www.DOGRU.tv - Onlayn Televiziya » Ölkə İçi » Qurban Qurbanov millimizin baş məşqçisi olsa...

Qurban Qurbanov millimizin baş məşqçisi olsa...

Bölmə: Ölkə İçi
Qurban Qurbanov millimizin baş məşqçisi olsa...
Ekspertlərin fikrincə, baş məşqçi indiki halda “Qarabağ”a daha çox lazımdır, çünki...


“Qarabağ” futbol klubumuzun tarixi uğura imza ataraq, Çempionlar Liqasının qruplarına vəsiqə qazanmasından sonra komandanın baş məşqçisi Qurban Qurbanovun ətrafında gedən müzakirələr artır. Çoxsaylı müzakirələrdən biri də, onun Azərbaycan millisinə baş məşqçi kimi gətirilib-gətirilməməsi ilə bağlıdır.


Hazırda millimizin baş məşqçisi olan Robert Prosineçkidən fərqli olaraq, Q.Qurbanovun futbolçularımızı daha yaxından tanıdığı, onların oyununa bələd olduğu qeyd olunur.


Bu fikirlərdən əlavə Q.Qurbanovun indiki halda “Qarabağ”dan getməsinin düzgün olmadığı da səslənən fikirlər sırasındadır.

Xüsusilə “Qarabağ” adı ilə qazanılan uğurların daha əhəmiyyətli olduğu barədə fikirlər az deyil. Qarşıdan Çempionlar Liqasının qrup oyunlarının gəldiyini nəzərə alaraq, indiki halda ümumiyyətlə, bu məsələnin gündəmə gətirilməsinin əleyhinə çıxanlar çoxluq təşkil edirlər. Bununla yanaşı, Qurbanovun həm millini, həm də klubu eyni zamanda, çalışdırmaq bacarığının olduğu da gündəmə gətirilir. İndiyə qədər türkiyəli baş məşqçi Fateh Terim başda olmaqla, dünyaca məşhur futbol məşqçilərinin milli və klubu eyni zamanda çalışdırdıqları, Qurbanovun heç də onlardan geri qalmadıqları, əksinə şəxsi və məşqçi keyfiyyətlərinin yüksək olduğu bildirilir. Əksər futbol mütəxəssisləri də bu fikirdədir. Lakin Qurbanovun millinin də eyni vaxtda baş məşqçisi olmasının “Qarabağ”a müəyyən çətinliklər yarada biləcəyi də dilə gətirilir.



Futbolla yaxından maraqlanan Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa Qurban Qurbanovun həm millini, həm də “Qarabağ”ı eyni vaxtda çalışdırmaq gücündə olduğunu qeyd etdi: “Burada sual başqa cür qoyulmalıdır. Qurban Qurbanov məgər millinin baş məşqçisi deyil ki? Bu günləri Azərbaycan millisi elə ”Qarabağ" deməkdir. Bu gün əsas hədəf Qarabağın qaytarılması, Qarabağ davasının aparılmasıdırsa, futbolda da əsas hədəf odur. Bu günləri biz Azərbaycan adından daha çox Qarabağ adını dünyaya hayqırmalıyıq. Ona görə də Qurban Qurbanovun “Qarabağ”da qalması daha məqsədəuyğundur. Bu adı dünyanın yaddaşına qəbul oturtmaqdan, həkk etdirməkdən böyük hansı qəhrəmanlıq ola bilər? Bundan böyük bir iş ola bilərmi? Əgər milli komandada “Qarabağ”da yaratdığı sistemi yarada bilsə, hətta orta səviyyəli oyunçular belə fədakarlıq göstərmək imkanına sahib ola bilərlər. Hesab edirəm ki, Qurban Qurbanovun “Qarabağ”da baş məşqçi olmağı millidə olması deməkdir. Çünki “Qarabağ” bu günləri Azərbaycanın özüdür. Yəni ölkə millisi kimi bir şeydir. Dünya arenasına bu gün onu daşımağımız ən vacib məsələlərdən biridir".



Qol.az saytının baş redaktoru Aydın Bağırov 2009-cı ildən Qurban Qurbanovun milliyə baş məşqçi gətirilməsi məsələsinin gündəmdə olduğunu bildirdi: “Berti Foqts dönəmindən başlayaraq, bu məsələ daim gündəmdə olub. Bir jurnalist kimi mən də tərəfdarı olmuşam ki, Qurban Qurbanov milliyə gətirilsin. AFFA-da görünür müəyyən qruplar olub ki, onun milliyə gəlməsində maraqlı olmayıblar. Onlara Foqts və Prosineçki ilə, yaxud hansısa bir əcnəbi məşqçi ilə işləmək daha maraqlı olub. Qurban Qurbanov onların maraqlarına cavab vermir. Çünki o, milliyə gələrsə, hər şey millidə onun diktəsi ilə olacaq. Əslində belə də olmalıdır. Məşqçi kənar müdaxilələrin qarşısını alır, hər şey onun tabeçiliyində olur. Əcnəbi məşqçilər olanda isə o qrupların manevr etmək imkanları olur. Amma Qurban Qurbanov kənar müdaxilələrin qarşısını ala bilir. Bu baxımdan inanmıram ki, indiki dönəmdə AFFA rəhbərliyi onun milliyə gəlişində maraqlı olsun. Digər tərəfdən düşünürəm ki, Qurban Qurbanov bu gün millidən daha çox ”Qarabağ" üçün vacibdir. Ən azından dünya çempionatının seçmə mərhələsinin sonlarına qədər o milliyə lazım deyil. Onsuzda seçmə mərhələ başa çatmaq üzrədir. Seçmə mərhələ artıq başa çatandan sonra o barədə düşünmək olar. Bugünkü vəziyyətdə Qurban Qurbanovun millidə çalışması onun zərərinə olacaq. Bu heç lazım da deyil, əlavə vaxt itkisidir. Yalnız dünya çempionatının növbəti seçmə mərhələlərində ola bilər. Qurban Qurbanov klublarımızı, yerli oyunçularımızı yaxından izləyir, Prosineçkidən fərqli olaraq. Bir faktı deyim ki, 4 klubumuz bu il Çempionlar və Avropa Liqasında mübarizə aparırdı, 20-ə yaxın oyun keçirdilər. Prosineçki onlardan birini də izləmədi. Artıq çempionatın da iki turu geridə qalıb. Prosineçki hələ də istirahət edir. Məndə olan məlumatlara görə, müxtəlif bəhanələrlə bunları edir. Bu baxımdan Qurban Qurbanovun millini çalışdırması bizim üçün daha faydalı ola bilər, amma təbii ki, indiki vəziyyətdə yox".