www.DOGRU.tv - Onlayn Televiziya » Ölkə İçi » Quliyevlərin kəndi - Palıdlı (VİDEO)

Quliyevlərin kəndi - Palıdlı (VİDEO)

Bölmə: Ölkə İçi, Cəmiyyət
Quliyevlərin kəndi - Palıdlı (VİDEO)


Əvvəllər Xraxoba adlandırılan, bir zamanlar Rusiya vətəndaşı olan ləzgilərin kompakt yaşadığı kənd hazırda sükuta bürünüb. Yeni adı Palıdlı olan kənd 26 evdən ibarətdir. Yaşayış massivində hökm sürən sükut buraları əsir düşərgələrinə bənzədir. Kəndin küçələrində söhbətləşməyə adam axtararkən elektron maşında yaşlı bir kişi hövlnak bizə yaxınlaşdı.

Kim olduğunu soruşduqda, özünü kəndin sahibi kimi təqdim etdi.

Qonşu kəndin sakinlərinin dediyinə görə, Mahir Quliyev Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin əmisidir. Kameraya danışmaq istəməyən kənd sakininin sözlərinə görə, bura Naxçıvandan 18 ailə gətirilib. Onlara vəd olunan aylıq 150 manat müavinət ödənilmədiyindən 6 ailə kəndi tərk edib. Vur-tut 12 ailənin yaşadığı kənddə ürəkaçan yeganə mənzərə Heydər Əliyev Fondunun təhvil verdiyi ikimərtəbəli, təxminən, 15-20 otaqlı Palıdlı kənd tam orta məktəbidir. Hazırda kəndin 12 ailəsinin uşaqları və 22 nəfərlik mikroavtobusun qonşu kəndlərdən yığıb gətirdiyi uşaqlar bu məktəbin olan-qalan şagirdləridir.

Burdan cəmi bir neçə km uzaqda isə Uryanoba kəndi var. Onun da sakinlərinin böyük əksəriyyəti ləzgilərdir. Kənddə məktəb yoxdur və hər məktəb yaşına çatmış uşaq evini tərk edib getməyə məcburdur. Ya valideynləri ilə, yaxud da onlarsız.

"Nəvələrim böyüyəcək, atası məktəbə aparıb-gətirəcək. İndi iki uşağa görə burda məktəb tikiləcək? Məncə, yox. Kənddə 50-60 uşaq olsaydı, məktəb tikilərdi. Buradan Xaçmaza 3 km yoldur. Mən özüm burdan ora məktəbə getmişəm. Onda atam-anam sağ idi. İndi oğlum da öz balalarını aparıb-gətirər", - kənd sakini Şıxzadə Zahirov deyir.

Vaxtilə kənddə 15 ailə olub, onun da çoxu kənddən çıxıb gedib. Mövsümdə gəlib, mer-meyvə satıb, təkrar şəhərə qayıdırlar. Kənd sakinləri deyir ki, 1961-ci ildə ləzgilərin çoxu kəndi tərk edib.

Regionların "2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" ilə əlaqədar Xaçmaz rayonuna maddi vəsait ayrılsa da, görünən odur ki, həmin vəsaitdən Uryanobanın payına heç nə düşməyib. Kəndin heç bir infrastrukturu yoxdur.

"Kənd həyatı belə olmalıdır, qazsız, susuz? Şükür Allaha, odun var meşələrdə. Doğrayırıq, sobada yandırırıq, isti olur. Dağda yaşayanlar necə yaşayır? Suyu çaydan gətiririk. Şükür Allaha, "kaçalka" var. Düyməni basan kimi yerdən su çıxır. Əsas odur ki, həyat yoldaşım razıdır bu vəziyyətdən, mən də razıyam".

60 hektarlıq bir əraziyə malikdir Uryanoba kəndi. Sovet vaxtı da, sonralar da burda dənli bitkilər əkib-becərib uryanobalılar. Lakin hazırda torpaqlara Yergüc bələdiyyəsi baxır. Sakinlər arasında söz gəzir ki, bəs, həmin torpaqlar onlara və ətraf kəndin sakinlərinə paylanacaq. Lakin bu, hələ quru qeybətdən başqa bir nəsnə deyil.

Palıdlı və Uryanoba kəndlərilə bağlı Xaçmaz Rayon İcra Hakimiyyətindən bildirdilər ki, məsələ ilə bağlı yerli bələdiyyələrə müraciət etməliyik.
Yergüc bələdiyyəsindən Meydan TV-yə verilən məlumata görə, kəndin 60 hektar ərazisinin taleyi hələlik bəlli deyil.

Palıdlı kəndinin balansında olduğu Bostançı bələdiyyəsindən Nəsib isə bildirdi ki, Mahir Quliyev həmin kəndin rəhbəridir.