SON DƏQİQƏ

İraq yenidən xaosa sürüklənir: ABŞ-İran rəqabətində yeni mərhələ...

Tarix:26-12-2020, 15:19

Dünən gecə Yaxın Şərqdə başlayan gərginliyin və Türkiyə ordusunun İraq sərhədləri yaxınlığında pilotsuz uçan aparatlarla müşahidə-kəşfiyyat əməliyyatlarına start verməsinin əsl səbəbi aydın olub.
 

Son zamanlar İraq hökumətinin Səudiyyə Ərəbistanı və Türkiyəyə yaxınlaşma siyasəti rəsmi Tehranda ciddi narazılıqla qarşılanır.
 
Xüsusilə İraqın yeni Baş naziri Mustafa əl-Kazıminin ayın 17-də Türkiyəyə səfəri gərginliyi kulminasiya nöqtəsinə çatdırıb. Türkiyə prezidentinin rəsmi dəvətilə baş tutan bu səfər çərçivəsində tərəflər önəmli razılıq əldə ediblər. Razılaşmaya əsasən, Türkiyə İraqın şimalında PKK ünsürlərinə qarşı əməliyyatlar apara biləcək, bunun qarşılığında isə  Ankara cənub qonşusunun iqtisadi inkişafına və bəzi islahatların həyata keçirilməsinə maddi-mənəvi hər cür dəstək verəcək. İraq Baş naziri Mustafa əl-Kazıminin ayın 22-də Nazirlər Kabineti qarşısında verdiyi hesabata görə, Türkiyə bu islahatlar üçün İraqa 5 milyard dollar vəsait ayıracaq. 
 
"Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan mənim yaxın dostumdur. Türkiyədə mənim səfərimlə əlaqədar İraqa yaraşacaq şəkildə qarşılanma mərasimi təşkil edildi. Türkiyə Küveyt konfransda İraq hökumətinə dəstək üçün verməyə hazır olduğu 5 milyard dollarlıq məbləği hər an hesabımıza yatıra biləcəyini bildirdi”,-Kazımi çıxışında belə deyib.


 
Maraqlıdır ki, Baş nazirin bu sözlərindən bir gün əvvəl İrana bağlı qüvvələr ABŞ-a və onun "İraqdakı kukla hökumətinə” qarşı ümumi səfərbərlik etmiş, hətta ölkədəki ABŞ səfirliyini bombalamışdılar. Baş nazir də ertəsi gün topladığı Nazirlər Kabinetinin toplantısında bu çıxışı etmiş və terrorçulara qarşı mübarizə əmri vermişdi. 
 
Toplantıdan sonra İraq Milli Təhlükəsizlik Nazirliyi anti-terror əməliyyatına başlamış və Əsaib Əhl əl-Haqq təşkilatının lideri Hüssamla yanaşı, bir sıra qeyri-leqal hərbi komandirləri həbs etmişdi. 
 
Dünən İraq MTN-nə yaxın media qurumları İranın bu ilin yanvar ayının 3-də Bağdadda öldürülmüş general Qasim Süleymaninin qısasını almağa hazırlaşdığını və terror aktlarının qətl gününə qədər həyata keçiriləcəyini bildirmişdilər. Üzərindən az keçməmiş Əsaib Əhl əl-Haqq təşkilatının döyüşçüləri İraq hökumətinə qarşı ümumi səfərbərlik elan etdiyi məlum olmuş, ardınca Əshab əl-Kəhf, Qasim əl-Cəbbar və Qüvvət əl-Zülfiqar müqavimət təşkilatları da bu təşəbbüsə qoşulduqlarını bildirmişdilər. Qeyri-leqal silahlı birləşmələrin əsas tələbi isə Hüssam və tərəfdaşlarının azadlığa buraxılması idi. İraqın Baş naziri əl-Kazımi də bu faktı təsdiqləmişdi: "İrana yaxın Şiə milis qüvvələrindən olan Asaib Ahl al-Haq Hərəkatı, hökumət Bağdad Hava Limanına raket hücumundan məsul olan üzvlərini tutduqdan sonra hökuməti təhdid etməyə başladı. Həbs olunan milislərin sərbəst buraxılmasını tələb etdilər. Əks halda bu gecə və ya səhər hökumət binalarını hədəf alacağı ilə hədələdi. Milislər birbaşa Daxili İşlər nazirini təhdid etdi".


 
Baş nazirin bu bəyanından sonra məhbuslar azadlığa buraxılmışdı. İddialara görə, İraq MTN-nin rəhbəri Qasım əl-Ərəbi "terrorçuların” sərbəst buraxılmasına kəskin qarşı çıxsa da, prosesə mane ola bilməmişdi.
 
Eskpertlər İrana bağlı qüvvələrin həbsdən buraxılmasını Baş nazirin geri çəkilməsi kimi qiymətləndirmiş və bunu Tehranın ciddi təhdidi ilə əsaslandırmışlar. 
 
Məsələ burasındadır ki, İraqın ABŞ tərəfindən işğalı ən çox İranın işinə yaramışdı. Səddam Hüseyn dövründə ölkədə möhkəmlənmiş sünni oliqarxlar, hakimiyyətin şiələrin nəzarətinə keçməsi ilə razılaşmamış və ABŞ-a müqavimət adı altında İraqın şimalında İŞİD "xilafəti” qurmuşdular. "Xilafəti” hələ güclənməmiş yeni İraq dövlətinin müxtəlif vilayətlərini ələ keçirə-keçirə Bağdadın yaxınlığına qədər gəlib çıxmışdılar. Xüsusilə İrana bağlı Maliki hökuməti zamanında geniş vüsət alan İŞİD zülmünü durdurmaq üçün müqavimət gücü yaratmaq zərurəti ortaya çıxmışdı. Hökumət belə çətin anda İrana söykənmək məcburiyyətində qalmışdı. İranın dəstəyi ilə formalaşdırılan Həşdi-Şabi könüllüləri uzun müddətdən sonra İŞİD-i ortadan qaldırsalar da, İraq dinclik əldə edə bilməmişdi. Bunun başlıca səbəbi isə Həşdi Şabilərin qələbədən sonra da hərbi rejimdən imtina etməməsi və ölkəni bürüyən korrupsiya faktlarının astronomik həddə çatması idi. Maliki və İrana bağlı digər hökumətlər müharibə amilindən faydalanaraq, İraqın yüzmilyardlarla dollarını mənimsəyir, nəticədə xalqın sosial vəziyyəti getdikcə ağırlaşırdı. İddialara görə, təkcə Maliki hakimiyyəti dövründə İraq valyuta fondundan 600 milyard dollardan artıq vəsait buxarlanmışdı. Rəsmi Bağdad bunu İŞİD-lə mübarizəyə sərf olunduğunu bildirsə də, iraqlılar arqumenti əsaslı hesab etmirlər.


 
Bütün bu hadisələr istər-istəməz İranın İraqdakı nüfuzuna mənfi təsir edir və xalqı hökumətlərə qarşı ayaqlandırırdı. Ötən 2 il ərzində İraqın bir çox şəhərlərini bürüyən etiraz aksiyalarında yüzlərlə dinc sakinin Həşdi-Şabi müqaviməti ilə üzləşməsi nəticəsində həyatını itirməsi İranı arzulanmayan ölkə vəziyyətinə salmışdı. Məhz bu narazılıq şəraitində keçirilən 2018-ci il parlament seçkilərində Həşdi Şabiyə bağlı qüvvələr yetərli səs toplaya bilmədiyindən hakimiyyət qurmaq imkanlarını itirdilər. 2018-ci il seçkilərinin nisbi qalibi Müqtəda əs-Sədrin xeyir-duası ilə yaranan Sayrun bloku belə, 329 mandatlı parlamentdə cəmi 56 yer qazandı. Blokun hökumət qurması üçün 165-dən çox səs lazım idi.  Seçkini ikinci və üçüncü tamamlayanlar isə İrana bağlı qüvvələrdi və rəsmi Tehran açıq şəkildə "Sayrun”a hakimiyyəti təslim etməyəcəklərini bildirmişdi. 
 
Beləcə, il yarımdan artıq davam edən xaotik vəziyyətdən sonra bu ilin aprel ayında hökuməti qurmaq səlahiyyəti Mustafa əl-Kazımiyə verildi. Əvvəl İraqın Milli Təhlükəsizlik naziri olan Kazımi mayın 7-də öz kabinetini qursa da, çox ciddi problemlərlə qarşı-qarşıyadır. Onun da qarşısında ən böyük problem İran-ABŞ rəqabətindən qaynaqlanır. İran İraqdakı mövqeyini itirməmək üçün Bağdadın qonşu dövlətlərlə, xüsusilə Səudiyyə Ərəbistanı və Türkiyə ilə yaxınlaşmasını istəmir. Özü isə nəinki korrupsiya burulğanında batan İraqa gün ağlamaq iqtidarında deyil, əksinə, ona pul mənbəyi kimi baxır. Vəziyyəti tündləşdirən əsas məsələ isə ondan ibarətdir ki, bölgənin hakimi ABŞ İranla İraq arasındakı yaxın əlaqələrdən məmnun deyil və bu münasibətlərin bir an əvvəl bitirilməsinə tərəfdardır. Əks halda İraqı ABŞ banklarında saxlanılan valyuta fondunu dondurmaqla təhdid edir ki, bu da ağır iqtisadi böhran keçirən İraqın iflası ilə nəticələnə bilər.


 
Sirr deyil ki, İraqın bundan əvvəlki hökuməti də məhz ABŞ-İran rəqabətinin qurbanı olub. 2018-ci ildə qurulan Adil Əbdülmehdi hökumətinin ABŞ-ın basqıları ilə Həşdi-Şabiyə qarşı mübarizəyə başlaması yenə Tehranın ağır basqıları ilə qarşılanmış, hökumət geri çəkilincə isə Qasım Süleymani sui-qəsdi törədilmişdi. Nəticədə bir tərəfdən ABŞ-ın, digər tərəfdən İranın təzyiqi altında qalan Əbdülmehdi istefaya getməyə məcbur olmuşdu. Görünən budur ki, indi də Kazımi hökuməti cəmi 8 aylıq hökuməti dövründə eyni burulğana düşüb.
 
Dünən kulminasiya nöqtəsinə yüksələn gərginlik fonunda ABŞ hərbi təyyarələrinin İraq və Qətərdə hava manevrlərə başlaması bir sıra mütəxəssislər tərəfindən narahatlıqla izlənildı. Bəziləri daha da irəli gedərək, hava manevrlərinin sadəcə güc nümayişi ilə qalmaya, ABŞ-İran müharibəsinə səbəb ola biləcəyindən ehtiyatlandıqlarını bildirirdilər.скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ