www.DOGRU.tv - Onlayn Televiziya » Ölkə İçi » Təhsil ekspertindən Yaqub Mahmudova sərt tənqid

Təhsil ekspertindən Yaqub Mahmudova sərt tənqid

Bölmə: Ölkə İçi
Təhsil ekspertindən Yaqub Mahmudova sərt tənqid

Etibar Əliyev: “Yəqin ki akademiklər onun Qarabağın tarixinə olan münasibətini səsvermə zamanı nəzərə alacaqlar””
Milli Məclisin sonuncu iclasında deputat Siyavuş Novruzov orta məktəblərdə tədris edilən tarix kitabları ilə bağlı tənqidi fikirlər səsləndirib. Tarix İnstitutunun direktoru Yaqub Mahmudov deputat həmkarına cavab verib. Y.Mahmudov S.Novruzovun narahatlığını qismən paylaşdığını deyib: “Həmkarım Siyavuş Novruzov tamamilə haqlı məsələ qaldırdı ki, 8-ci sinifdə Azərbaycan tarixindən 2 dərsliyin – “Azərbaycan tarixi” və “Qarabağ tarixi” dərsliklərinin olması doğru deyil.

Bu məni təəccübləndirdi və haqlı olaraq S.Novruzovu müdafiə etdim. Narahat olduğum üçün faktı yoxladım. Yəqin etdim ki, orta məktəblərin 8-ci sinfində ancaq mənim həmmüəllif olduğum “Azərbaycan tarixi” dərsliyi tədris olunur. Başqa dərslik tədris olunmur. 8-ci sinfin “Azərbaycan tarixi” dərsliyində isə verilən saatlara müvafiq olaraq Qarabağ haqqında geniş məlumat verilir. Qarabağ xanlığı, Pənahəli xan Cavanşir, Şuşa-Pənahabad qalası, İbrahimxəlil xanın xarici siyasəti və başqa mövzular tədris olunur. Bu dərslik nazirlik tərəfindən çox ciddi müsabiqələr nəticəsində dərslik kimi təsdiq olunmuşdur. Aydınlaşdırdım ki, bundan əlavə nazirlik xətti ilə Azərbaycanın Qarabağ bölgəsinin tarixi barədə fakültativ kurs təşkil olunmuşdur. Həmin kurs vasitəsilə həftədə 1 saat şagirdlərə Qarabağ barədə əlavə məlumat verilir. Təhsil Nazirliyinin xüsusi əmri ilə göstərilən fakültativ kurs üçün 2 dildə - Azərbaycan və rus dillərində “Qarabağ tarixi” adlı tədris vəsaiti yazılmışdır. Bu isə dərslik deyil, göstərilən fakültativ kursun tədris vəsaitidir. Həmin vəsait Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutuna göndərilməmiş və institutun Elmi Şurasında təsdiq olunmamışdır”.

Y.Mahmudov həmin açıqlamasında deyib ki, Azərbaycan tarixi ilə bağlı fakültativ kursların, o cümlədən Qarabağ tarixi və Azərbaycanın digər hər hansı bölgəsi ilə bağlı bütün fakültativ kursların tədris vəsaitləri nəşr olunmamışdan əvvəl Tarix İnstitutuna göndərilməli və institutun Elmi Şurasının rəyi nəzərə alınmalıdır.


Təhsil eksperti Etibar Əliyev isə Yaqub Mahmudovun bu dediklərini sərt dillə tənqid edib. E.Əliyevmüsavat.com-a bildirib ki, Yaqub Mahmudov müsahibəsində özünü dolaşdırır:“Bir tərəfdən o, həmkarı Siyavuş Novruzovun tamamilə haqlı məsələ qaldırdığını bildirir və 8-ci sinifdə 2 dərsliyin – “Azərbaycan tarixi” və “Qarabağ tarixi” dərsliklərinin olmasını doğru hesab etmir. Digər tərəfdən isə etiraf edir ki, Təhsil Nazirliyinin xüsusi əmri ilə fakültativ kurs üçün 2 dildə - Azərbaycan və rus dillərində “Qarabağ tarixi” adlı tədris vəsaiti yazılmışdır. “Bu isə dərslik deyil, göstərilən fakültativ kursun tədris vəsaitidir. Həmin vəsait Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutuna göndərilməmiş və institutun Elmi Şurasında təsdiq olunmamışdır”.

E.Əliyev bildirib ki, Yaqub Mahmudovu daha çox vəsaitin onun rəhbərlik etdiyi institutun Elmi Şurasından keçməməsimaraqlandırır: “Maraqlıdır ki, həmin tədris vəsaitinin müəllifi Tarix İnstitutunun “Qarabağ tarixi” şöbəsinin müdiri Qasım Hacıyevdir. Onda belə çıxır ki, professor Mahmudov indiyə qədər tədris vəsaitinin müəllifinin kim olmasından xəbərsiz olub? Siyavuş Novruzov onu ayıldıb ki? Hesab edirəm ki, “Qarabağ tarixi”nin fakültativ məşğələ formasında tədrisi doğrudur və adı çəkilən vəsait tədris prosesində ikinci dərslik kimi iştirak etmir.

Başqa bir maraqlı məqamı qeyd edim. Azərbaycan Sovet Ensiklopediyasının tərtib olunması işində yaxından iştirak edən Yaqub Mahmudova sual verilə bilər ki, bir ölkədə 2 Ensiklopediya ola bilərmi? “Azərbaycan Ensiklopediyası” və “Naxçıvan Ensiklopediyası”. Birmənalı şəkildə Azərbaycanın vahid Ensiklopediyası olmalıdır”.

E.Əiyev sonda deyib: “Yaxın vaxtlarda AMEA-nın həqiqi və müxbir üzvlüyünə vakant yerlərə seçkilər keçiriləcək. Yəqin ki, akademiklər AMEA-nın müxbir üzvü Yaqub Mahmudovun Qarabağın tarixinə olan münasibətini səsvermə zamanı nəzərə alacaqlar”.

Musavat.com