SON DƏQİQƏ

"Bu ordenin sahibləri Milli Qəhrəmanlar və onların ailə üzvlərinə yaxın statusdadırlar..."

Tarix:30-11-2017, 23:47

Sabah, dekabrın 1-də Milli Məclis növbəti iclasını keçirəcək. 2018-ci ilin dövlət büdcəsinin müzakirəsi və digər məsələlər diqqət mərkəzində olacaq. Çox istərdim ki, ötən iclasda millət vəkili Elman Nəsirovun toxunduğu bir məqama da münasibət açıqlansın. 

Son illər Şəhid adlarının əbədiləşdirilməsi, Şəhid ailələrinin, Milli Qəhrəmanların, müharibə əlillərinin və veteranların sosial təminatının yaxşılaşdırılması, sosial-hüquq müdafiəsinin gücləndirilməsi məqsədilə dövlət tərəfindən bir sıra tədbirlər həyata keçirilir. Bütün bunlar öz bəhrəsini versə də, bəzi problemlər hələ də həll olunmamış qalır. Bu bir faktdır.

Milli Məclisin son iclasında millət vəkili Elman Nəsirov cari məsələlərin müzakirəsi zamanı çox vacib bir məsələni gündəmə gətirdi. Əslində, hörmətli millət vəkilinin parlament tribunasından səsləndirdiyi fikirlər xeyli vaxtdır ki,  ciddi şəkildə incələnib, müzakirə olunur. Təqribən 2014-cü ilin may ayından bu günədək ayrı-ayrı tədbirlərdə və məclislərdə bu məsələ həm müzakirə edilir, həm də ölkə rəhbərliyinə müəyyən təkliflərin verilməsi üçün də imzalar toplanırdı. 

Söhbət "Azərbaycan Bayrağı” ordeninə layiq görülmüş şəxslərin özlərinin və ailə üzvlərinin dövlət tərəfindən müəyyən diqqət və qayğı ilə əhatə olunmasından gedir. Nəzərə alsaq ki, bu Azərbaycanın ən ali orden və medal sayılan mükafatlarından biridir, onda məsələnin mahiyyəti bir qədər də geniş anlama gəlir.

Millət vəkili öz çıxışında bu ordenə sahib olan şəxslərin xüsusi qayğı ilə əhatə olunmasının vacibliyini önə çəkib. O qeyd edib ki, Milli Qəhrəmanlara və onların ailə üzvlərinə xüsusi status verilməklə yanaşı, onlara əvvəllər ayda 600, daha sonra 1000, indi isə 1300 manat miqdarında müavinat ödənilir. Lakin, "Azərbaycan Bayrağı” ordeninin sahibi olan şəxslərə və ya onların ailə üzvlərinə heç bir maddi dəstək göstərilmir. Yəni, onlar heç nə almırlar. Halbuki, bu ordenin sahibləri faktiki Milli Qəhrəmanlar və onların ailə üzvlərinə yaxın bir statusda olan insanlardır. Və bu qəbildən olan şəxslərə dövlət tərəfindən xüsusi qayğı göstərilməsi çox yaxşı olardı. Bu qayğı elə bir səviyyədə olmalıdır ki, Milli Qəhrəmanlarımız kimi "Azərbaycan Bayrağı” ordeninin sahibləri və ya onların ailə üzvləri həm də gənclər üçün örnəyə çevrilə bilsinlər. Milli Qəhrəmanlara, həmçinin "Azərbaycan Bayrağı” ordeninin sahibi olan şəxslərə qayğı gənclər arasında həm də hərbi-vətənpərvərlik ruhunun tərbiyə olunmasında böyük rol oynaya bilər.
Birinci Qarabağ müharibəsi illərində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda, Konstitusiya qurluşumuzun, ictimai asayişin müdafiəsi zamanı, xüsusi xidmətlərinə görə "Azərbaycan Bayrağı”  ordeni ilə təltif olunmuş bir qrup müharibə veteranları da var. Bu kateqoriyadan olan şəxslər Azərbaycanın vətənpərvər insanlarından biri kimi vaxtıykən xüsusi şücaət və mərdlik göstərdiklərinə görə,  Prezident tərəfindən bu ali mükafatlardan  biri  sayılan ordenə layiq görülmüşlər. Onlardan bəziləri, xidməti vəzifələrinin icrası zamanı dünyasını dəyişmiş, digərləri isə bu gün də müxtəlif sahələrdə öz bilik və bacarıqlarını sərf etməkdə davam edirlər. 
Hörmətli millət vəkilinin də qaldırdığı məsələ ondan ibarətdir ki, "Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmiş  şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi çox yaxşı olardı. Bu addımın özü misilsiz vətənpərvərlik nümunəsi göstərmiş şəxslərə bir daha dövlətin  və xalqın qayğısı olmaqla yanaşı, həm də bu şəxslərin xidmətlərinin dövlət tərəfindən maddi və mənəvi aspektlər nəzərə alınmaqla dəyərləndirilməsi anlamına gələrdi. 
Bu ordenin sahiblərinin növbəti mükafatı, ya ikinci dəfə "Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmələri olur, ya da "Azərbaycanın Milli Qəhrəmanı” kimi ən yüksək ada layiq görülmələri. .  
"Azərbaycan Bayrağı” ordeni ölkəmizin müstəqilliyi və ərazi bütövlüyünü uğrunda fədakarlıq göstərmiş vətəndaşlarımıza xüsusi xidmətlərinə görə verilir. Bu ali mükafatla təltif edilənlərin sayı hal-hazırda 200 nəfərdən bir qədər çox olsa da, ümumilikdə sırf döyüş əməliyyatlarına görə bu ordenlə təltif edilənlərin sayı yüz nəfərdən bir qədər artıq olar. 
"Azərbaycan Bayrağı" ordeninin Statusu", Azərbaycan Respublikasının 1993-cü il 6 dekabr tarixli 756 saylı Qanunu ilə təsdiq edilmişdir.
 "Azərbaycan Bayrağı" ordeni Azərbaycan Respublikasının vətəndaşlarına, əcnəbi vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə aşağıdakılara görə verilir: 
- Azərbaycan Respublikasında milli azadlıq hərəkatında və ictimai-siyasi fəaliyyətdə xüsusi xidmətlərinə görə; 
- hərb elminin və hərbi texnikanın inkişafında xüsusi xidmətlərinə görə; 
- Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanmasında xüsusi xidmətlərinə görə; 
- respublikada əmin-amanlığın təmin edilməsində, asayişin qorunmasında və hərbi xidmətdə xüsusi xidmətlərinə görə; 
- dövlət sərhədinin mühafizəsinin təmin edilməsində xüsusi xidmətlərinə görə. 

Göründüyü kimi bu orden daha çox hərb sahəsi ilə bağlı olduğuna görə, onun fərqləndirilməsi də çox önəmlidir. Azərbaycan Respublikasının ən yüksək fərqlənmə dərəcəsi olan "Azərbaycanın Milli Qəhrəmanı" adı ""Azərbaycanın Milli Qəhrəmanı" adının müəyyən olunması haqqında" Azərbaycan Respublikasının 25 mart 1992-ci il tarixli, 331-XII nömrəli Qanunu ilə müəyyən olunmuşdur. "Azərbaycanın Milli Qəhrəmanı" adı Azərbaycan Respublikasının müstəqilliyi və tərəqqisi naminə xalq qarşısında müstəsna xidmətlərə və rəşadətə görə verilir. 
Ölkəmizdə Milli Qəhrəmanları olan şəxslərə məzuniyyət 46 təqvim günündən az olmayaraq verilir. Onlara dövlət tərəfindən müəyyən güzəşt və imtiyazlar da şamil olunur. 
Dövlət Milli Qəhrəmanlara, o cümlədən də Şəhid Ailələrinə müəyyən imtiyazlar ayırıb. Bu imtiyazlardan ən yüksəyi Prezident təqaüdüdür. Hazırda 191-dən artıq Milli Qəhrəman ailəsi bu təqaüddən yararlanır. Yaxşı olardı ki, "Azərbaycan Bayrağı” ordeninin sahibləri və ya onların ailə üzvlərinə də dövlət tərəfindən müəyyən məbləğdə müavinat verilməsi məsələsi Milli Məclis tərəfindən öz həllini tapardı.
Tanrıdan Şəhidlərimizə rəhmət diləyir, sağ qalan Qəhrəmanlara, həqiqi orden-medal sahiblərinə, bütövlükdə xalqımıza firavan günlər arzulayıram!

Üzeyir Cəfərov, hərbi ekspert
скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ