www.DOGRU.tv - Onlayn Televiziya » Ölkə İçi » “Ölüm hökmünün bərpası tükürpədici cinayətləri önləyə bilməz”

“Ölüm hökmünün bərpası tükürpədici cinayətləri önləyə bilməz”

Bölmə: Ölkə İçi, Araşdırma, Xəbər Lenti
“Ölüm hökmünün bərpası tükürpədici cinayətləri önləyə bilməz”

Son vaxtlar ölkəmizdə azyaşlıların ölümü və zorlanması ilə bağlı bir neçə tükürpədici cinayətin baş verməsi cəmiyyətdə ciddi narahatlığa səbəb olub. Hətta bəzi millət vəkilləri yaşanan hadisələr fonunda ölüm hökmünün bərpasının gərəkliliyi ilə bağlı fikirlər səsləndirməkdədir.

Görəsən, ölüm hökmünün bərpası bu kimi ağır cinayətlərin baş verməsini önləyə bilərmi?

Moderator.az-a açıqlama verən tanınmış hüquqşünas Əyyub Kərimov bu qənaəti bölüşmədiyini vurğuladı:

“Hər kəsin fikir, düşüncə azadlığı var və hər kəs fərqli cür düşünə bilər. Ölüm hökmünün bərpası ağır cinayətlərinn qarşısının alınmasına xidmət edə bilməz. Bu da mənim düşüncəmdir. Çünki ölüm hökmünün qüvvədə olduğu ölkələrdə dəhşət doğuran cinayətlər də baş verir. ABŞ-ın bir sıra ştatında ölüm hökmü qüvvədədir. Lakin bu o demək deyil ki, bu ştatlarda bu cür ağır cinayətlər olmur. Hesab edirəm ki, bu, çıxış yolu deyil.
Ölüm hökmü olan ölkələrdə məhkəmə səhvləri də var. Yəni hakimin səhvi insanı ölümə aparır. Məşhur bir aforizmdə deyilir ki, hakimin səhvini həbsxana, həkimin səhvini torpaq gizlədir. Lakin ölüm hökmü olan halda hakimin də səhvini bəzən torpaq gizləməli olur. Çünki ölüm hökmü həyata keçirilir. 37-ci illərə nəzər salın. Həmin dövrlərdə nə qədər insan ölüm hökmünə məhkum edilib ki, sonradan onlara bəraət verilib. Məlum olub ki, onlar günahsızdır. Yəni ölüm hökmü bəzən sui-istifadə hallarına da yol açır. Bu baxımdan mən bu qənaətdəyəm ki, ölüm hökmünün bərpası ilə tükürpədici cinayətlərin qarşısını almaq mümkün olmayacaq”.