www.DOGRU.tv - Onlayn Televiziya » Şou Biznes » Müğənnilər tənqid olundu: “Xalqın dərdinə şərik olmaqdansa...”


Müğənnilər tənqid olundu: “Xalqın dərdinə şərik olmaqdansa...”

Bölmə: Şou Biznes
Müğənnilər tənqid olundu: “Xalqın dərdinə şərik olmaqdansa...”

Ötən gün Xəzər dənizində baş vermiş hadisəyə adi insanlar kimi sənət adamları da biganə yanaşmadı. Onlar sosial şəbəkədə hiss və düşüncələrini bölüşüb, xalqa başsağlığı verib, ailələrinə səbir dilədi. Onların bu addımı yüksək qiymətləndirilsə də, daha sonra sənət adamlarının toylardan, təqdimatlardan paylaşdığı foto və videolar insanlar arasında fikir ayrılığı yaradıb. Belə ki, şəbəkə istifadəçiləri sənətçiləri saxtakarlıqda günahlandırıb, insanların gözündən pərdə asmaq üçün bədbəxt hadisə ilə bağlı paylaşım etdiklərini bildiriblər.

Bəs sənət adamları bu addımlarına görə tənqid olunmalıdırmı?

Musavat.com məsələ ilə bağlı sorğu keçirib. Millət vəkili Fazil Mustafa bildirib ki, sənətçilərin sözügedən addımına görə qınamaq olmaz:
“Hadisə ilə bağlı insanlar öz hiss və duyğularını sosial şəbəkədə paylaşdı. Cəmiyyətdə bu hadisə ilə bağlı ümumi olaraq yas saxlanılmır. Sənət adamlarını qınamaq olmaz. Bu gün yas saxlayıb, sabah yenə mahnı oxusalar da, onlar qınanılacaq. Hadisə ilə bağlı kimsə sevincini ifadə etməyib, hamı xalqın yanında olduğunu, üzüldüyünü bildirib. Həyat davam edir. Əlbəttə, biri maşınını sürəcək, biri toyuna gedəcək, biri tədbirini keçirəcək. İnsanları qınamaq lazım deyil. Bir çox telekanal proqramları təxirə saldı. İtkin düşən neftçilərimiz var, tezliklə onlar tapılsın. Indi bir həftə televiziyaları bağlamaq, toyları təxirə salmaq olmaz. Sənətçilər 1 ay öncədən işlərini qururlar, konsertlərini təşkil edib, toy yiyələri ilə müqavilə bağlayırlar. Onları kədərli görünməyə məcbur edə bilmərik. İnsanların həmrəylik göstərməsi yaxşı haldır. İstər sənətçilər, istər adi insanlar öz kədərlərini bölüşdü. Bu yaxşı haldır. Amma heç kim onlardan tələb edə bilməz ki, 1-2 ay yas saxla. Ona qalsa, biz aprel döyüşlərinə görə 1 il yas saxlamalı idik. Bu xalqın taleyində baş verən hadisələrdir, dəyər verməliyik, acımalıyıq. Amma həyat davam edir”.

Sənətşünas Xəyalə Rəis isə bildirir ki, sənət adamların bu addımı qınaq obyektinə çevrilməlidir: “İncəsənət adamları xalqa məxsusdur. Onları hazırda olduqları səviyyəyə xalq gətirib. Xalqın sevgisi nəticəsində ulduzluğu əldə ediblər. Əgər bu xalqın nümayəndəsinin anasının gözü yaşlı, övladlarının gözü yolda qalıbsa, neçə-neçə ailənin evinin işığı sönübsə, müğənnilər də bu dərdə şərik olmalıdır. Türkiyədə hər hansı hadisə olan kimi sənət adamları birləşir, aylar öncə qurduqları planları təxirə salırlar, həmin ailələrə baş çəkirlər. Türkiyədəki son terroru eşidən Hülya Avşar konsert səhnəsindən endi. Bizim sənətçilər isə getdikləri toydan fotolar paylaşır, mahnılar oxuyurlar. Bu hadisələr onların vecinə deyil. Çoxları gözdən pərdə asmaq üçün sosial şəbəkədə foto paylaşıb, üzüldüyünü bildirir. Amma nədənsə bu üzüntü 1 saat çəkir. 1 saatdan sonra əyləncədən foto və video paylaşır. Müğənni Sevinc Musayeva maşında mahnı oxuya-oxuya çəkdiyi videosunu paylaşmışdı. Mən də altından yazdım ki, heç olmasa, bu gün belə şeylər etməyin. Məni qara siyahıya atdı. Bizim sənət adamlarının çoxunun etdikləri sırf xalqa nümayiş üçündür. onların bu addımı qınanmalıdır”.
Qeyd edək ki, srağagün Xəzər dənizində güclü külək estakadanı dənizə uçurub və 11 neftçi dənizə düşüb. Hadisə nəticəsində növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər neftçi itkin düşüb. Onlardan yalnız birinin meyiti tapılıb.