SON DƏQİQƏ

"Haradan pul qazanmalıyıq? Axı, göydən pul tökülə bilməz" - məşhurlar etiraz edir

Tarix:8-08-2020, 12:47

Azərbaycanda koronavirus epidemiyasına görə kütləvi mərasimlər, o cümlədən toylar təxminən 5 aydır ki, qadağan edilib, kafe və restoranlar işləmir.

Avqustun 5-də sərt karantin rejimi yumşaldılsa da, kütləvi tədbirlərin keçirilməsinə qoyulan qadağa qüvvədə qaldı.

Bu isə əsas gəliri şənlik məclislərindən olan sənət adamlarının etirazına səbəb olub. Onlar BBC News Azərbaycancaya "5 aydır heç nə qazanmadıqlarını" deyirlər.

Prezident köməkçisi Hikmət Hacıyev bildirib ki, toyların keçirilməsinə icazə verilməməsinin "sırf güclü epidemiloji əsasları" mövcuddur.

Şoumen Kamran Həsənli: "Bu, iqtisadiyyatımıza böyük zərbədir"

Aparıcı Kamran Həsənli SMS icazələrin ləğvi və çimərliklərin açılması qərarından sonra iş yerlərinin, açıq hava əyləncə mərkəzləri, restoranlar və şadlıq evlərinin bağlı olmasına və toylara olan qadağalara etiraz edir.

BBC News Azərbaycancaya danışan Kamran Həsənli SMS icazə sisteminin və TƏBİB-in bir çox qərarlarının "səhv olduğunu" düşünür.

O deyir ki, bəzi qərarlar insanların içində "boş yerdən etiraz hissi yaradır".

"Əvvəl qərar verdilər ki, restoranlar saat 9-dək işləyəcək, biz də sual verik ki, yaxşı, virus saat 9-dək tüğyan edir, ya insanları saat 9-dan sonra yoluxdurmağa başlayır? Restoranların iş vaxtını dörd dəfə dəyişdirdilər, açıb-bağladılar. Mən eşitməmişəm ki, haradasa 5 ay ard-arda karantin olsun. Bu, iqtisadiyyatımıza böyük zərbədir, üstəlik də insanlarımızın əsəbi ilə oynayır.

Məncə TƏBİB-in qeyri-peşəkar qərarları var, buna görə də biz etiraz səsimizi qaldırırıq və deyirik. Əslində, bu qərarlar insanlarımızı hökumətə qarşı da etiraz hissinə gətirib çıxarır, amma hökumətin burada təqsiri yoxdur ki. TƏBİB ayrıca səhiyyə təşkilatıdır, onların peşəkar addımları olmalıdır. Karantində də atdıqları uğursuz addımlar gözümüzün önündədir".

Cənab Həsənli söyləyir ki, koronavirusa yoluxma tendensiyasında göstəricilərin enmə zamanında "karantini belə saxlamağın mənası yoxdur".

Şoumen deyir ki, şadlıq sarayları Azərbaycan iqtisadiyyatında "əməlli-başlı sənayedir" və qeyd edir ki, orada çalışan "yüz minlərlə insan işsizdir".

"Biz 5 aydır heç nə qazamırıq, heç yerdən gəlirimiz, yardımımız yoxdur. Bu, real vəziyyətdir. Əgər insan heç nə qazanmırsa, onun vəziyyəti necə ola bilər? Biz hamımız şadlıq sarayları, kafe-restoranlardakı işlərə bağlıyıq. Orada yüz minlərlə insan çalışır, evinə pul aparır. Təkcə musiqiçilər deyil, fotoqraflar, rəqqaslar, ofisiantlar, administratorlar, müdiriyyət, qabyuyanlar, xidmətçilər, bərbərlər, dizaynerlər - hamı oradan dolanır. Onlar işsiz qalıblar. Onlar aztəminatlı yox, yoxtəminatlı sayılırlar. Bir var aztəminatlı, bir də var yoxtəminatlı. Bunların təminatı heç yandan yoxdur".

Kamran Həsənli "Haradan pul qazanmalıyıq? Axı göydən pul tökülə bilməz" deyir və işsiz qalan şəxslərin ev kirayələrini və kredit xərclərini necə ödəməli olduğu sualına cavab axtarır.

"Karantindirsə, təzminatlar olmalıdır"

Kamran Həsənli deyir ki, əgər ölkədə karantindirsə və insanlar evdədirsə, onlara təzminat ödənilməlidir. O, bu təzminatların ən azı kommunal xərclərin və kreditlərin bağışlanılması misalında olmasını təklif edir.

"Bu, sadəcə belə olmaz axı ki, siz oturun evdə, heç nə qazanmayın, amma kommunal xərcləri də verəcəksiniz, krediti də verəcəksiniz, yeməyi də haradan tapırsınız, özünüz bilərsiniz, Belə olmaz axı, bu yaxşı deyil. İnsanlar karantin dövründə heç olmasa kommunal xərclərdən azad olunsun. Bu, az deyil. Kreditlərdən azad olunsun. Bununla bağlı banklara, şirkətlərə sərəncam verilə bilər".

"Musiqiçilərin necə dolandığını məndən deyil, hökumətdən soruşun"

Əməkdar artist Baloğlan Əşrəfov Qaynarinfo saytına müsahibəsində Azərbaycanda toyların təşkilinə qoyulan qadağaya etiraz edib.

O, bu qərarları verənlərə öz əmək haqlarını "dövlətə bağışlamalarını" məsləhət görüb.

"Musiqiçilərin necə dolandığını məndən deyil, hökumətdən soruşun. Bunu toyların bağlanması ilə bağlı qərar verənlərdən soruşmaq lazımdır. Hansı ki, bu qərarı verənlər hər ay sonu maaşlarını alırlar. Sonra gedib oturub stolda xalqa deyirlər ki, "toy olmamalıdır". Amma mən məsləhət bilərdim ki, onlar 4 ay ərzində öz maaşlarını dövlətə bağışlayardılar. Yaxud da müəyyən fondlara keçirib, millətə paylayardılar. Bu da olardı əla. Biz də bilərdik ki, "toy olmayacaq" deyənlər də bizim kimi maaşa işləyənlərdir. Bizim və musiqiçilərin taleyi necə olacaq, bunu bir Allah bilir, bir də qərar verənlər".

Musiqiçi əlavə edir ki, "çimərliklər açıla bilər, vaqonlar işləyə bilər, təyyarələr uça bilər, hər sahə işləyə bilər, amma toylar ola bilməz. Yazıq musiqiçilər..."

"Hara gedə bilərik ki?"

Müğənni Elnarə Xəlilova Facebook hesabında yazıb ki, SMS icazə ləğv olunub, amma onlar "hara gedə bilərlər ki?"

"Kafe yox, mağaza yox, rayona yol yox, şəhəri dolaşmağa çıxaq?" - müğənni sual edib.

Elnarə Xəlilova "soyuq havada dənizə icazə verilməsindən" şikayətlənib.

Müğənni öz statusunda toyların keçirilməsinə tətbiq olunan qadağaya da toxunub:

"İcazəni də elə vermisiniz ki, heç kəs heç nə etmək istəmir. Ha vurub toplayırıq ki, hara gedək, nə edək, ağlımıza heç nə gəlmir. Bu gedişlə toylara da məhərrəm ayında icazə verərsiniz ki, heç kəs yenə də toy edə bilməsin".

Bölgələrə "gediş-gəliş niyə qadağan edilib?"

Bir müddət əvvəl televiziya aparıcısı, jurnalist Azər Qəribov (Qərib Azər) koronavirusla mübarizədə atılan bəzi addımlara qarşı etirazını bildirmişdi.

Karantin elan ediləndən 2 ay bütün qərarları dəstəklədiyini, yaxınlarını görməkdən imtina etdiyini və evdəqal təbliğatına qoşulduğunu deyən Azər Qəribov hələ bir müddət öncə Facebook hesabından çimərliklərin niyə bağlı olduğunu, bölgələrə gediş-gəlişin niyə qadağan edildiyini və sərhədlərin niyə açılmadığını sual etmişdi.

Avqustun 5-dən çimərliklər açılsa da, bəzi şəhər və rayonlara giriş-çıxış qadağası qüvvədədir, o cümlədən ölkə sərhədləri hələ ki, bağlıdır. Yalnız bir neçə şəhərə hava yolları ilə təyyarə resyləri bərpa edilib. Qəribov Facebook hesabından yazıb.

"Sırf güclü epidemiloji əsasları mövcuddur"

Prezident köməkçisi Hikmət Hacıyev bildirib ki, toyların keçirilməsinə icazə verilməməsinin "sırf güclü epidemiloji əsasları" mövcuddur.

"Nəzərə alsaq ki, toyların keçirilməsi şəraitindən hamımız tanışıq, yəni qapalı bir məkanda, kondensasiya sisteminin işlədiyi bir şəraitdə 100-200 və daha artıq insanların bir araya cəmləşməsi və onların da yaxın təmas şəraitində fəaliyyət göstərməsidir", o, Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində toyların bərpa olunması məsələsinə toxunarkən deyib.

Azərbaycanda ilk koronavirusa yoluxma halı 28 fevralda qeydə alınıb.

Martın 24-dən qüvvədə olan xüsusi karantin rejimi avqustun 31-dək uzadılıb.

İndiyədək ölkədə 33 minə yaxın şəxs koronavirusa yoluxub, 500-ə yaxın adam ölüb.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ