SON DƏQİQƏ

Manafort milyonları necə gizlədib

Tarix:7-08-2018, 12:01

ABŞ prezidenti Donald Trump-ın seçki kampaniyasının keçmiş meneceri Paul Manafort-un biznes tərəfdaşı məhkəmədə şahid kimi ifadə verib. O, Manafort-un ukraynalı müştərilərdən əldə etdiyi milyonlarla dolları gizlətməsinə necə kömək etdiyini açıqlayıb.

Rick Gates avqustun 6-da məhkəmədə ifadə verib. Onun sözlərinə görə, varlı ukraynalı biznesmenlər Manaforta siyasi konsultasiya işi üçün milyonlarla dollar ödəyiblər. Bu pullar əsasən Manafortun Kiprdə açdığı hesablara köçürülüb.

Prokurorların deməsinə görə, Manafort ukraynalı müştərilərdən aldığı 60 milyon dollardan çox vəsaitin "böyük hissəsi”ndən vergi verməyib.

Gates ifadəsində Manafortun ona istifadə etməyi tapşırdığı ödəniş sxemini təsvir edib. Onun sözlərinə görə, ukraynalı biznesmenlər ona ödənişləri üçün Kiprdə hesab açmağı tapşırıblar.

DERİPASKADAN ALINMIŞ 10 MİLYON DOLLAR

"Cənab Manafortun xahişilə, biz xarici bank hesablarını ABŞ vergi orqanlarına açıqlamadıq”, – Trump-ın seçki kampaniyasında köməkçisi olmuş Gates deyib. O, ilin əvvəlində təqsirini boynuna alıb, cəzasının azaldılmasına ümid edərək prokurorlarla əməkdaşlıq edir.

Rick Gates
Rick Gates

Gates deyib ki, o və Manafort Ukraynadan gələn pulların yatırıldığı xarici bank hesablarına nəzarət edib.

Onun sözlərinə görə, hesablarına nəzarət edən digər şəxs siyasi konsultant, Manafortun yaxın biznes ortağı Konstantin Kilimnik olub. Ona iyunda ittiham irəli sürülüb, Manafort işilə əlaqədar şahidləri qorxutmaqda ittiham olunur.

ABŞ-da xüsusi prokuror Robert Mueller Kilimniki Rusiya kəşfiyyat xidmətilə əlaqələrdə ittiham edir, ancaq özü ittihamı rədd edir.

Gates ifadəsində deyib ki, Manafort ona təkcə ukraynalı müştərilərdən gələn pulları Kiprdə bank hesablarına yatırmağı tapşırmayıb, həm də deyib ki, okeanın o tayından gəlirini kredit kimi sənədləşdirsin və buna görə də Manafortun vergi ödəməli olduğu gəlir azalsın.

"Şirkətə gəlir gələndə cənab Manafort bunu ya gəlir, ya da kredit kimi sənədləşdirmək göstərişi verirdi”, – Gates deyib.

Qazancı kredit kimi sənədləşdirmək ABŞ qanunvericiliyinə görə vergi fırıldağı sayılır.

Rusiya prezidenti Vladimir Putin (solda) və Oleg Deripaska
Rusiya prezidenti Vladimir Putin (solda) və Oleg Deripaska

Mühasib Cynthia Laporta-dan avqustun 6-da Manafortun guya 2006-cı ildə rusiyalı milyarder Oleg Deripaska-dan borc aldığı 10 milyon dollar barədə soruşublar. Mühasib öncəki ifadəsində Manafortla Gates-in maliyyə bəyanatlarını saxtalaşdırdıqlarını, kreditləri əvvəlki tarixlərlə göstərdiklərini deyirdi.

Deripaska Kremlə bağlı rusiyalı alüminium maqnatıdır. Onun Gates və Manafortla müxtəlif biznes sövdələşmələri olub. Bu il o, Kremlə bağlılığına görə Birləşmiş Ştatların sanksiya siyahısına düşüb.

Laporta deyib ki, Manafortun Deripaskadan aldığı "krediti” ödəməsinə dəlil görməyib.

BİR NEÇƏ YÜZ MİN DOLLAR OĞURLADIĞINI BOYNUNA ALIB

Gates ifadəsində Manaforta maliyyə bəyanatlarını saxtalaşdırmaqda, xarici gəliri gizlətməkdə, vergi məsələsində hakimiyyəti aldatmaqda kömək etdiyini açıqlayıb. Bütün bunlar ABŞ qanunlarına görə cinayət sayılır.

Gates onu da deyib ki, Manafortun Vaşinqtonda Ukrayna üçün qeydiyyatdan keçməmiş xarici agent kimi lobbiçilik etməsindən xəbərdar olub. Bu ittiham Manaforta ayrıca irəli sürülüb.

Manafort ittihamlar üzrə özünü təqsirli bilmir. Vəkilləri isə günahı Gates-ə yükləməyə çalışır, onu Manafortun milyonlarla dollarını oğurlamaqda ittiham edirlər.

Gates avqustun 6-da ifadəsində Manafortdan yüz minlərlə dollar oğurladığını, bunu saxta hesabatlarla etdiyini boynuna alıb.

Manafort 2016-cı ilin mayından avqustunadək Trump-ın seçki kampaniyasının sədri olub. Ukraynanın keçmiş rusiyapərəst prezidenti Viktor Yanukovych üçün lobbiçilik etdiyi üzə çıxınca istefa verib.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ