www.DOGRU.tv - Onlayn Televiziya » Ölkə İçi » Funikulyorda Azərbaycansayağı ödəniş: 50 qəpiklə işləyən avadanlıq üçün 1 manat...

Funikulyorda Azərbaycansayağı ödəniş: 50 qəpiklə işləyən avadanlıq üçün 1 manat...

Bölmə: Ölkə İçi
Funikulyorda Azərbaycansayağı ödəniş: 50 qəpiklə işləyən avadanlıq üçün 1 manat...
Son illər paytaxtda həyata keçirilən quruculuq işləri Bakını dünyanın inkişaf etmiş şəhərlərindən birinə çevirməkdədir. Paytaxtın gözəlliyinə xüsusi yaraşıq verən, şəhərimizin sakinlərinə və qonaqlarına xidmət göstərən obyektlərdən biri də Bakı Funikulyorudur.

Bakı Funikulyoru 1960-cı il mayın 5-də istifadəyə verilib. Funikulyorun ilk vaqonları o zaman xüsusi sifarişlə Ukraynanın Xarkov şəhərində hazırlanaraq gətirilib. İki stansiyadan ibarət funikulyorun vaqonu saniyədə 2,5 metr sürətlə hərəkət edərək bir stansiyadan digərinə 4 dəqiqəyə çatırdı. Vaqonlararası intervalı 10 dəqiqə olan funikulyor saatda orta hesabla 2 min sərnişini daşımaq imkanına malik idi.

Bakı Funikulyoru müxtəlif vaxtlarda bir neçə dəfə təmir edilib. Prezident İlham Əliyevin göstərişinə əsasən 2012-ci ildə Bakı Funikulyoru əsaslı şəkildə yenidən qurulub.

Əvvəllər əhaliyə pulsuz xidmət göstərən Bakı Funikulyorundan sonralar istifadə etmək üçün insanlar 50 qəpik ödəməyə başladı. Ancaq bu qiymət 50 qəpik həddində də qalmadı. İndi artıq funikulyordan istifadə etmək üçün bir gedişə bir manat ödəmək lazımdır. Yəqin ki, bu qiymət artımına Bakı Şəhər İcra Hakimiyyətinin bir əsaslı səbəbi var. Funikulyorun girişində icra hakimiyyətinin qiymət artımı ilə bağlı sərəncamı barədə məlumat da yerləşdirilib. Ancaq həm paytaxt sakinlərini, həm də xüsusi ilə turistləri maraqlandıran məsələ odur ki, nəyə görə girişdə aparata 50 qəpik salınır, ancaq insanlardan bir manat alırlar?
Funikulyorda Azərbaycansayağı ödəniş: 50 qəpiklə işləyən avadanlıq üçün 1 manat...
Orada söhbətləşdiyimiz şəhər sakini Abdulla Mirzəyev deyir ki, bir neçə dəfə xarici ölkələrdən gələn qonaqlarla Bakı Funikulyorundan istifadə ediblər. Xarici turistləri təəccübləndirən odur ki, insanlardan bir manat alınır, ancaq özləri girişdəki aparata 50 qəpik ödəyərək onları içəri buraxırlar. Türkiyədən Bakı şəhərinə qonaq gələn Hakan Güvənin də narazılığı eynilə belə idi.

Ola bilər ki, enerji daşıyıcılarının qiymətlərində olan artımlar bu sahədə də qiymət artımını zəruri etsin. Ancaq əgər qiymət artımına zərurət yaranıbsa, gərək içəri keçmək üçün istifadə edilən avadanlıqda da düzəliş olunardı. Yəni hər kəs görərdi ki, funikulyordan istifadə haqqı neçəyədir.

O da mümkündür ki, hələlik bu avadanlıqların yeniləşdirilməsinə imkan olmayıb. Ancaq Bakı Şəhər İcra Hakimiyyətinin qiymət artımı ilə bağlı sərəncamı barədə məlumatı bir neçə yerə yapışdırıb insanların gözünə soxanlar gərək bu barədə də bir məlumat hazırlayıb orada yerləşdirərdilər. İnsanlar haqlıdır. Onlar hardan bilsin ki, aparata ödəmədikləri 50 qəpiyin taleyi necə olur.