Məsələ ilə bağlı danışan politoloq Nəzakət Məmmədova deyib ki, İranın bu iddiasının hüquqi cəhətdən heç bir əsası yoxdur:

"İranla SSRİ arasında Xəzər dənizinin hüquqi statusu ilə bağlı ümumilikdə 7 müqavilə bağlanıb. İran isə 1921 və 1940-cı illərdə SSRİ ilə bağladığı "Xəzərdə ticarət və gəmiçilik” müqavilələrinə daha çox istinad edir.”

N.Məmmədova vurğulayıb ki, 1994-cü il Əsrin Müqaviləsindən sonra da Azərbaycan İran tərəfindən təzyiqlərə məruz qalıb. Rusiya ilə birgə Xəzər neftinin dünyaya çıxarılmasına qısqanclıq sərgiləyib:

"İran bu məsələdə cığallıq etdiyini bilir. Əgər o mövqeyinin zərrə qədər hüquqi əsası olduğunu bilsə, beynəlxalq məhkəməyə müraciət edə və onunla razılaşmayan bütün ölkələri haqsız çıxara bilər. Necə ki İngiltərə və ABŞ-a qarşı bu cür üsullardan istifadə edib və haqlı çıxa bilib. Lakin bu məsələdə haqsız olduğunun fərqində olduğdan başqa yollara əl atmağa başlayır.”

Ekspert həmçinin Beynəlxalq Hüquq və Konvensiyaların bu mövzuda Azərbaycanın mövqeyini müdafiə etdiyini deyib:

"Beynəlxalq hüquqa görə Azərbaycan öz ərazisindəki hissəni haqlı olaraq suverenliyinə alıb. İran isə əlavə olaraq 20 faiz pay iddia edir. BMT-nin biomüxtəlifliyin qorunması təşkilatının icazəsi ilə Xəzərdən kütləvi nərə çıxara bilən yeganə dövlət İrandır. Digər ölkələrə belə bir icazə yoxdur. Burdan belə nəticəyə gəlmək olar ki İranın əsl dərdi dənizin resursları- karbohidrogen, neft və qaz ehtiyatlarının, nərə kürüsü- uğrunda mübarizədir”.