www.DOGRU.tv - Onlayn Televiziya » Ölkə İçi » Zərərçəkmiş: 'Nazir müavininin oğlu 20 qəpiklik malı dövlətə...'

Zərərçəkmiş: 'Nazir müavininin oğlu 20 qəpiklik malı dövlətə...'

Bölmə: Ölkə İçi, Xəbər Lenti
Zərərçəkmiş: 'Nazir müavininin oğlu 20 qəpiklik malı dövlətə...'
Keçmiş nazir Ziya Məmmədovun müavini, ondan əvvəl isə (2004-2015) “Azərbaycan Dövlət Dəmir Yolları” QSC-nin rəhbəri olmuş Arif Əsgərovun oğlu Elnar Əsgərovun adı dələduzluqla bağlı cinayət işində hallanır. Özü də Elnar Əsgərovun xalası oğlu Emil Hüseynovun işində. Arif Əsgərov Nəqliyyat nazirliyi bu ilin fevralında Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirilənə qədər müavin vəzifəsində çalışıb.

CM-nin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham olunan Emil Hüseynov həbsdə olmasa da, onun məhkəməsi gedir. İşə Bakı Ağır Cinayətlər Məhkəməsində Zeynal Ağayevin sədrlik etdiyi hakimlər kollegiyası baxır.


Avqustun 18-də məhkəmədə zərərçəkmişlər dindirilib. Onlar Emil Hüseynovla yanaşı, onun xalası oğlu Elnar Əsgərovu da suçlayıblar. İddia ediblər ki, onlardan alınmış və illərdir geri qaytarılmayan pullarının bir hissəsini sabiq nazir müavininin oğluna veriblər. Məhkəmədə o da məlum olub ki, Elnar Əsgərov da bu iş üzrə istintaqda bir neçə dəfə dindirilib.

“Elnarın atasını bütün ölkə tanıyır”

Zərərçəkmişlərdən Şahin Allahverdiyev deyir ki, təqsirləndirilən Emil Hüseynovla qohumdular, 82 min manat pulu isə ona birgə iş görmək üçün verib: “Dəfələrlə bir-birimizə pul alıb-vermişik, aramızda problem olmayıb. Axırıncı dəfə 82 mini verəndə razılaşmamız belə oldu ki, Türkiyədən mal gətirilib satılacaqdı, qazancdan mənə də veriləcəkdi. Birlikdə Türkiyəyə gedib, gətiriləcək avadanlıqlara da baxmışdıq. Emil həm qohumumdu, həm də yaşayışlarından görünürdü ki, vəziyyətləri yaxşıdır. Yəni iş görə bilirlər. Həm də Emilgil xalası oğlu Elnarla işləyirdi. Elnarın atasını da bütün ölkə tanıyır”.


82 min manatı 4 il əvvəl verdiyini deyən zərərçəkmişin sözlərinə görə, onun 2 min manatını geri ala bilib. O, qalan məbləğin 20 minini qohumuna bağışlamağa razıdır, qalan 60 mini isə tələb edir: “Təxminən iki ay əvvəl onların evlərində söhbətimiz oldu. Valideynləri dedi ki, nə qədər keçə bilərəm? Dedim, 20 min. Söz verdilər ki, 60 mini bir aya qaytaracaqlar, amma qaytarmadılar”.

Zərərçəkmişin ifadəsindən məlum olub ki, Emil Hüseynovun qardaşı Rahib Hüseynov da həbsdədir.

“Elnar Əsgərov adamların səsini yazır, videoya çəkirdi”

Daha bir zərərçəkmiş Emil Məmmədov isə ondan ümumilikdə 4 milyon 500 min manat pul alındığını deyir. Amma pulunun bir hissəsini sonradan geri ala bilib. O, aldadılmasında daha çox Elnar Əsgərovu günahkar sayır.


Zərərçəkmişin sözlərinə görə, o, Emil Hüseynovdan əvvəl onun xalası oğlu Elnarı tanıyıb. Çünki idmançı bir dostu nazir müavininin oğlunun mühafizəçisi olub. Sonradan Elnar Əsgərov vasitəsilə Emil Hüseynovla tanış olub: “Bir gün Emil söhbət əsnasında dedi ki, xaricdən mal gətirirlər. Bu işə rəhbərlik edən də Elnardı. Ona görə biz iş məsələsini Elnarla görüşüb danışdıq. Dedi ki, bu iş özünündü, cavabdeh də özüdü. Elnar birinci dəfə iş üçün 700 min dollar lazım olduğunu dedi. Dedim ki, bu qədər çoxdur, axırda 100 mində dayandıq. 2011-ci ildə 100 min verdim. Mənə bir ay 12 min, o biri ay 8 min qazanc verirdi. Sonra daha bir neçə dəfə pul verdim. 2013-cü ilə qədər üst-üstə 4 milyon 500 min oldu”.

Zərərçəkmişin sözlərinə görə, Emil Hüseynovun qardaşının həbsini eşidəndən sonra nazir müavininin oğlu ilə görüşüb. Bu söhbətin ardından Elnar Əsgərov ona 720 min dollar qaytarıb. Bir müddət sonra Emil Hüseynov da daha 380 minini geri verib.

“Pul məsələsini xalaoğlular bir-birinin üstünə atırdı. O ərəfədə Arif Əsgərov nazir müavini oldu. Elnara mesaj yazıb təbrik elədim. Elnar özü görüşməyi təklif etdi. Görüşəndə mənimlə başqa cür danışdı. Dedi ki, “bilirsən nə var, sənə pul verilməyəcək”. Eşitmişdim ki, Elnar kiminlə nəsə danışırsa, səsini yazır, videoya çəkir. Ona dedim ki, məni təxribata çəkmək istəyirsən. Yəni istəyirdi ki, ona nəsə edim, gedib məndən şikayətçi olub, həbs elətdirsin".


"Mən işi Elnarla görmüşəm, pullar da ona çatıb. Amma o, kənarda qalıb, şahid kimi dindirilib. Bu adam xaricdən 20 qəpiyə alınan malı dövlətə 3 manat 50 qəpiyə satırdı”, – zərərçəkmiş Emil Məmmədovun sözləridir.

Zərərçəkmişin sözlərinə görə, verdiyi pulun geri qaytarılması üçün Elnar Əsgərovla görüşlərin birində ona deyib ki, xalası oğlu pulları torpaq sahələrinin alınmasına xərcləyib.

Təqsirləndirilən Emil Hüseynov isə hakimlərin bu haqda sualına cavab olaraq söyləyib ki, həmin ərəfədə heç bir torpaq sahəsi almayıb, yalnız ata evini təmir elətdirib.

Məhkəmə avqustun 25-də davam edəcək.


Emil Hüseynov 2016-cı ilin dekabrında həbs olunub, amma sonradan Səbail rayon məhkəməsinin qərarı ilə ev dustaqlığına buraxılıb.

“Liman Group” şirkətinin rəhbəri Elnar Əsgərovun isə bir müddət əvvəl ölkəni tərk etdiyi bildirilir.