SON DƏQİQƏ

İlham Əliyev: "Azərbaycan yeni silahlar alıb və onlar ölkəyə gətirilir"

Tarix:25-02-2021, 23:36

Prezident söyləyib ki, Azərbaycan öz "ordusunu bundan sonra da gücləndirəcək". Cəbrayılda 57 yaşlı şəxs minaya düşüb, Ermənistanda onlarla etirazçı əsgər övladlarının Qarabağa qayıtmasını istəmir - bu və digər xəbərlər BBC News Azərbaycancanın icmalında.

Azərbaycan ən müasir silahların alınması üçün müqavilələr imzalayıb və onlar ölkəyə gətirilir, Prezident İlham Əliyev deyib.

"Dünyada hansı müasir silah varsa, onlar da artıq kontraktlanıb və Azərbaycana gətiriləcək", - İlham Əliyev cümə axşamı günü Bakının Ramana qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimində söyləyib.

İlham Əliyev bildirib ki, Azərbaycan öz ordusunu "bundan sonra da gücləndirəcək".

"Müharibə, eyni zamanda, ordunun gələcək təkmilləşdirilməsi məsələlərini də üzə çıxarıb. Aparılacaq islahatlar daha da çevik, daha da döyüşkən və döyüş qabiliyyəti yüksək olan ordunun yaranmasına gətirib çıxaracaq", - Prezident qeyd edib.

mina

Cəbrayılda 57 yaşlı şəxs minaya düşüb

Cəbrayılda mülki şəxs minaya düşüb, Cəbrayıl Rayon Prokurorluğu bildirib.

Qurum açıqlayıb ki, Fevralın 25-də Cəbrayıl rayon sakini 1964-cü il təvəllüdlü Güloğlan Mirzəliyev işğaldan azad edilmiş Cəbrayıl rayonun Mehdili kəndi ərazisində minaya düşərək xəsarət alıb.

Məlumatda deyilir ki, Güloğlan Mirzəliyev kənd-təsərrüfat fəaliyyəti ilə məşğul olarkən piyada əleyhinə minaya düşüb.

Erməni hərbçilər

Ermənistanda bir qrup hərbçi Qarabağa qayıtmaq istəmir

Ermənistanda məzuniyyətə çıxmış hərbçilər Qarabağa qayıtmaq istəmirlər. Onların valideynləri cümə axşamı günü Ermənistanın Müdafiə Nazirliyi önündə etiraz aksiyası keçirib.

Onlarla etirazçılardan bəziləri övladlarının onlara qaytarılmasını, bəziləri isə onların Qarabağa qaytarılmasının qarşısının alınmasını tələb edir.

Bundan əvvəl bir qrup hərbçi və valideynlərin əsgərlərin xidmət yerinə getməsinə maneə yaratdığı və bu səbəbdən hərbi hissədə iğtişaş baş verdiyi, bir neçə əsgərin ərazini icazəsiz tərk etdiyi bildirilmişdi.

Bəzi əsgərlərin etirazlara baxmayaraq xidmət yerinə göndərildiyi, bəzilərinin isə gizləndiyi deyilir.

"Mən oğlumun Qarabağda xidmət etməsini istəmirəm, qoy hara göndərirlər göndərsinlər, təki Ermənistan hüdudlarında olsun. Uşaqlarımızı məcburi şəkildə maşınlara oturtdular, bu bizim üçün qəbuledilməzdir" - bir əsgərin atası deyib.

Mətbuatda tanınmamış "Dağlıq Qarabağın müdafiə ordusunun" yenidən formalaşdırıldığı barədə məlumatlar getsə də, bu, sonradan təkzib olunub.

Qar, Bakı, bu gün

Ən soyuq hava harada olub?

Fevralın 25-i gecə və səhər ölkə ərazisində ən aşağı temperatur Quba-Xaçmaz bölgəsində müşahidə edilib, Ekologiya və Təbii Sərvətlər Nazirliyi açıqlayıb.

Nazirliyin sözçüsü İradə İbrahimova bildirib ki, ölkənin şimal-şərq rayonlarında daha aşağı temperatur göstəriciləri qeydə alınıb.

Onun sözlərinə görə, Quba-Xaçmaz bölgəsində 13-17 dərəcə şaxta, Qəbələ, Zaqatala, Şəkidə 6-10, Aran rayonlarında 5 dərəcəyədək şaxta olub.

"Maraqlıdır ki, adətən qışın ən şaxtalı keçdiyi Naxçıvan, Şərur , Ordubadda bu gecə mənfi 2-3 dərəcə şaxta qeydə alınıb, bu da Bakı şəhərində faktiki qeydə alınan temperaturdan 3 dərəcə yüksəkdir. Bakıda və Abşeronda minimal temperatur mənfi 6 dərəcəyədək olub, şəhərin nisbətən yüksəklikdə yerləşən ərazilərində havanın temperaturu daha aşağı enib", - İradə İbrahimova bildirib.

Tbilisi, Gürcüstan, sərhəd

Gürcüstan sərhədlərini açır

Gürcüstan martın 1-dən etibarən bir neçə ölkə vətəndaşlarının girişinə icazə verəcək.

Ölkə fevralın 25-dən Covid-19 pandemiyası ilə əlaqədar tətbiq olunan məhdudiyyətlərin tədircən ləğv edilməsinə başlayır.

  • Martın 1-dən etibarən isə Azərbaycan, Rusiya, Ermənistan, Belarus, Ukrayna və Qazaxıstan vətəndaşları mənfi koronavirus testi ilə Gürcüstana daxil ola biləcəklər. Bundan əvvəl Gürcüstan bu qaydaların yalnız Avropa İttifaqı ölkələrinin vətəndaşlarına şamil olunacağını, bir neçə digər ölkə vətəndaşlarından isə tam doza vaksin tələb olunacağını elan etmişdi.

Gürcüstanda martın 8-dən restoran və ticarət mərkəzlərinin, martın 15-dən ali təhsil müəssisələrinin və idman zallarının, aprelin 1-dən isə teatr və idman arenalarının açılacağı bildirilir. Bununla yanaşı, 9:00-17:00 saatları xaricində hərəkət məhdudiyyəti qaydası hələlik qüvvədə qalır.

Azərbaycan-Gürcüstan sərhədi hələlik bağlıdır və iki ölkə arasında hələ ki, birbaşa uçuş həyata keçirilmir.

Nazirlər Kabineti yanında Operativ Qərargah Azərbaycan sərhədlərinin açılması ilə bağlı hər hansı yeni qərarın olmadığını bildirib.

Qar, Bakı, bu gün

Qarlı havada xəsarət alanlar

Dünəndən bəri 64 nəfər hava şəraiti ilə əlaqədar yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb, Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası açıqlayıb.

Onlardan 35-nin qadın, 29-nun kişi olduğu bildirilir.

Qurum qeyd edib ki, yaralılardan beşinə yerində yardım göstərilib, digərləri xəstəxanaya çatdırılıb.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ