www.DOGRU.tv - Onlayn Televiziya » Ölkə İçi » Kənd təsərrüfatı kredit payı ən az olan iqtisadi sahədir


Kənd təsərrüfatı kredit payı ən az olan iqtisadi sahədir

Bölmə: Ölkə İçi, Xəbər Lenti
Kənd təsərrüfatı kredit payı ən az olan iqtisadi sahədir
Bu ilin 10 ayı ərzində ən çox kredit (ev təsərrüfatları istisna olmaqla) ticarət və xidmət, o cümlədən, inşaat və əmlak sektoruna yönəldilib. Mərkəzi Bankın açıqladığı statistikada kredit portfelinin ümumi mənzərəsini görmək olar.

Belə ki, 16 milyard manata yaxın kredit portfelində ticarət və xidmətin payı 15.7 faiz, inşaat və əmlak sektorunda 11.5 faiz olub.

Ötən illə müqayisədə ticarət və xidmət sahəsinin payı 1,2 faiz artsa da, inşaat və əmlak sektorunun payı 2.5 faiz azalıb. Ümumilikdə, ticarət və xidmət sahəsinə 2,5 milyard manat kredit ayrılıb, otən il isə bu rəqəm 3 milyard manatdan çox olub.


İnşaat və əmlak sektoru ötən illə müqayisədə təxminən 1,2 milyard manat daha az kredit alıb.

Aqrar sektorun payı cəmi 2,5 faizdir

Manatın devalvasiyasından sonra hökumət kənd təsərrüfatının inkişafını prioritet elan etsə də, bu sahəyə yönəldilən kreditlərin həcmindəbunu görmək olmur, hətta ötən illə müqayisədə kənd təsərrüfatı və emalı sektorunun payı təxminən 100 milyon azalıb. Bu sektor kredit portfelinin cəmi 2.5 faizini təşkil edir, aqrar sahəyə ilin 10 ayı ərzində 400 milyon manatlıq kredit ayrılıb. İlin ayları ilə müqayisədə də aqrar sektora kredit qoyuluşu azalma tendensiyası ilə davam edib. Əgər bu ilin yanvarında kredit məbləği 441 milyon manat olubsa, oktyabrda bu məbləğ 402 milyon manat təşkil edib. Ötən ilin oktyabrı ilə müqayisədə də azalma müşahidə etmək olur, belə ki, 2015-ci ilin oktyabrında aqrar sahəyə 685 milyon dəyərində kredit qoyulub.

Energetika, kimya və təbii ehtiyatlar sektoruna 16 milyardlıq kreditdən 366 milyonluq vəsait düşüb. Sənaye və istehsal sektorunda da ötən illə müqayisədə 1,3 faiz azalma qeydə alınıb. Bu sektora ilin ilk 10 ayı ərzində 1 milyarddan artıq vəsait yönəldilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 400 milyon manat azdır.

Daşınmaz əmlakın kredit portfelində payı artıb

Nəqliyyat və rabitənin payı kredit qoyuluşunun ümumi həcmində ötən illə müqayisədə artsa da, məbləğ ifadəsində azalma müşahidə edilir.

Ev təsərrüfatlarına kredit qoyuluşu ümumi kredit portfelinin 37,3 faizini təşkil edir, ötən il isə bu sahənin payı 38,6 faiz olub.

O cümlədən daşınmaz əmlakın tikintisinə və alınmasına (ipoteka krediti daxil olmaqla) qoyulmuş kreditin ümumi məbləği 1 milyard 600 milyon manatdan çox olub. Ötən illə müqayisədə bu sahəyə kredit qoyuluşu təxminən 1 milyard 500 milyon olub. Ötən il də, bu il də bu sahənin ümumi kredit portfelindəki payı artım xətti ilə davam edib.


Mərkəzi Bankın statistikasına görə, vaxtı keçmiş kreditlər ümumi portfelin 8,7 faizini təşkil edir. Ötən il bu rəqəm 6,9 faiz olub. Hazırda vaxtı keçmiş kreditlərin ümumi məbləği 1 milyard 375 milyon manat civarında dəyərləndirilir.