SON DƏQİQƏ

“İndi meyxanaçıların hərəsi yanına bir qız salıb...” - Meyxanaçı Vüqar

Tarix:7-04-2018, 12:04

"


- Bəzən deyirlər ki, klassik meyxana artıq musiqili meyxanaya uduzub. 

- Bəli, uduzub... Mən bunun mübarizəsinə qalxmaq istəyirəm və artıq bir layihəm var. Yenidən klassik meyxananı qaytarmaq... Əslində klassik meyxana indikindən daha güclüdür. O meyxananın öz ab-havası, tərzi var və tamaşaçının bu cür meyxanaya marağı daha çoxdur. Sadəcə, bizim ən böyük bədbəxtçiliyimiz ondan ibarətdir ki, hamı toy bazarına qaçır. Bu, aktyorlara, müğənnilərə də təsir edib. Səhnə deyilən şey yığışdırılıb. Və səhnəyə, efirə çıxarılası meyxanamız yoxdur. Bir vaxtlar ANS televiziyasında meyxana deyişmələri olurdu, uşaqlar orda çox işlər görürdü. Təvazökarlıqdan uzaq olsa da deyim ki, mən özüm də orada bir neçə meyxanaçı yetişdirdim. 

Onlarla əməlli-başlı məşqlər keçirirdik ki, sözləri düzgün desinlər, təqdim etsinlər. Bu işdə mənim zəhmətim az deyil və bu gün onun bəhrəsini görənlər var. Sadəcə, nədənsə bu gün camaat ağır, yəni sanballı sözün deyil, yüngül sözün dalınca qaçmağa başladı. Ağır, sanballı söz dedikdə əsl meyxana, ağır qafiyə nəzərdə tuturam. 
Məndən sonra gələn meyxanaçıların demək olar ki, böyük əksəriyyəti bu gün gündəmdə olanlardır. Onlar yaxşı meyxanaçıdırlar, təbləri də, sözləri də yaxşıdır. Sadəcə istiqamət, gediş odur ki, hamı o tərəfə qaçır. 

Meyxanaçıların ağırlığı itib. İndi hərə yanına bir qız salıb, bir obraza girib. Bir də görürsən ki, kimsə kostyumda, frakda səhnəyə çıxıb, çox ucuz bir şey oxuyur. Məsələn, "Canı canda görən, gülü güldanda görən ağlasın” kimi mahnılar ortaya çıxır. Gülü güldanda görən və ya canı canda görən niyə ağlasın? Bu çox məntiqsizdir. 

- Amma etiraf edək ki, bu gün onlar daha çox populyardır, daha çox istəniləndir...

- Bəli, daha çox qazanırlar, bunu niyə demirsiz... Layihələrim haqda demək istəyərdim. Birinci layihəm odur ki, istəyirəm klassik meyxana ilə bağlı televiziya formatlı veriliş hazırlayım. Yəqin ki, yaxın günlərdə bununla bağlı hazırlıqlar bitəcək. Məqsəd də odur ki, tanıdığımız, sevdiyimiz meyxanaları bir araya toplayaq. 

- Əgər yanılmıramsa meyxanaya duet formasını ilk dəfə siz gətirmisiz...

- Demək olar ki, mən gətirmişəm. Bu arada bir məsələni qeyd etmək istəyirəm. Əslində musiqili meyxana deyilən bir şey yoxdur, biz özümüz onun adını bu cür qoymuşuq. Vaxtilə Ədalət Şükürovla biz "Bağlıdır qapı” mahnısının bir versiyasını sintez etdik. Yəni, onun oxuduğu mahnıya mən meyxana dedim. Bu da çox gözəl alındı, sevildi. Ondan sonra mən Heydər Əliyev sarayında iki dəfə konsert verdim. Həmin konsertlər zamanı Almaz Ələsgərli, Röya Ayxan və digərləri ilə ifa etdim. Lakin oxuduqlarım demək olar ki, hamısı mahnı deyildi. 

Hətta arada Teyyub Aslanla muğam-meyxana sintezi etdik. Lakin məndən əvvəl bu işi rəhmətlik Nizami Rəmzi etmişdi. Lakin onun ifası mahnı idi, meyxana deyildi. Necə ki, indi oxuyurlar, "Aşiq, mən aşiq...” Yəqin ki, o vaxt Nizami bunu konsert xətrinə etmişdi. Bizə elə gəlir ki, meyxanaçı ifa etdiyi üçün biz ona musiqili meyxana deyirik. 

Amma xeyr, Nizaminin səsi var idi. Daha sonra Namiq Qaraçuxurlu bunu Könül Kərimova ilə etdi və sairə. 

Bunların hamısı mahnıdır, meyxana deyil. Məsələn, mən də "Köhnə bağlar” oxuyuram. O da meyxana deyil, mahnıdır. Sadəcə şanson kimi öz dilimdən tamaşaçıya təqdim etdiyim bir ifadır və qəbul olunur. 

Bəzən də olur ki, bizim çox gözəl xalq mahnılarımıza bədahətən nəsə deyirlər, bu da parodiyadır. Hansı ki, bu formanı mən lap çoxdan etmişəm. İndi gənclər bu formanı daha çox toylarda oxuyur. 


- Bir az öncə duet ortaqlarınızdan söz açdınız. Biz müddət sonra nədənsə bunu davam etmədiz. 

- Çünki çox qorxuram qınaqdan, adam danışır qıraqdan, sonra da adam utanır arvad-uşaqdan. Necədir?

(zarafatla gülümsəyir-müəl.) Sözün düzü təkliflər çoxdur. Birinə artıq "hə” demişəm, amma qız-qadın deyil. 

Qızlardan bir neçəsi təklif edir... Düzdür, bizim də aramızda xətir-hörmətimiz var, ola bilsin ki, oxudum. Amma yenə də qınaq edəcəklər ki, "hə, Vüqar filankəsdən sonra bunu etdi”. Əslində daha böyük işlər görmək istəyirəm. 

Bu işlər insanı öz qəlibindən, qabından çıxarıb, aparır başqa istiqamətə. Mən bunu Ədalət Şükürovla oxuyanda gördüm. Ancaq o mahnıya görə ayda 10-15 dəfə bizi Moskvaya çağırırdılar. Artıq ayda 10-15 dəfə ora gedib-gəlməklə əvvəlki ətrafını, işini itirməyə məcbur olursan. 

O vaxtkı duetləri də konsert xətrinə etmişdim. Sadəcə, konsert bitdikdən sonra məndən o duetləri istəməyə başladılar. Bunların hamısı tarixə, insanların yaddaşına düşüb. Bəlkə biz dünyadan köçəndən sonra da yenə də dinləyəcəklər. 

- Son vaxtlar efirlərdə də az görünürsüz.

- Bir qədər seçim edirəm, hər çağrılan verilişə getmirəm. 

- Əslində peşəniz kino və dram aktyorluğudur. Hətta 2000-ci illərin əvvəllərində bir neçə, o cümlədən "Adam ol” filminə də çəkilmisiz...

- Yox, onlara film deməzdim. Mən yalnız bir filmə çəkilmişəm, Məhərrəm Bədirzadənin rejissorluğu ilə "Sonuncu şahid” adlı 4 serialdan ibarət filmə. Daha sonra "Planeti parni iz Baku” KVN teatrı ilə bir neçə filmə çəkildim. 

"Adam ol” filminə gəldikdə isə, o vaxt Sərxan Moskvadaydı. Birdən ağlına gəldi ki, məni də epizodik olaraq çəksin. Aramızda hörmətimiz olduğu üçün imtina etmədim. Sadəcə filmə çəkiləndə ssenari iə tanış deyildim, bilmirdim hansı obrazı yaradacam, 1-2 epizoda çəkildim. Bunu da özüm üçün iş hesab etmirəm. 

- Bəs indi dəvət yoxdur, yoxsa özünüzü yeni çəkilən filmlərdə görmürsüz?

- Birincisi dəvət yoxdur. İkincisi də o filmdə deyildiyi kimi, "Deyəsən, Şura hökuməti bizdən qorxur”, deyəsən məndən bir qədər qorxur, çəkinirlər. Bilirsiz ki, mən teatr rəhbəri də olmuşam, rejissorluq, ssenari yazmaq bacarığım da var. Lakin bunu göstərməyə imkanım olmayıb. Həm də məni daha çox meyxana öz tərəfinə çəkib, aparıb. Ola bilsin ki, bəziləri dəvət etmək istəyir, amma düşünür ki, birdən vaxtım olmaz və ya böyük qonorar istəyərəm və yaxud gəlib onların işini bəyənmərəm. İndi serial və filmlərin əksəriyyəti qeyri-peşəkar çəkilir. Bəzən çəkiliş meydançasında bir neçə adamın işini bir adam görür, daha doğrusu görmək istəyir. Bu da qeyri-peşəkarlıqdan xəbər verir. İndi bizim çəkilən seriallara, kinoteatrlarda təqdim olunan filmlərə baxsaz, çox böyük qeyri-peşəkarlıq, bayağılıq var. Bir dəfə bax, at qırağa. Son illərdə çəkilən filmlər "Yol əhvalatı”, "Bəyin oğurlanması”, "Bəxt üzüyü” filmləri ilə heç cür müqayisəyə gəlmir. Halbuki, çox müasir texnikadan istifadə edilir. 

Çıxıb deyirlər ki, "Azərbaycan kinosunda ilk dəfə!”, ya mistika, ya fantastika və sairə. Ay kişi, bunların hamısını ediblər. "İlk dəfə”, "Ən birinci”, bu sözlər bizim evimizi yıxıb, xəbəriniz var? Adam utanır desin ki, bəlkə ilk dəfə Qaqarindən də öncə kosmosa uçan olub?...

- Bu gün redaksiyamızın qonağısız. Bir meyxana demədən sizi buraxmaq istəmirik (zarafatla).

Barmaqlarını stola döyəcləyərək ritm tutur və bədahətən meyxana oxuyur...

 
 
 
 


 

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ