SON DƏQİQƏ

Heydər Əliyev Azərbaycana nə verib?

Tarix:12-12-2018, 00:16

"Hərbi müxalifət anlayışını siyasətdən sildi, neft sazişləri bağladı, ölkəyə Qərbin siyasi və iqtisadi maraqlarını gətirdi", deyə BBC News Azərbaycancaya danışanlar mərhum prezidentin fəaliyyətini təqdir edir, ancaq bəziləri düşünürlər ki, məhz onun dövründə ictimai-siyasi, media azadlıqlıqlarına basqıların əsası qoyuldu.

Müstəqil Azərbaycanın 3-cü prezidenti Heydər Əliyevin ölümündən 15 il keçir.

2003-cü ildə ABŞ-ın Klivlend klinikasında vəfat etmiş, üst-üstə həm sovet, həm müstəqil Azərbaycanın 30 il rəhbəri olmuş Heydər Əliyev müstəqil Azərbaycana nə verib?

Onun hansı qərarları daha çox xatırlanır?

"Heydər Əliyev isə başqa tipli siyasətçi idi"

Heydər Əliyevlə təxminən 6 il işləmiş, həm köməkçisi, həm də Prezident Admistrasiyası katibliyinin rəhbəri olmuş Eldar Namazovun fikrincə ki, bir dövlətə rəhbərlik etməyin 50 faizi şəxsi keyfiyyətlərdən, 50 faizi də dövrün yaratdığı imkanlardan asılıdır.

"Heydər Əliyyevin hakimiyyətə ikinci gəlişi mürəkkəb vaxtda baş verdi.

Məsələn, əvvəlki prezidentlər Əbülfəz Elçibəy ideoloq idi, onun Azərbaycanın gələcəyi ilə bağlı strateji əhəmiyyətli fikirləri vardı, Ayaz Mütəllibovun iqtisadçılarla, iş adamlarıyla yaxşı münasibətləri vardı, iqtisadi amilləri yüksək qiymətləndirirdi. Heydər Əliyev isə başqa tipli siyasətçi idi", Eldar Namazov deyir.

1990-cı illərdə Qarabağ müharibəsi yaşayan Azərbaycan cəmiyyəti güclü, sərt siyasətçi obrazına ehtiyac duyurdu ki, bu boşluğu da Heydər Əliyev doldurdu, o belə hesab edir.

"Müharibə gedən ölkədə sabitliyi bərpa etmək, neft müqavilələrini imzalamaq, Qərbin investisiyalarını Azərbaycana gətirib burda onların siyasi maraqlarını formalaşdırmaq və bununla da Rusiyanın təzyiqini tarazlamaq lazım idi. Heydər Əliyev də bu missiyanın öhdəsindən gəldi".

"Ən mühüm qərar"

Keçmiş köməkçi deyir ki, Heydər Əliyevin bir çox qərarlarının şəxsən şahidi olub, ancaq o, neft müqavilələrinin imzalanmasını, daha doğrusu, bu sazişə aparan yolda verilən qərarları "ən əhəmiyyətli qərarlar" kimi qiymətləndirir.

Onun fikrincə, 1994-cü ilin hadisələri Azərbaycanın müstəqillik tarixi baxımdan strateji əhəmiyyət daşıyır: "Həmin vaxt "Əsrin müqaviləsi"nə hazırlıq gedirdi. O ərəfədə cəbhədə erməni hərbi qüvvələri aramsız hücuma keçmişdilər və Azərbaycan hətta Gəncənin itirilməsi təhlükəsi ilə üzləşə bilərdi.

1990-cı il Bakıda baş verən 20 yanvar hadisələrindən sonra Heydər Əliyev ölkəyə qayıdır və yenidən siyasi fəaliyyətə başlayırFotonun müəllifiDAVİD TURNLEY/CORBİS/VCG VİA GETTY IMAGES
Image caption1990-cı il Bakıda baş verən 20 yanvar hadisələrindən sonra Heydər Əliyev ölkəyə qayıdır və yenidən siyasi fəaliyyətə başlayır

Bu baş versəydi, heç bir xarici şirkət Azərbaycanla neft sazişi imzalamazdı. Hadisələr həmin ilin martından sentyabrına qədər davam elədi, Azərbaycan silahlı qüvvələri bu müddətdə hücuma keçdilər və erməni tərəfi itki verərək geri çəkildi.

Atəşkəs imzalandı və Rusiya da məcbur oldu ki, nə özünün hərbi bazasının ölkəyə qaytarılmasını, nə də hansısa başqa şərt qoysun və bir neçə aydan sonra yaranmış şəraitdə neft sazişləri imzalandı. Bununla da ABŞ-ın siyasi-iqtisadi maraqları Azərbaycanda formalaşmağa başladı".

"Heydər Əliyevin nə gücü çatdı, Azərbaycan xalqı üçün elədi".

Heydər Əliyev xalqının xilaskarı oldu, millət vəkili Aqil Abbas belə düşünür.

Mərhum prezidentin Azərbaycanın müstəqillik tarixində böyük rol oynadığını deyən deputat "xilaskar" obrazını "dini təsvirlərlə" epititləşdirib onu"peyğəmbər" statusuna qaldırır.

"Bu fikrimə görə sosial şəbəkələrdə məni tənqid etdilər, amma peyğəmbər kim olub?

Xalqını xilas edən. Heydər Əliyev də Azərbaycan xalqını xilas edib".

Aqil Abbasa görə, Heydər Əliyev ölkənin müstəqilliyini qoruyan, onu dünya ölkələri sıraısna çıxaran siyasi xadim olub: "Heydər Əliyevin nə gücü çatdı, Azərbaycan xalqı üçün elədi".

"Senzura götürüldü, birdəfəlik latın qrafikasına keçildi"

Mərhum prezidentin verdiyi qərarlar içində Aqil Abbas mətbuata senzuranın götürülməsini daha yaxşı xatırlayır: "Ən demokratik vaxtlarımızda, Elçibəyin prezidentliyi dövrünü nəzərdə tuturam, mətbuata senzura vardı. Heydər Əliyev senzuranı da ləğv elədi, mətbuat nazirliyini də".

Aqil Abbas əhəmiyyətli saydığı qərarlardan birini latın qrafikasının tətbiqini sayır. Deyir, əlifbanın latın qrafikasına keçidi ilə bağlı qanun çox-çox əvvəl verilsə də, icra olunmurdu, hətta mətbuatda qəzetin adının, yazının sərlövhəsinin, bəzi məqalələrin latın qrafikasında çapından uzağa gedilməmişdi:

1999-cu il Moskva. Rusiyanın baş naziri Yevgeni Primakov və Azerbaycan prezidenti Heydər Əliyev arasında danışıqlarFotonun müəllifiTASS/GETTY IMAGES
Image caption1999-cu il Moskva. Rusiyanın baş naziri Yevgeni Primakov və Azerbaycan prezidenti Heydər Əliyev arasında danışıqlar

"Heydər Əliyev bir günün içində fərman imzaladı ki, sabahdan latın qrafikası tam tətbiq olunur. Qətiyyət qoydu ortalığa. Əgər onun qətiyyəti olmasaydı, hələ də ikiəlifbalıydıq".

Əliyev hakimiyyətinin iki üzü: həm müsbət təsirləri var, həm mənfi

"Turan" İnformasiya Agentliynin rəhbəri Mehman Əliyev BBC News Azərbaycancaya açıqlamasında Heydər Əliyevin Azərbaycana verdiyi faydaları bu ardıcıllıqla düzür.

"Stabillik gətirdi, hərbi müxalifət anlayışını siyasətdən götürdü, bu o dövr üçün çox vacib idi, neft sazişi imzalandı, NATO ilə əməkdaşlıq yarandı, Azərbaycan Avropa Şurasına daxil oldu, bir çox Qərb institutları ilə münasibətlərə başladı, həm də MDB-də təmsil olundu. Xarici siyasətdə çoxvektorluq siyasətin əsası qoyuldu".

Amma Mehman Əliyev əlavə edir ki, ölkə daxilində bəzi iqtisadi islahatlar aparılsa da, Heydər Əliyevin ölkədaxili fəaliyyəti daha çox mənfi çalarlarla xatırlanır:

"Məhz Heydər Əliyevin dövründə mətbuatın süqutu başladı, müxalifətin parlamentdə iştirakı getdikcə məhdudlaşdırıldı. İctimai təşkilatların, siyasi partiyaların problemləri də o vaxtdan yarandı. Siyasi və insan haqları problemləri ilə biz Heydər Əliyevin dövründə üzləşməyə başladıq".

Heydər Əliyevin siyasətə gələn yolu

2003-cü ildə vəfat edən Heydər Əliyev ölümündən bir neçə ay əvvəl oğlu İlham Əliyevi baş nazir təyin edir.Fotonun müəllifiGETTY IMAGES
Image caption2003-cü ildə vəfat edən Heydər Əliyev ölümündən bir neçə ay əvvəl oğlu İlham Əliyevi baş nazir təyin edir.

Heydər Əliyev 1923-cü il mayın 10-da Naxçıvan şəhərində doğulub. O, 1944-cü ildən dövlət təhlükəsizliyi orqanlarında işləyib.

1967-ci ildən el arasında "KQB" kimi tanınan Dövlət Təhlükəsizliyi Komitəsinin sədr müavini, sonralar isə sədri vəzifəsində çalışıb. General-mayor rütbəsinə qədər yüksəlib.

1969-cu ildə Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib.

Onun siyasi karyerasında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsi də var.

Heydər Əliyev SSRİ ierarxiyasındakı vəzifəsini hələ sovet dövləti dağılmazdan qabaq itirmişdi.

Amma o, 1990-cı il Bakıda baş verən 20 yanvar hadisələrindən sonra ölkəyə qayıdır və yenidən siyasi fəaliyyətə başlayır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı və sədri seçilən Heydər Əliyev 1993-cü ilin may-iyun aylarında baş verən siyasi və hərbi gərginliklər fonunda Azərbaycanda hakimiyyətə qayıdır.

1993-cü il oktyabrın 3-də prezident seçilən Heydər Əliyev bu kürsünü 5 il sonra da əlində saxlayır.

2003-cü il dekabrın 12-də ABŞ-ın Klivlend klinikasında vəfat edən Heydər Əliyev ölümündən bir neçə ay əvvəl Türkiyədə müalicə aldığı xəstəxanada oğlu İlham Əliyevi baş nazir təyin edir.

Həmin ilin oktyabrında prezident seçilən İlham Əliyev 4-cü prezident seçkisindən sonra da ölkəyə rəhbərlik edir.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ