www.DOGRU.tv - Onlayn Televiziya » Ölkə İçi » “İşlər hələlik onlara həvalə olunub” – Nazirlik Abbasovsuz necə işləyir?


“İşlər hələlik onlara həvalə olunub” – Nazirlik Abbasovsuz necə işləyir?

Bölmə: Ölkə İçi, Xəbər Lenti
“İşlər hələlik onlara həvalə olunub” – Nazirlik Abbasovsuz necə işləyir?

Son vaxtlar Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) başda nazir Əli Abbasov olmaqla 10-dan çox işçisi vəzifəsindən uzaqlaşdırılıb.

Hətta nazirliyin struktur qurumlarının və tabeçilikdə olan müəssisə və əlaqəli şirkətlərin ayrı-ayrı rəhbər vəzifəli şəxsləri vəzifə səlahiyyətlərindən sui-istifadə, mənimsəmə və yol verilmiş digər qanun pozuntuları faktları üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə həbs olunub. Nazir belə daxil olmaqla əsas vəzifəli şəxslərin nazirlikdən çıxarılmasından sonra hazırda nazirlikdə vəziyyət necədir?

AzNews.az-ın əməkdaşı bu sualla qurumun mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirova müraciət edib. Onun sözlərinə görə, nazirlikdə hər şey öz qaydasındadır: “Hazırda nazirlikdəki vəziyyət yaxşıdır. Əsasnaməyə uyğun olaraq nazirin səlahiyyətlərini artıq birinci müavin icra etməyə başlayıb. İşdən çıxarılan digər şəxslərin səlahiyyətlərini isə müavinləri və ya baş mühəndislər icra edir. İşlər müvəqqəti olaraq onlara həvalə olunub. Nazirlikdə heç bir problem yoxdur. Hər şey öz axarında gedir”.

Qeyd edək ki, Nazirliyin tutulan işçilərinin cinayət işi üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq-əməliyyat qrupu yaradılmaqla istintaq aparılır.

Sevinc Yasinqızı