www.DOGRU.tv - Onlayn Televiziya » Şou Biznes » Tanınmış tamada: “Vergilər Nazirliyi nə qədər deyirsə...”

Tanınmış tamada: “Vergilər Nazirliyi nə qədər deyirsə...”

Bölmə: Şou Biznes
Pünhan İsmayıllı: “Toyların sayı azalmayıb, hamı sevib, evlənir”
Tanınmış tamada: “Vergilər Nazirliyi nə qədər deyirsə...”
İstedadlı söz ustası, el şənliklərinin mahir aparıcısı Pünhan İsmayıllı musavat.com saytının suallarına cavab verib. Bu il 50 yaşını qeyd edən söz ustası ilə söhbətə elə onun yaradıcılıq fəaliyyəti ilə başladıq:

- Pünhan bəy, yaradıcılığınızda hansı yeniliklər var?

- Dekabr ayında Heydər Əliyev Sarayında 50 illik yubileyim olacaqdı. Sonra bildirdilər ki, daha sarayda tədbirlər olmayacaq. Ona görə konsert təxirə düşdü. Hazırda başım oğlumun toyuna qarışıb. Toydan sonra konsert vermək haqda düşünəcəyəm. Sənəti atmaq olmaz, davam etdirəcəyik.

- Ölkənin tanınmış tamadalarındansınız. Sənət adamalrı son zamanlar toyların sayının azaldığından şikayət edir. Onlarla razısınızmı?

- Hər şey qaydasındadır. Toylar azalmayıb. Hamı sevib-sevilir, evlənir. Toylar necə azala bilər? İşlərimdə hər şey qaydasındadır. Ola bilər ki, bir-iki toy az olsun, amma ümumi götürəndə vəziyyət yaxşıdır.

- Qonorar qiymətlərində dəyişiklik varmı?

- Öz adımdan da, sənətçi dostlarımın adından da deyə bilərəm ki, toy qonorarını qaldırmamışıq. Toy elimizin gözəl adətidir, yüzilliklərin bəzəyidir. Nə qədər həyat var, deməli, toy da var.

- Bəlkə, müğənnilər vergidən qaçmaq, gözə gəlməmək üçün toyların sayının azaldığını deyirlər?

- Ola bilər. Mən illərdir ki, lazımi qaydada vergimi verirəm. Vergilər Nazirliyi ilə heç bir problemim yoxdur. Bəzi sənət adamları vergiyə görə cərimə olundu, ölkədən çıxışına qadağa qoyuldu. Mən bunları görürəm. Niyə də vergidən yayınım? Mən toy qiymətlərimi dəyişməmişəm.

- Vergilər Nazirliyi sənət adamları ilə bağlı yeni qərar verib. Toylarda və digər mərasimlərdə iştirak edən müğənnilər, aparıcılar, rəqqaslar, aşıqlar, tamadalar, parodiyaçılar və digər oxşar peşə nümayəndələri hər ay müvafiq əmsala uyğun olmaqla, sadələşdirilmiş vergi ödəyəcəklər...

- Qanun qanundur. Nə qədər ödəməliyiksə, ödəyəcəyik. Mən Vergilər Nazirliyi ilə razıyam. Dövlət var, qayda-qanun var. Biz də əməl etməliyik.

- Son zamanlar toylar milli ab-havadan çıxıb, avropasayağı olub. Bir tamada olaraq, toylara gətirilən yeniliyə münasibətiniz necədir?

- Toylarda heç bir adət-ənənə itməyib. Hamısı qaydasında qalıb. Baxır, toy harada keçirilir. Rayon toyları saat 13:00-da başlayır, gecə 1-də bitir. Bütün ənənələr qorunur, hamısına da əməl edilir. Gəlin gətirdi olur, valideynlər xeyir-dua verir, mahnılar çalınır. Mən demək olar ki, bütün bölgələrdə toyda olmuşam. Adət-ənənənin itdiyini görməmişəm. Şəhər toylarında isə vaxt məhduddur, hər şeyi 5 saatın içərisinə yerləşdirmək olmur. Restoran toylarında ənənələrə riayət edilməməsini qınaya bilmərik. Mən adətən, belə toylarda el ağsaqqallarına 2 dəqiqə söz verirəm, bir də xaricdən gələn qonaqları dəvət edirəm. Qonaqları yormamaq üçün hər kəsə söz vermirəm. Milli adət-ənənələr itməyib, heç kim ruhdan düşməsin. Sadəcə, şəhər mühitində onları həyata keçirə bilmirik.

- Bu yaxınlarda övladınızın toyunun olacağını dediniz. Toyda fərqli nə isə olacaqmı? Bilmədiyimiz və ya əməl olunmayan adətlərimizdən hansılarısa görəcəyikmi?

- Bütün balalara toy qismət olsun. Toyda milli, xalq musiqisinə üstünlük veriləcək.

- Toyun ssenarisi gənclərin, yoxsa illərdir ki, toyları idarə edən Pünhan bəyin istəyi ilə qurulub?

- Mən onlarla məsləhətləşirəm. Soruşuram ki, toyunuzu necə görmək istəyirsiniz? Toyda həm milli, həm də estrada mahnıları olacaq. Ailəm qarmon ifaçısı Aydın Əliyevin toyda çıxış etməsini istəyir. Aydın gözəl sənətkardır, mənim də dostumdur. Məclisimizdə çıxış edəcək. Gəlinim isə Nazpəri Dostəliyevanı, Baloğlan Əşrəfovu, Manaf Ağayevi xoşlayır. Onun istəyi o sənətkarların toyda çıxış etməsidir. Mən gəlinimə toyda qayınata olaraq, gözəl sürpriz edəcəyəm. Nə olduğunu açıqlaya bilmərəm, toyda iştirak edənlər görəcəklər.

- Minlərlə gəncin toyunu idarə etmisiniz. Bəs, sizin övladınızın toyunu kim idarə edəcək?

- Toyu dəyərli dostum, illərdir ki, birlikdə çalışdığımız Məhəbbət Etibarlı idarə edəcək. O, qəlbində məhəbbət olduğu qədər də etibarlı oğlandır. Onun çıxışı da oğlumun istəyidir. Toy peşəkar musiqiçilərin müşayiəti ilə keçəcək.