SON DƏQİQƏ

“Anarın qədəmi dəyən yer ziyarətgahdır” - Namiq Məna ilə qalmaqallı söhbət

Tarix:11-01-2019, 14:33

"AYB Qubadlı bölməsinin sədri olmağa razılıq verməzdim”

 

- Bir ildən artıqdır ki, Azərbaycan Yazıçlar Birliyi, Qubadlı regional bölməsinin rəhbərisiniz. Ötən il Qubadlı bölməsi olaraq nə işlər gördünüz?

- Azərbaycan Yazıçlar Birliyinin Qubadlı bölməsi bir il öncə yaradılıb. Dörd rayonu təmsil edir: Laçın, Kəlbəcər, Qubadlı və Zəngilan. Amma buna baxmayaraq Sumqayıtdan, Qarabağ, Zəngəzur mahalından olan insanlar da sıralarımıza qoşulur. Çünki AYB-nin sədri Anar müəllimin də bizə tövsiyəsi olub ki, şeirə, ədəbiyyata marağı olan yeniyetmələri orta məktəbdən cəlb etmək lazımdır. Bu bölmə yaradılandan yüzə yaxın tədbir keçirmişik: şair-yazıçılarla, hərbi hissələrdə əsgərlərlə görüşlərimiz olub. Şəhidlərlə bağlı tədbirlərimiz keçirilib, Beynəlxalq Muğam Mərkəzində tədbirimiz olub. Mərhum şair-jurnalist Xasay Cahangirovun adını əbədiləşdirmək üçün bölmənin tərkibində Xasay Cahangirov adına dərnək yaratmışıq, o dərnəyə məktəbliləri dəvət eləmişik. Çox tədbirlərimiz olub, hazırda xatırladıqlarım bunlardır.

- AYB rəhbərliyi fəaliyyətinizdən razıdır?

- Əlbəttə. Onlar da fəaliyyətimizi təqdir edirlər.

- Yəqin sizi nüfuzunuza görə dərnəyə gələn çox olar.

- Səmimi deyim ki, tanınmış simanın bu sahədə olması çox kömək edir, üzv olmaq istəyənlər çoxalır.

- Qubadlı bölməsinin rəhbəri olmaq təklifi kimdən gəldi?

- Anar müəllimin müşaviri Rauf müəllimlə (Rauf Aslanov, Anarın müşaviri – red.) görüşdük, danışdıq. O dedi ki, sən yetəri qədər potensiallı kadrsan. Sözün açığı, mənim elə ciddi fikrim yox idi, çünki mənə çox işlər təklif olunur, getmirəm. Həvəsim olmayan işi qəbul etmirəm. Mənim yetəri qədər populyarlığım var, əlavə məşhurluq lazım deyil. Amma təbii ki, AYB daha ciddi qurumdur. Biləndə ki, burdan Səməd Vurğun, Rəsul Rza kimi dahi çıxıb oranın üzvü olmaq bəs edir.

"AYB Qubadlı bölməsinin sədri olmağa razılıq verməzdim”

- Siz də onların sırasına qoşulmaq istədiniz.

- Yox-yox. Mənim onlara çatmağıma çox var. Sadəcə olaraq, düşündüm ki, bu işin öhdəsindən gələ biləcəmmi? Bilirsiniz, şairlik bir başqadır, təşkilatçılıq bir başqadır. Adam var ki, şairliyi güclüdür. Təbii ki, mən özümü şair saymıram. Şair mənim üçün Nizami Gəncəvidir, Rəsul Rzadır. Amma hərdən də düşünürəm ki, kaş əvvəldən AYB üzvü olaydım, bu sahəyə gəlməkdə gecikmişəm. Şifahi xalq ədəbiyyatının bir qolu olan bədiyə də ədəbiyyatın bir qoludur. O da şairdi, bu da, sadəcə biri bədahətən deyir, o biri kağıza yazır. Doğrusu bədiyə ilə şeir arasında elə bir ciddi fərq görmədim.

- Sizin sədr seçilməyiniz birmənalı qarşılanmadı.

- O fikirləri eşidirdim, oxuyurdum. Amma səbrimi basırdım ki, qoy müəyyən müddət keçsin, bir iş görək, sonra o insanlarla rastlaşaq, görək dəlilləri nədir, fikirləri nədir. Bir insanı gözdən salmaq üçün kimlərsə çıxıb nəsə deyə bilər, amma bu sözlər müvəqqətidir. Özümü güclü istedad saymıram, amma bilsəydim ki, bu işin öhdəsindən gəlməyəcəm AYB Qubadlı bölməsinin sədri olmağa razılıq verməzdim.

- Nə vaxtsa AYB sədri olmaq təklif olunsa, qəbul edərsiniz?

- Yox, istəmirəm. Allah Anar müəllimin ömrünü uzun eləsin, Anar müəllimi salamlayıram. Mən ömrümün sonuna qədər Anar müəllimə, Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı, cənab Malik İsaqova borcluyam. Az yaşımla mənə bu boyda etimad göstərilib.

"Deyirdim ki, heç siqaret çəkmirəm”

- Meyxanaya niyə bədiyə deyirsiniz?

- Sovet dönəmində milli-mənəvi dəyərlərimizə dəyən zərbələr bu janrdan da yan keçməyib. Bədiyə janrı meyxanalərə sürüklənib, nüfuzuna xələl gətirməyə, küçə folkloru kimi təqdim etməyə çalışıblar. Amma heç də belə deyil. Orta məktəb dərsliklərindən də öyrəndiyimiz kimi Vaqiflə Vidadinin bədiyələri olub, şeirləşiblər. Sabirin yazdığı şeirlərin əksəriyyəti bədahətən söylənilən bədiyələrdir. Əzizə Cəfərzadənin bədiyə janrı haqqında böyük məqaləsi var. Bədiyənin kökləri IV əsrə gedib çıxır.

"Mənə qarşı elə ifadə işlədən də olmayıb”

- Meyxana deyəndə adamın yadına musiqi-ritm düşsə də bədiyə deyəndə yada düşmür. Heç Vidadi ilə Vaqifin deyişmələri də ritmlə olmayıb, amma Vahidin meyxanaları ən azı çırtma ilə deyilib.

- Vaqiflə Vidadinin dövründəki bədiyələr musiqi ilə deyilmirdi. Zərdabinin dövründə sosial mediya var idi, yox? Bədiyə də inkişaf edib, forma etibarilə dəyişib. Əvvəl sadəcə şeirləşiblər, zaman-zaman musiqi, ritm də əlavə olunub. O dövrdə deyilən bədiyələrlə bu dövrdə deyilən bədiyələr arasında yerlə-göy qədər fərq var.

- Hər halda, sizin gətirdiyiniz "bədiyə" termini demək olar, işlək olmadı. Razısınız?

- Mən bunu alimlərin sözünə istinadən işlədirəm. Şeyx Nizaminin "Sirlər xəzinə”sində, "Kəlilə və Dimnə”də, Manaf Süleymanovun "Eşitdiklərim, oxuduqlarım, gördüklərim” əsərində bu söz işlənir. Bütün klassiklərdə "meyxana” sözü məkan kimi keçir, bunu araşdırmışam. Sovet dövründə deyirdilər ki, spirtli içki içmədən meyxana demək olamaz. Bu da məni çox ağrıdırdı, çünki idmanla məşğul olurdum. Deyirdim ki, heç siqaret çəkmirəm, inanmırdılar. Bu da Sovet dövründə janra vurulan zərbə idi. Bəzən deyirlər ki, onda qeyri-etik ifadələr işlənən nümunələr meyxanadı, bədiyə bir az elmi deyilişdi. Mən onunla da razılaşmıram, qeyri-etik ifadələr işlənən janr həcvdir.

- Açıq-saçıq ifadələr işlənən meyxanaları qəbul etmirsiniz?

- Mən yox. Xoşum gəlmir. Xarakterimə uyğun deyil. Bunun üstündə başqa bədiyəçilərlə o qədər qırğına çıxmışam ki. Kimsə deyişmədə qeyri-etik ifadə işlədirsə, məclis qurtarandan sonra onunla başqa cür söhbət edirəm ki, sən niyə o ifadəni demisən. Düzdür, mənə qarşı elə ifadə işlədən də olmayıb. Bilirlər ki, ciddi şəkildə etiraz edəcəm.

"Birinin adını çəksəm, o birinin adını çəkməsəm, kimsə inciyər”

- Sənət yoldaşlarınız bu janrın bədiyə olduğunu qəbul edir?

- Hamısı da bilir ki, bunun adı meyxana deyil, bədiyədir. Sadəcə olaraq, qısqanclıqdan işlətmirlər. Bəziləri deyirlər ki, Namiq Məna bunu tarixə düşmək üçün deyir. Mən onsuz da tarixdəyəm, həndəsədə, coğrafiyada deyiləm. Tarixdə qalacam. Bilirsiniz, bəzən elə adamlar efirə çıxıb bizim janr haqqında danışır ki, adam onların yerinə utanır, baxırsan ki, janrın tarixi haqqında heç nə bilmir. Bizim janrla bağlı elə adam efirə çıxarılmalıdır ki, oturuşunu-duruşunu bilsin, etik normalara riayət eləsin, ağlı başında olsun. Sənət dostlarımın arasında yetəri qədər istedadlıları var. Onlara imkan versən roman da yazarlar, dram da, hekayə də. Amma çoxları bu gün dolanmaq üçün toylara gedir, istedadlarını inkişaf etdirmirlər.

- Mütaliə ilə aranız necədir?

- Axır vaxtlar demək olar ki, oxumağa vaxt olmur.

- Axır vaxtlar deyərkən?

- Qubadlı bölməsinə sədr təyin olunandan sonra demək olar, vaxt yoxdur.

- Əvvəllər nə oxuyurdunuz?

- Deyim ki, ciddi şəkildə oxumuşam, yox. Çünki yazılı ədəbiyyata çox meyl elədikdə bədahətən demək bacarığı azalır. Mən belə düşünürəm.

- Sevdiyiniz şair, yazıçı da yoxdur?

- Təbii ki, çoxdur. Birini sadalasam, o birini sadalamasam, kimsə inciyər. Ya kiminsə əsərinin adını çəkib, o birinin əsərinin adını çəkməsəm düz olmaz.

- Anarı necə, oxumusunuz?

- Ooo, Anar müəllim bizim canlı əfsanəmizdi. Anar müəllimin çox əsərlərini oxumuşam. Mikayıl Müşfiqin anım günündə gəmi ilə Nargin adasına getmişdik. Orda Anar müəllim tək əyləşmişdi, o qayğılı görkəmə nəzər yetirəndə sanırdın ki, zirvədə bir qartal oturub. Sumqayıt Dövlət Universitetində də Anar müəllimlə görüş keçirildi. İnandırım sizə ki, çox səmimi görüş oldu. Ordakı görüş zamanı da vurğuladım, onun qədəmi dəyən yer poeziyasevərlər üçün ziyarətgahdır.

Mirmehdi
Pərvanə Ağazadə (Foto)
AzNews.az

image description
image description
image description
 

 
скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ