stalinin vəfatından sonra o, daxili işlər naziri vəzifəsinə yüksəldi və o, nə edə bilərdi? Əlbəttə, o, bu işləri qurtarmalı idi. Və bu iki iş qurtardı ona görə yox ki o, bu məsələdə müsbət rol oynadı, sadəcə olaraq onu vəziyyət məcbur etdi. O, bu məsələlərdə MK-nın mövqeyini və MK RH üzvlərinin rəyini bilirdi...”
    
Beşinci "fakt”: 1953-cü ildə Litva və Ukrayna DTN-in gizli antisovet və millətçilərə qarşı mübarizəsi haqqında Beriyanın məlumat vərəqəsi Sov.İKP MK RH tərəfindən bəyənilmiş və yerlərə göndərilmişdi. Orada milli siyasətdə baş verən nöq-sanlardan, Litvadakı və Qərbi Ukraynadakı repressiyalardan, qolçomaqlıqdan, milli ziyalıların təqib edilməsindən, kadr siyasətində "ruslaşdırma siyasətindən” və s. danışılırdı. Ancaq plenumda bu məlumat vərəqələri əks qiymət aldı. Bu barədə Ukrayna Kommunist Partiyası MK-nın birinci katibi Kiriçenko belə demişdi: "...Başa düşmək olmur Beriyanın qeydlərində nə üçün belə terminlər işlənir: "Qərbi Ukrayna ziyalıları”, "Qərbi Ukrayna”. Ukraynada bu sözlər istifadədən çıxıb. Ukrayna və sovet xalqı vahid ailədir, burada qərb və şərq ukraynalıları, qərbi ukraynalılar, "rusaki” və başqa terminlər yoxdur. Ukrayna xalqı böyük rus xalqına həmişə sevgi və ehtiramla yanaşmışdır. Bu sözləri Beriya yazıb, onlar ona nə üçün lazım idi,  mən burada deməliyəm ki, bu sözlər ancaq millətçiyə yaraşır”.
     
Altinci "fakt”: Çıxış edənlər qeyd edirdilər ki, Beriya Stalinin ölümündən sonra onu  sərt tənqid edirdi.
     
Kaqanoviç: "O, Stalini ən pis, nalayiq sözlərlə təsvir edirdi. Bunlar hamısı elə təqdim edilirdi ki, guya indi biz yeni həyat yaşamalıyıq. Demək lazımdır ki, o, nəyəsə nail oldu. Stalin yavaş-yavaş mətbuat səhifələrindən çıxarıldı. Düzdür, şəxsiyyətə pərəstişlik məsələsində əyintilər var idi və yoldaş Stalin bizi həmişə tənbeh edirdi, ancaq bu heç də o demək deyildi ki, biz Stalin kimi öndərimizin üzərindən sükutla keçək”.      
     
Beriyanı aşağıdakı hallara görə də təqsirli bilirdilər:
     
- 1953-cü ildə Stalinin ölümündən sonra əfv fərmanı verildi. Qeyd edək ki, əfv haqqında fərman K.E.Voroşilov tərəfindən imzalanmışdı (Təsadüfi deyil kı, əfv edilmiş cinayət-karlar xalq arasında "Voroşilov atıcıları” adlanırdı);
     
- Atom energetikasına plandan əlavə maliyyənin artırılmasına rədd cavabı (Beriya müdafiə sənayesi işçilərinə  demişdi ki, siz pulu çox xərcləyirsiniz, təsdiq olunmuş rəqəmlərlə kifayətlənin) verilməsinə görə;
      
- beynəlxalq məsələlərin müzakirəsinin "bolşevik ənənələrinə zidd olaraq” Sov.İKP MK RH-dən Nazirlər Sovetinin RH-sinə verilməsinə görə;
     
- daxili işlər naziri vəzifəsinə özünütəyin (stenoqramdan belə çıxır ki, Stalinin vəfatından sonra rəhbər vəzifənin seçimi birbaşa onun özündən asılı idi. Bu barədə Kaqaniviç belə demişdi: "Qəribədir, sən özünü DİN nəzərdə tutursan”, "Bu yaxşıdır”-deyə sakit cavab vermişdi”);
     
- keçmiş DTN kəşfiyyat idarəsində ixtisarlar və təmiz-ləmələrə görə...

(ardı var) 
скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ