www.DOGRU.tv - Onlayn Televiziya » Şou Biznes » Kosmetoloq: "Kişilər dodağını şişirtmək, qaşını aldırmaq üçün gəlir"


Kosmetoloq: "Kişilər dodağını şişirtmək, qaşını aldırmaq üçün gəlir"

Bölmə: Şou Biznes
Kosmetoloq: "Kişilər dodağını şişirtmək, qaşını aldırmaq üçün gəlir"
Havalar soyuyub, qışın gəlişinə sayılı günlər qalıb. Fəsil dəyişikliyi orqanizmimizə, dərimizə təsirsiz ötüşmür. Dərimizi qurudur, saçlarımızı cansızlaşdırır.

Bu dəfə müsahibimiz həkim-kosmetoloq Fidan Məhərrəmlidir.

Musavat.com saytının suallarına cavab verən həmsöhbətimiz soyuq ayların saç və dərimizdə yaratdığı fəsadlardan, ölkəmizdə geniş yayılsa da, haqqında müxtəlif fərziyyələr səslənən lazer epilyasiyasından və bədənə tətbiq edilən gellərdən danışıb:

- Fəsil dəyişikliyi insan dərisinə təsirsiz ötüşmür. İnsanlar dərisini soyuqdan necə qorumalıdır?

- Dəriyə doğru qulluq etmək istəyiriksə, sabunlardan imtina etməliyik. Sabun əvəzinə gellərdən istifadə edilməlidir. Əl-üzümüzü yuduqdan sonra mütləq qurulamalıyıq. Quru dəri sahibləri bu mövsümdə nəmləndirici kremlərdən tez-tez istifadə etməlidir. Qış aylarında yağlı dərinin yağlılığı azalır, amma qurumur, normal dəri quruyur, quru dərilər çatlayıb, ağrı verir. Qidalandırıcı, qoruyucu, nəmləndirici kremlər bu zaman bizim köməyimizə çatır. Tərkibində vitamin A və E olan kremlər daha məsləhətlidir.

- Yağlı dərinin qış aylarında yağlılığını itirdiyini dediniz. O zaman onlara da xüsusi qulluq lazımdır.

- Quru dəri sahibləri qış aylarında skrablardan az istifadə etməlidir, yağlı dəri sahibləri isə yağlılıqdan xilas olmaq üçün xüsusi skrablardan istifadə edə bilər. Təbii ki, bu skrablar həkim məsləhəti ilə olsa, daha effektli olar. Tərkibində qliserin olan sabunlar, gellər yağlı dəridən təngə gələnlər üçün gözəl vasitədir.



- Qış aylarında hansı kosmetoloji prosedurların edilməsi məsləhətdir?

- Hər fəslin öz proseduru var. Hazırda quru dəriyə sahib olan xanımlara PRP (plazmaliftinq), biorevitalizasiya prosedurları tətbiq edilir ki, dəri canlansın, təravətli olsun. Yağlı dəri üçün müxtəlif tip preparatlar var. Qış aylarında mütəmadi canlandırıcı maskalardan istifadə etmək lazımdır. Dərini qorumaq, daim təravətli saxlamaq lazımdır. Bu prosedurlar tək üz üçün deyil, əl, boyun, sinə üçün də tətbiq edilir.

- Bəs saçların qurumaması və solğunlaşmaması üçün xüsusi vasitələr varmı?

- Qış aylarında saçların cansızlaşmaması və qurumaması üçün tez-tez yumamalıyıq. Saçların tez-tez yuyulması həm yağlanma əmələ gətirir, həm də ucları qurudur. Gün ərzində bol su içməliyik, meyvə-tərəvəzdən, proteindən çox istifadə etməliyik. Tərkibində bioten və sink olan qidaları qəbul etməliyik.

- Bioten və sink hansı qidalarda mövcuddur?

- Balıqda, qoz-fındıqda daha çoxdur. Mütəmadi olaraq süd içməliyik. Süd saç tökülməsinin qarşısını alan ən güclü qidadır. Saçları yuduqdan sonra fendən istifadə etmək olmaz. Saçlar əsasən uc hissədən yanır. Saç yuyulduqdan sonra pambıq dəsmalla qurudulmalıdır. Saç yuyulduqdan sonra açıq havaya çıxmaq olmaz, soyuq bir çox xəstəlik yarada bilər, günəş isə nəm saçı qurudur. Qış aylarında müxtəlif yağlardan hazırlanan maskalar istifadə edilməsi məsləhətdir.



- İnternətdə ev şəraitində hazırlanan müxtəlif maskalar yayılıb. Onları həkim məsləhəti olmadan tətbiq etmək doğrudurmu?

- O maskalar əsasən qidalardan hazırlanır. Insanlar maskaları kosmetoloq-həkim məsləhəti ilə etsələr, gözəl olar. Əgər mütəxəssis rəyi olmadan maska istifadə edəcəklərsə, maskanın tərkibini diqqətlə oxusunlar. Hər halda çox insan nəyə allergiyası olduğunu, hansı qidanın ona ziyan verəcəyindən xəbərdardır.

- Lazer epilyasiyası haqda müxtəlif fərziyyələr var. Hələ də insanlar düşünür ki, lazer epilyasiyası xərçəng kimi xəstəliklər yaradır. Lazer epilyasiyasının nə kimi ziyanları var?

- Sağlamlıq durumu normal olan insanlara lazer epilyasiyasının ziyanı yoxdur. Onkoloqların araşdırması nəticəsində də məlum olub ki, epilyasiya xərçəng yaratmır. Lakin mioması, fibroması olan xanımların lazer epilyasiyası etmək olmaz. Əgər dərisində problemi, açıq yarası, gerpesi yoxdursa, lazer epilyasiyası 15 yaşından yuxarı hər kəsə oluna bilər. Epilyasiya prosüedurundan öncə həkimlər də xəstə ilə maraqlanmalı, onlarla söhbət aparmalı, xəstəliklərini öyrənməlidir. Həkim soruşmasa da, pasientlər özləri məlumat verməlidir. Hamilə qadınlara lazer epilyasiya etdirmək olmaz. Lazerin dölə nə qədər ziyanı olduğu tam bilinmir. Bəzi həkimlər deyir ki, 3 aydan sonra hamilə qadın lazer etdirə bilər. Mən buna qarşıyam. Hamilə və süd verən ana lazerdən uzaq durmalıdır.

- Epilyasiya aparatları müxtəlif olduğu kimi , yəqin, onların təsir gücü də fərqlidir...

- Düzdür, aparatlar fərqlidir. Onlar haqda saatlarla danışmaq olar. Azərbaycan qadınlarının dəri tipinə, tükünün qalınlığına görə K- Aleksandirit aparatı məsləhətlidir. Xanımlar lazer epilyasiyasına gedən zaman aparatla maraqlanmalıdırlar.Çünki bəzən bir xanım gəlib, deyir 5 prosedur keçib. Lakin hansı aparatla tüklərdən azad olduğunu isə bilmir. Kosmetoloji prosedurdan öncə pasient hansı ləvazimatlardan, gellərdən, preparatlardan istifadə olunduğunu soruşmalıdır. Çünki başqa həkim- kosmetoloqa müraciət edən zaman onlara öncədən məlumat verilməlidir. Gigiyena qaydalarına nə dərəcədə əməl edildiyinə baxılmalıdır. Bir çox prosedurlar iynə vasitəsilə aparılır, pasient iynənin yeni açıldığına baxmalıdır. Çünki dəri altına daxil edilən iynə bir çox xəstəliklərə yoluxdura bilər. Həkimin əlcək, üz maskası taxması vacibdir.



- Bir az da gellərdən danışaq. Süni və təbii gelin fərqi. Kimlərə gel tətbiq etmək olmaz.

- Xanımlar ucuz və uzunmüddətli olduğu üçün süni gellərə üz tutur. Lakin süni gellərin fəsadları çoxdur. Bir müddət sonra süni gellər tətbiq olunduğu nahiyədə düyünlənib qalır, bədənə mənfi təsirlər göstərir. Məsləhətdir ki, bədəninin hansısa nahiyəsini doldurtmaq istəyən şəxslər təbii gellərə üz tutsunlar. Süni gelin allergiya verməsi, fəsadlar yaratması qaçılmazdır. Təbii gelin tərkibində gialuton turşusu var, o da bədənimizə doğma olduğu üçün allergik və başqa fəsadlar vermir.

- Gellərin qiymətləri neçəyədir?

- Təbii gellər 200 manatdan başlayır və insan orqanizminə uyğun bədəndə qalır. Təbii gellərin qalıcılığı 6-10 ay arasıdır. 6 ay sonra yavaş-yavaş sorulur. Elə şəxslər var ki, 2 ilə qədər bədənlərində qalır. Dediyim kimi, hər şey insan orqanizmindən asılıdır. Süni gellər 40-50 manatdan başlayır.

- Süni gelləri yandıraraq tamamilə bədəndən təmizləmək olur?

- Süni gellər əridilir və kiçildilir. Lakin əməliyyatla da olsa, bədəndən tam getmir. Ona görə süni gel məsləhət görülmür. Mən süni gellərdən istifadə etmirəm. Bizdə hətta müqavilə də var, kosmetoloji prosedura başlamamışdan öncə pasientlə söhbət aparırıq. Əgər onda fərdi xüsusiyyətlər, hamiləlik, südvermə və bir çox xəstəliklər varsa, onu qəbul etmirik. Pasient öncədən müqaviləni oxuyur və anketi doldurur. Ondan sonra prosedura başlayırıq. Öncədən süni gel tətbiq olunmuş pasientləri də qəbul etmirik.



- Artıq kişilər də lazer epilyasiyasına və bədənin müxtəlif nahiyələrinin doldurulmasına üz tutur. Onlar üçün də fəsadlı və fəsadsız tərəfləri var...

- Artıq kişilər də kosmetoloji prosedurlar üçün müraciət edir.Əvvəllər kişilər bu cür addım atanda insanlaraa qəribə gəlirdi. Hazırda adi hal alıb. Onlar daha çox üz dərisinin təmizlənməsi (çistka) üçün gəlirlər. Lazer epilyasiyası, üzün gellərlə doldurulması üçün müraciət edənlər də az deyil. Hazırda dodağında dəyişiklik etdirmək istəyən kişilərin sayı qadınlardan çoxdur. Epilayasiya üçün gələnlərin çoxu qaşlarını götüzdürmək üçün müaciət edir. Qadınlarda keçərli olan fəsadlar kişilərə də aiddir.