www.DOGRU.tv - Onlayn Televiziya » Ölkə İçi » Qubanın Mirzəqışlaq kənd sakiniləri qışa azuqəsiz gedir

Qubanın Mirzəqışlaq kənd sakiniləri qışa azuqəsiz gedir

Bölmə: Ölkə İçi
Qubanın Mirzəqışlaq kənd sakiniləri qışa azuqəsiz gedir
Yayın cırhacırında əkin sahələri susuzluqdan yanan kəndlilərin çoxu məhsulsuz qalıb

"Bu yay havalar isti keçdi, kənd susuz qaldı. Əvvəlki illərdə olduğu kimi, su yenə də 5-6 imkanlının sahəsinə verildi".

Qubanın Mirzəqışlaq kənd sakini, hektarlarla sahədə taxıl əkmiş, ancaq məhsuldan əlini üzmüş Səxavət İsiyev belə deyir.

Kənddə əsasən, taxıl və tərəvəz məhsullarının əkininə üstünlük verilir. Bağlardasa alma, şaftalı, gilas ağacları çoxluq təşkil edir. Kəndlinin iddiasına görə, alma bağı vaxtlı-vaxtında suvarılmadığından məhsuldarlıq yarıbayarı azalıb:


"Meyvələr susuzluqdan çürüdü, töküldü, ağacda qalanın da yarısı tullantıya gedəcək... Taxıl o tərəfdə yandı... Arvadla öz pensiyamı bir yerə qoyub, aylarla yığıb gübrə, dərman almaq mənə qaldı. 1000 manata qədər zərərə düşdüm. Bu suyun pulunu da ödəyirik, yenə susuz qalırıq".


“İNDİ GECDİR”

Bütün ili əziyyət çəkib, susuzluq üzündən kənd təsərrüfatı iflasa uğramış fermer Natiq Babalı da narazılığını dilə gətirir:

"Bütün ili çalışırıq, zəhmət çəkirik, torpağı əkinə hazır vəziyyətə gətiririk, ordan-burdan pul toplayıb, ona-buna yalvar-yapışla, daha ucuz qiymətə gübrə, dərman dilənməklə əkin işləri aparırıq. Gəl ki, yığım mövsümü gələndə əlimiz ətəyimizdən uzun qalırıq. Bütün yayı suya görə didişmişik, yoxdur, su vermirlər. Hələ indi-indi başlayıblar suyu buraxmağa, indi də gecdir".

Kəndlilərin iddiasına görə, problem ondadır ki, Samur-Abşeron su kanalından kəndə verilməli olan suvarma suyu yayboyu "ərşə çəkilib". Aidiyyəti qurumlarsa hər dəfə bir bəhanə ilə təsərrüfat sahiblərini "yola veriblər". Kənd sakini Laləzar Daşdəmirova:

"Bəli, bizi yola verdilər, suyu öz qohum-əqrəbalarına ötürdülər. Bir azdan aqrotexnika da öz sahələrinə veriləcək. Sonra da deyəcəklər, ay kəndli, öl, öldüyün yerdə qal, heç yerə getmə, başqa yerdə dolanışıq axtarma, torpaq ye, səsini kəs".



SAMURDA SUYUN SƏVİYYƏSİ DÜŞÜBMÜŞ

Mirzəqışlaqlılar deyir, bu problem təkcə onların deyil, qonşu kəndlərdə də qışa azuqəsiz, zərərlə gedənlər var.

Meliorasiya və Su Təsərrüfatı Səhmdar Cəmiyyətinin Samur-Abşeron kanalının istismar idarəsindən "Qaynar xətt"ə bildirilib ki, Samur çayının suyu Xəzər dənizi, Dağıstan və Azərbaycan arasında bərabər paylanır. Şimal rayonlarının bir hissəsini suvarma suyu ilə təmin edən Xanarx kanalı da suyu Samurdan götürür. Üstəlik də, yay fəslinin quraqlıq və isti keçməsi Samurda suyun səviyyəsini aşağı salıb. Problem də bundan yaranıb.

Kəndlilərisə maraqlandıran nəticədir – qarşıda onları azuqəsiz, soyuq qış gözləyir. Onlar ölkə başçısının suvarma işinin yaxılaşdırılması ilə bağlı yayqabağı məmurlara verdiyi tapşırıqların qulaqardına vurulduğunu deyirlər.