SON DƏQİQƏ

"Душавой"-da "marojna": Azərbaycanda dil normalarını pozanlar cərimələnəcək

Tarix:28-07-2020, 13:33

Müstəqillik qazandıqdan bəri Azərbaycanda dövlət dilinin qorunması üçün qanunlar qəbul edilir. Bu yaxınlarda media və reklamlarda dil normalarının pozulmasına görə cərimələr tətbiq olunub. Lakin normanın nə olduğu aydın deyil və hökumətdə oturanların heç də hamısının Azərbaycan dilini kifayət qədər yaxşı bilməməsi ilə bağlı nə etməli sualına cavab yoxdur.

Hasarda latın əlifbası ilə yazılan elanlar: "Odboyni direl" [kumpullu matqab] və "perdorator" [perforator], avtomaşın təmir sexlərinin üzərində isə "karbürator" sözünün bir neçə variantı var, ancaq kiril qrafikalı əlifba ilə yazılmış. Bir paltar dükanında yenə də kiril əlifbası ilə alt tuman satılan şöbədə yazılıb "турсух", süd şöbəsində isə "skşonu malako" (qatılaşdırılmış süd) və "marojna" (dondurma) satılır.

Bütün bunları Bakıda görmək mümkündür - latın əlifbasını 30 ildir ki, rəsmi əlifba kimi qəbul etmiş Azərbaycanın paytaxtında. Azərbaycan dilinin özü isə nəinki slavyan dillərindən, hətta rus, ingilis, portuqal və Avropanın digər dillərinin aid olduğu bütün Hind-Avropa qrupundan da uzaqdır.

Sexin qapısındakı yazı rus dilindədir və demək olar ki, səhvsizdir. Hətta
Şəklin alt yazısı,

Sexin qapısındakı yazı rus dilindədir və demək olar ki, səhvsizdir. Hətta "karbüratör" sözü də düzgün yazılıb - bu, nadir hallarda olur.

Dil mənim - cərimə sənin!

Azərbaycan dilinin saflığı uğrunda fəal mübarizə SSRİ dağıldıqdan sonra başlayıb. Qanun və fərmanlar qəbul edilib, nəzarət orqanları yaradılıb.

Lakin ana dilində dialektizmlər, rus dilindən götürülmüş sözlər və elementar savadsızlıq yox olmayıb.

Rəsmilər isə görünür, yuxarıda sadalananların hansı biri ilə mübarizə aparılacağına dair qərar verə bilməyiblər.

2020-ci ilin iyununda "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanun qəbul edilib. İndi reklam agentlikləri və media vasitələri dövlət dili qaydalarının pozulmasına görə 60-dan 600-dək dollar məbləğində cərimələr ödəyəcəklər.

İki il əvvəl Prezident İlham Əliyev dilin saflığının qorunması ilə bağlı fərman imzalayıb, 2001-ci ildə isə oxşar sərəncam onun atası, keçmiş Prezident Heydər Əliyev tərəfindən verilib.

O vaxtdan bəri ölkədə bir neçə dilin qorunması ilə bağlı bir neçə qurum yaranıb. Görünür, bunlar kifayət etməyib və indi dil normalarının pozulmasına görə inzibati qaydada cavab vermək lazım gələcək.

Lakin bir problem də var: indiyə qədər aydın deyil ki, bu norma nə deməkdir?

Əslində olmalıdır
Şəklin alt yazısı,

Əslində olmalıdır "vetrovka" - küləkdən qoruyan gödəkcə

Monitorları kim yoxlayır?

Azərbaycan parlamentinin (Milli Məclisin) üzvü Zahid Oruc dil normalarının pozulmasına görə cərimələr tətbiq edən qanuna səs verənlərdən biridir. Lakin o da etiraf edir ki, hətta orfoqrafiya lüğətinin son variantı belə hələ qəbul edilməyibsə, normaların pozulduğunun necə müəyyən ediləcəyi hələ qeyri-müəyyən qalır.

Bu da aydın deyil ki, söhbət hansı pozuntulardan gedir - yazı səhvlərindənmi, pis tələffüzdənmi və ya digər dillərdən götürülən sözlərdənmi?

Onun sözlərinə görə, bunun aydınlaşdırılması ilə daha bir yeni yaradılmış qurum - Dil üzrə Dövlət Komissiyası nəzdindəki monitorinq mərkəzi məşğul olmalıdır.

Digər bir nəzarət orqanının - Elmlər Akademiyasının Dilçilik İnstitutunun monitorinq şöbəsinin müdiri Sevinc Əliyeva bu monitorinq mərkəzinin işçi ştatının hələ təsdiqlənməməsindən təəssüflənir.

Lüğətin olmamasına gəlincə isə, buna mane olan pandemiya olub. Sevinc Əliyeva deyir ki, hər beş ildən bir onların institutu yeni qaydalar və sözlər daxil edilməklə, Azərbaycan dilinin orfoqrafiya lüğətini tərtib edir. Lüğət Nazirlər Kabineti tərəfindən təsdiqlənir və tiraj üçün imzalanır.

"Lüğət artıq hazırdır. Bir siqnal nüsxəsi çap edilib, ancaq pandemiya səbəbindən mətbəələr məhdud rejimdə işləyib. Odur ki, yeni lüğət sentyabr-oktyabr aylarında ictimaiyyətə təqdim ediləcək," - o deyir.

Burada əslində qatılaşdırılmış süd satılır
Şəklin alt yazısı,

Burada əslində qatılaşdırılmış süd satılır

Mübarizə aparılacaq bir şey varmı?

"Heç bir dostum kiməsə "okey" sözü ilə cavab verdiyimi deyə bilməz", - dilşünas Sevinc Əliyeva deyir, - "Başqa dillərdən götürülmüş sözlərdən istifadəni qəbul edə bilmirəm," - o əlavə edir.

Onun təbirincə, hətta koronavirus da bir dil problemini ortaya qoydu, çünki televiziyada bəzən "pandemiya" sözündəki "d" hərfi rus dilində olduğu kimi bərk tələffüz edilir.

"Azərbaycan dilində bənzər sözlər olduqda, bilərəkdən və ya bilmədən başqa dillərdəki sözlərdən istifadə etmək səhvdir, - dilçi deyir. - Və ən çox bizi narahat edən Azərbaycan dilində cümlələrin rus dilinin qrammatikası qaydalarına uyğun olaraq qurulmasıdır".

"Bakı küçələri ilə gəzəndə özünün Azərbaycanda deyil, xaricdəsənmiş kimi hiss edirsən," -deyə təəssüflənən dilçi paytaxtın mərkəzində xarici dildə reklamın Azərbaycan dilinə tərcüməsindən daha böyük şriftdə çap olunduğunu qeyd edir.

Bakı küçələrində xarici reklam yerli ənənə ilə yanaşı yaşayır
Şəklin alt yazısı,

Bakı küçələrində xarici reklam yerli ənənə ilə yanaşı yaşayır

Müqavimət ümidsizdir?

Turan xəbər agentliyinin rəhbəri Mehman Əliyev qeyd edir ki, bugünkü jurnalistlər əsasən müstəqillik illərində, dil haqqında qanunların qəbul edildiyi dövrdə təhsil alıblar. Və bu, onların savadını heç cür artırmayıb. Odur ki, onun fikrincə, təhsili inkişaf etdirməklə problemi həll etmək lazımdır.

Təhsil sahəsi üzrə mütəxəssis Rüfət Əliyev isə hesab edir ki, ardıcıl olaraq qanun və fərmanların qəbul edilməsi, indi isə inzibati ölçülərin də tətbiq olunması sistemin işləmədiyindən xəbər verir.

Onun fikrincə, pandemiya bu vəziyyəti daha da ağırlaşdırır, çünki karantin müddəti ərzində qüsurlu olması onsuz da şübhə doğurmayan və özünütəcrid nəticəsində iflic vəziyyətinə düşmüş təhsil sisteminə etibar etmək olmur.

Lakin məsələ təkcə təhsildə deyil. Berlindəki Humboldt Universitetinin sosioloqu Sergey Rumyantsevə görə, daha böyük dillərin təsirinin qarşısını almaq mümkün deyil.

O, köklü və qədim dillərdən gələn sözlərlə mübarizəni mənasız sayır.

"Dil canlı, dinamik orqanizmdir. Dil inkişaf etməlidir və başqa dillərdən yararlanmalıdır. Müasir yüksək mədəniyyət və elm isə Azərbaycan dili məkanının xaricindədir", - sosioloq deyir. - "Hər hansı bir dil mürəkkəbdir, mədəniyyət, elm və siyasət sahələrində aparıcı mövqe tutan digər dillərlə ünsiyyət nəticəsində formalaşır", - o, əlavə edir.

Rusiya estradası hələ də Bakıda populyardır. Hətta çoxdandır ki, Rusiyada populyar olmayanı da
Şəklin alt yazısı,

Rusiya estradası hələ də Bakıda populyardır. Hətta çoxdandır ki, Rusiyada populyar olmayanı da

İmperiyadan respublikayadək

Rus dili Azərbaycana Rusiya imperiyası ilə birlikdə XIX əsrin əvvəllərində gəlib. Yerli zadəganlar rus dilində təhsil almağa başlayıblar.

Neft hasilatı sayəsində Bakı XIX əsrin sonu - XX əsrin əvvəllərində bölgədəki ən böyük şəhərə çevrildi. İmperiyanın, daha sonra isə Sovet İttifaqının hər yerindən mütəxəssislər bura gəlməyə başlayıblar.

Odur ki, keçən əsrin 1920-ci illərində belaruslar və ukraynalılar ilə birlikdə ruslar şəhərin ən böyük etnik qrupu olub.

SSRİ-nin dağılmasından sonra, milli identikliyin güclənməsi ilə eyni zamanda ölkə dünyaya açıldı və buralara türk və ingilis dilləri ayaq açdı.

Müstəqilliklə bərabər Azərbaycana xarici şirkətlər də axışdı: neft nəhənglərindən tutmuş uşaq bezi istehsalçılarına qədər.

Hazırda yüz minlərlə azərbaycanlı qazanc üçün başqa ölkələrdə çalışır. Və ilk növbədə, Rusiyada.

Miqrasiya Siyasəti İnstitutunun məlumatına görə, Azərbaycandan gələnlərin 770 mini Rusiyada, 83 mini Ukraynada yaşayır. Türkiyədə 20 min nəfər, daha 37 min nəfər isə Qərbi Avropada yaşayır.

Bütün bunlar ingilis dilinin və eyni zamanda türk dilinin geniş yayılmasına səbəb oldu. Azərbaycan müstəqilliyinin ilk illərindən bəri Türkiyə ilə ən isti münasibətlərə malikdir.

Azərbaycan və türk dilləri yaxındır, ikisi də türk dillərinin eyni qoluna aiddir. Baxmayaraq ki, bir çox sözlərin mənası fərqlənir və bu, iki ölkə nümayəndələrinin ünsiyyətində bəzən komik vəziyyətlərə səbəb olur.

İqtisadçı Natiq Cəfərli deyir ki, xarici sözlərdən istifadə edilməsinə Rusiyaya işləməyə və ya Türkiyədə oxumağa yollanmaqdan daha çox dünyaya açıqlıq amili təsir edib.

"Beş yaşında oğlum Türkiyə telekanallarında cizgi filmlərinə baxdığı üçün türkcənin Anadolu ləhcəsində danışırdı, - o deyir. - Bizim azərbaycandilli gənclərimiz gündəlik yazışmalarında türkcə sözlərdən istifadə edirlər".

90-cı illərdə türk dili Bakıya türk biznesi ilə birgə gələndə onu burada artıq rus dili gözləyirdi.

Cəfərlinin sözlərinə görə, ruscanın "uje" sözü Azərbaycan dilində özünə o qədər yer edib ki, bu söz artıq təkcə Bakını deyil, həm də Azərbaycanın ən ucqar bölgələrini də fəth edib.

"İndi, beş il keçib-keçməz bir neçə dostum - türk iş adamları - məişətdə işlətdikləri türkcədə rus sözü olan "uje" sözündən istifadə etməyə başlayıblar," - o qeyd edib.

Azərbaycanda 30 ildir ki, ləğv olunmasına baxmayaraq, Kiril əlifbasını hələ də tapmaq mümkündür
Şəklin alt yazısı,

Azərbaycanda 30 ildir ki, ləğv olunmasına baxmayaraq, Kiril əlifbasını hələ də tapmaq mümkündür

Dil uğrunda uzun illərdir gedən mübarizə məsələsinin bir incə məqamı isə Azərbaycandakı bəzi məmurların özlərinin də Azərbaycan dilində yaxşı danışmamaları ilə bağlıdır.

Bu yaxınlarda vəzifəsindən kənarlaşdırılmış xarici işlər naziri Elmar Məmmədyarov xüsusən bununla bağlı ad çıxarıb. Onun iki il əvvəl İstanbuldakı çıxışı sosial mediada müzakirələrə və lağlağıya səbəb oldu.

Rusdilli Azərbaycan naziri orada çıxış edərkən nitqində türk və ingilis sözlərindən də istifadə etməyə cəhd göstərmişdi, lakin onun bu cəhdi uğursuz olmuşdu. Bu hadisəni xatırladan Jam-news.net veb saytının siyasi şərhçisi və jurnalist Şahin Rzayev deyir ki, daha yaxşı olardı ki, dilin təmizliyi haqqında qanun elə məmurların özlərinə tətbiq edilsin.

"Yenə də kənarda qalanlar, kiçik redaktorlar və jurnalistlər günahkar çıxacaq. Özləri nümunə göstərməlidirlər ki, sonra başqalarından da tələb etsinlər. Buna qədər isə insanlar bu cür qanunlara ciddi yanaşmayacaqlar," - o deyir.

Filoloqun fikrincə, savad yalnız maarifləndirmənin sayəsində inkişaf edə bilər, dil isə öz-özünə yaşayır və inkişaf edir
Şəklin alt yazısı,

Filoloqun fikrincə, savad yalnız maarifləndirmənin sayəsində inkişaf edə bilər, dil isə öz-özünə yaşayır və inkişaf edir

Dili onun daşıyıcılarından qorumaq?

Qonşu Ermənistan və Gürcüstandan fərqli olaraq, Azərbaycanın paytaxtında şəhər məktəblərində rus dilli siniflər var. Bakıda 120 min etnik rus yaşayır, amma elə azərbaycanlılar da var ki, onlar üçün Azərbaycan dili rus dilindən sonraya keçib.

Filologiya elmləri doktoru Qulu Məhərrəmli xatırladır ki, ölkədə aparılan elmi araşdırmalar bu gün sosial şəbəkələrdə yaşayan müasir dildən geridə qalır.

Ümumiyyətlə, filoloqun fikrincə, Azərbaycan dilində bütün dillər üçün təbii olan dəyişikliklər baş verir. "Dilin istehlakçılarının kütləvi problemi yoxdur, başqa dillərdən sözlər gəlirsə-gəlsin, eybi yoxdur, Azərbaycan dili isə yaşayır və inkişaf edir".

"Bu [dildə yeni tendensiyalar] öyrənilməlidir, lüğətlər yenilənməlidir. Məsələn, dilin orfoepiya lüğəti sonuncu dəfə 1982-ci ildə nəşr olunub," - filoloq xatırladır.

Onun sözlərinə görə, mübarizənin nə ilə aparılmasına dair ümumi anlayışın olmaması fonunda, savadsızlığa son qoya biləcək maarifləndirmə işi bir kənarda qalır.

"Bu gün savadsızlıq məişət səviyyəsindən ictimai çıxışlar səviyyəsinə qalxır", - Məhərrəmli deyir, o əlavə edir ki, - "ən əsası, ana dilini sevmirsənsə, heç bir cərimə ilə bu sevgini oyatmaq mümkün deyil".

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ