www.DOGRU.tv - Onlayn Televiziya » Siyasət » Mədət Quliyevin korrupsiya sistemi

Mədət Quliyevin korrupsiya sistemi

Bölmə: Siyasət
Mədət Quliyevin korrupsiya sistemi
[b]Azərbaycan həbsxanalarında rüşvətin unikal formaları; Pentensiar Xidmətə qarşı inanılmaz iddialar: narazılıq pik həddə çatıb

Dövrü mətbuatda Azərbaycan həbsxanalarında yaşanan özbaşınalıq və qanunsuzluqlarla bağlı çoxsaylı faktlar dərc olunub. Düzdür, bunlar sonradan Ədliyyə Nazirliyi Penitensiar Xidməti tərəfindən birmənalı şəkildə təkzib olunub, amma şikayət və narazılıqların getdikcə daha intensiv xarakter alması həmin təkziblərin həqiqiliyini və səmimiliyini şübhə altına salmaqdadır.
Bu baxımdan cəzaçəkmə müəssisələrində baş verənlərlə bağlı Elitar.az-ın təqdim etdiyi faktlar böyük marağa səbəb olmaqdadır. Belə ki, adıçəkilən sayta daxil olan məktubdakı iddialara görə, qanuni oğrular həbsxanalarda böyük təsir gücünə malikdir. Bu güc hətta o səviyyədədir ki, onlar Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat-rejim idarəsinə də təsir etmək imkanlarına sahibdirlər. İddiaya görə, adı çəkilən idarə istənilən məhbusu 800-3000 AZN müqabilində sifariş olunan müəssisəyə göndərir.
Məlumatda bildirilir ki, həbsxanalar daxilində də xərc bitmir. Burada məhbusa yemək ötürməkdən tutmuş, kamera ilə gəzinti otağının qapısının açıq saxlanılmasına qədər hər şeyin öz qiyməti var. Məsələn, məhbusa yemək ötürmək istəyənin yaxını üçün bu, 10-15 manata, ailə üzvünün məhbusla görüşü 200 manata başa gəlir.
Məhbus təsərrüfat briqadasında qalıb cəza çəkmək və işləmək istəyirsə, əvvəlcədən 500-1000 manat və hər ay 150-200 manat ödəməlidir. Təsərrüfat briqadasında və Tibbi hissədə qalmağa yalnız imkanlı şəxslər nail ola bilir və bunun üçün onlar əvvəlcədən 3000-5000 manat, sonradan isə hər ay 500 manat aylıq ödəmə həyata keçirilər.
Məktubda yazılanlara görə, həbsxanalarda 2-4 nəfərlik “burjuy xata”ların aylıq qiyməti 1500-2000 manatdır. Kamerada yemək qızdırmaq üçün plitənin olması üçün isə hər məhbus 50 manat ödəyir. Məktubda həbsxanalarla bağlı daha detalları ilə qeyd olunmuş məlumatlar var. Belə ki, məktub sahibinin iddialarına görə, kamera ilə gəzinti otağının qapısının gecələr açıq qalmasının qiyməti hər kamera üçün 200 manat müəyyən edilib.
Məlumatda bildirilir ki, həbsxanalarda pullu kart oyunları təşkil edilir və uduzan məhbusa borcu müxtəlif yollarla ödətdirilir. İddia edilir ki, qumar borcunu almaq üçün həmin məhbus döyülür, ona müxtəlif işgəncələr verilir və həbsxana rəhbərliyinin köməkliyi ilə həmin pul məhbusun azadlıqdakı yaxınları hesabına ödənilir.
Şikayətçi iddia edir ki, son 2 ildə narkotik satışı ilə məşğul olan cəzaçəkmə müəssisələrinin sayı artıb. O iddia edir ki, 11 saylı CM-nin rəisi Rasim Bayramovun atası narkotik satışına görə cəza çəkib. Belə ki, R.Bayramov 2000-ci ildə 7-ci kalonda işləyərkən atası 2 kiloqram heroinlə tutulub.
11 saylı CM ilə bağlı daha bir iddia ondan ibarətdir ki, bu kalonda idarəetmədəki qüsurlar bir neçə dəfə etirazlara səbəb olub. Məhkumlar 1 ildə 8-10 dəfə etiraz aksiyası keçirib və hər etiraz onların ağır cəzalanması ilə nəticələnib. Belə ki, məhbuslar döyülüb, burada cəza çəkən Nemət Pənahlı isə uzun müddət karsda saxlanılıb.
Sonda qeyd edək ki, Ədliyyə Nazirliyi yanında Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqədar şöbəsindən yuxarıdakı məlumatların yalan olduğunu bildiriblər. Amma bir həqiqət də var ki, Pentensiar Xidmət hər dəfə hansısa məlumatlar yayıldıqdan sonra təxminən “hamısı yalandır” tipli ənənəvi cavabla kifayətlənir. Şikayət və narazılıqların durmadan artması isə Azərbaycan həbsxanalarına ictimai nəzarətin artırılması zərurətini yenidən gündəmə gətirməkdədir

Dəyanət Azərsoy