www.DOGRU.tv - Onlayn Televiziya » Ölkə İçi » Vaqif Əsədov: “21-ci əsrdə yol polisi olmadan hərəkətimizi tənzimləyə bilmirik”

Vaqif Əsədov: “21-ci əsrdə yol polisi olmadan hərəkətimizi tənzimləyə bilmirik”

Bölmə: Ölkə İçi
Vaqif Əsədov: “21-ci əsrdə yol polisi olmadan hərəkətimizi tənzimləyə bilmirik”

Bayram günləri (dekabrın 31-dən yanvarın 5-dək) Bakı şəhərində 8 yol nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 4 nəfər ölüb, 10 nəfər isə xəsarət alıb.

Bu barədə musavat.com-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov məlumat verib.

O, həmin qəzaların baş vermə səbəbləri barəsində aşağıdakıları söyləyib: “4 ölüm hadisəsindən ikisi piyada vurma, ikisi isə maneə vurma səbəbindən baş verib. Həmişəki kimi piyadaların avtomobillərlə vurulması ümumi hadisələrin təxminən 50-52 faizini təşkil edir ki, bu da çox ciddi narahatçılıq doğurur. Hər halda 2016-cı ildə Bakı şəhəri üzrə qeydə alınan yol nəqliyyat hadisələri bütün göstəricilərinə görə müsbətə doğru dinamika üzrə hərəkət edir. Yəni hadisələrin sayı, eyni zamanda ölümlə, xəsarətlə bağlı göstəricilər aşağı düşüb. Bu da yol polisinin vaxtaşırı keçirdikləri tədbirlərin hesabınadır. Ancaq mövcud şərait deməyə əsas verir ki, yol hərəkətində nizam-intizam yüksələrsə, mədəniyyət səviyyəsi formalaşarsa, bu hadisələri minimuma da endirmək mümkündür. Yəni idarəedilən nəqliyyat vasitəsinin markasından, növündən asılı olmayaraq, yol hərəkəti haqqında qanunun tələbi pozulur və qəza baş verir. Hadisədən də heç kim sığortalanmır. Lakin tələbləri öyrənib, yerinə yetirməliyik ki, bu hadisələr baş verməsin”.

V.Əsədov bildirib ki, çox təəssüf, yol polisi ərazidə olmadan öz hərəkətimizi tənzimləyə bilmirik: “İnanıram ki, 2017-ci ildə - Xoruz ilində ən azından ərazidə polis əməkdaşları olmadan, aparılan yüksək səviyyəli təbliğat və keçirilən tədbirlərin nəticəsində mədəniyyət səviyyəsi formalaşacaq, hadisələr isə sayca azalacaq. Bu, təkcə yol polislərindən asılı deyil. Hər kəs məsuliyyətini dərk etməlidir. Yol hərəkətində şəxsi mənafe, ümummilli mənafedən üstün tutula bilməz. Unutmaq olmaz ki, yol qəzalarında həlak olanlar elə bizlərdən biridir, bu dövlətin vətəndaşlarıdır. Deməli, hər kəs məsuliyyətini artırmalıdır”.

Onu da qeyd edək ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, dekabrın 31-dən yanvarın 5-dək respublikanın avtomobil yollarında 27 yol nəqliyyat hadisəsi baş verib. Nəticədə 20 nəfər ölüb, 37 nəfər xəsarət alıb.