SON DƏQİQƏ

Siyavuş Novruzov: 'Biz heç kəsin qabağında hesabat vermirik'

Tarix:12-04-2018, 23:56

«Həmin ATƏT 90 faizi yazıb-pozmayan Əfqanıstanda seçkilərin çox demokratik keçdiyini demişdi. Ona görə də burda söhbət seçkiyə münasibətdən getmir, ölkəyə münasibətdən gedir».

İlkin rəsmi nəticələrə görə, 11 aprel seçkilərində 86 faiz səslə qalib gəldiyi deyilən prezidentliyə namizəd, hazırkı dövlət başçısı İlham Əliyevin səlahiyyətli nümayəndəsi Siyavuş Novruzov ATƏT-in Müşahidə Missiyasının yekun hesabatını dəyərləndirərkən belə deyir.

O, AzadlıqRadiosuna qısa açıqlamasında qurumun hesabatı ilə razılaşmadığını bildirir:

«Azərbaycanda seçkilər qanunvericiliyə uyğun olaraq azad, ədalətli və demokratik keçirilib. Həmin ATƏT 90 faizi yazıb-pozmayan Əfqanıstanda seçkilərin çox demokratik keçdiyini demişdi. Ona görə də burda söhbət seçkiyə münasibətdən getmir, ölkəyə münasibətdən gedir. O baxımdan da onların nə qərar verməsindən asılı olmayaraq bizə maraqlı deyil. Bizə maraqlı olan Azərbaycan xalqının mövqeyidir. Hakimiyyətin mənbəyi Azərbaycan xalqıdır. Xalq da seçimini etdi. Qalan kim nə yazır yazsın, nə pozur pozsun. Biz heç kəsin qabağında hesabat vermirik».

Mehman Əliyev: «ATƏT-in qəlbinə dəysə də, reallıqdır»

İqtidar hesabatdan narazı, müxalifət razı qalsa da, «Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyev başqa yönə diqqət çəkir. «Bəs sonra?» deyə sual edir.

«Hər seçkidən sonra ATƏT bu cür sənədlər hazırlayır. Amma heç nə dəyişmir. Azərbaycan hakimiyyətinə heç bir təzyiq olmur. Hər şey öz axarı ilə gedir, vəziyyət daha da pisləşir, istər siyasi baxımdan, istər seçki prosesi baxımından. Mən bu seçkiyə əvvəldən passiv yanaşmışam. ATƏT nümayəndələrinin özlərinə də demişəm ki, sizin burda iştirakınızın əhəmiyyəti yoxdur, heç bir faydası olmayacaq da. Bu onların qəlbinə dəysə də, reallıqdır. Onlar işlərini formal olaraq görsələr də, bunun ölkəyə faydası yoxdur».

M.Əliyev
M.Əliyev

 

«Bu israrı görmürəm»

M.Əliyev fikrini əsaslandırmaq üçün Azərbaycanda ötən illərdə keçirilən seçkilərdən sonra beynəlxalq qurumların, o cümlədən ATƏT-in açıqladığı hesabatlara yenidən baxmağı təklif edir. O, eyni tənqidlərin sadalandığını, eyni tövsiyələrin verildiyini, ancaq durumun dəyişmədiyini vurğulayır.

Əliyevin fikrincə, ATƏT seçki ilə bağlı pozuntuları bilirsə və təsdiqləyirsə, öhdəliklər çərçivəsində hərəkət etməlidir: «Tənqidləri deyir, ancaq hakimiyyəti səhvləri düzəltməyə çağırmağa, normal yola çəkməyə cəhdlər yoxdur, bu iş yoxdur. Bu israrı, bu mövqeni görmürük. Ona görə də bu sənədə ciddi baxmıram».

Xatırlatma

Aprelin 11-də Azərbaycanda növbədənkənar seçkilər keçirilib. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, indiki dövlət başçısı İ.Əliyev növbəti dəfə 86 faiz səslə 7 il müddətinə prezident seçilib.

ATƏT-in Müşahidə Missiyası yekun hesabatla çıxış edərək, səsvermə günü məntəqələrin 12 faizində prosedurların pozulduğunu və bunun «mənfi hal» olduğunu bildirib. Eləcə də seçkinin məhdudlaşdırıcı siyasi mühitdə, həqiqi rəqabət mühiti olmadan keçirildiyini, ölkədə ifadə azadlığının təmin edilmədiyini, digər namizədlərin İ.Əliyevi tənqid etməkdən çəkindiklərini bəyan edib.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ