- Ölkənin tək-tük müğənnilərindənsiz ki, çərçivələrə sığmırsız, azadsız. Sizi çərçivədə saxlamaq üçün nə boyda ərazi olmalıdır?

- Əslində həyatda başqa cürəm. Nə qədər kamera qarşısında açığamsa, o qədər şəxsi həyatda utancağam. Mənə tərif gələndə... Nə bilim. Elə dostlarım var ki, onlar mənim siqaret çəkməyimi belə görməyiblər. Bir dəfə belə bir hadisə olmuşdu. Zülfiyyə Xanbabayeva içəri girəndə siqareti ovcumda söndürdüm. Məsələn, küçədə qısa paltarda gəzmərəm, gəzə bilmərəm. Dizdən yuxarı paltarda elə bilərəm ki, lütəm. Həyatımı başqa cür yaşayıram, çərçivələrim də var. Fərqli anlarda, fərqli yerdə, fərqli adamlarda çərçivələrimin ərazisi dəyişir.

- Sevdiz, ailə qurduz, bu nikahdan övladınız Hüseyn da dünyaya gəldi. İndi sizin eks-həyat yoldaşınız Anar məhkəmə qarşısındadır. Mənə maraqlıdır, bizim tanıdığımız Röya bütün problemləri kənara qoyub keçmiş həyat yoldaşının maddi və mənəvi olaraq yanında oldumu?

- Biz hamımız ailəyik. Bizim övladımız var. Onun məndən əvvəlki və sonrakı övladları mənim övladlarımdır. Bunu hər kəs bilir. Biz kağız üzərində ayrılmışıq. Amma bütöv bir ailəyik. Bunu bir müddət sonra özünüz görəcəksiz. Mən o qadınlardan deyiləm ki, o ailə haqqında pis fikirdə olum, uşağı görüşdürməyə qoymayım. Qətiyyən! Düşünürəm ki, qan bağlılığı var və onlar ömür boyu qohumlarım olaraq qalacaqlar. Qayınlarım, qayınanam var ki, onlara görə ölümə gedərəm. Qayınatam var ki, başqasının günahını daşıyır. İnşallah ki, bunun sədasını hər yana çatdırarıq, azadlığa çıxar!