www.DOGRU.tv - Onlayn Televiziya » Ölkə İçi » Prezidentin iş adamlarından tələbi: “Qanun çərçivəsində işləsinlər”

Prezidentin iş adamlarından tələbi: “Qanun çərçivəsində işləsinlər”

Bölmə: Ölkə İçi
Prezidentin iş adamlarından tələbi: “Qanun çərçivəsində işləsinlər”

“Müstəqillik dövründə biz ancaq öz gücümüzə güvənmişik və ona görə bizim xarici borcumuz da çox aşağı səviyyədədir. Bu, dünya miqyasında bəlkə ən aşağı səviyyələrdən biridir”.

Trendin məlumatına görə, bunu prezident İlham Əliyev Bakıda keçirilən Azərbaycan-Vyetnam biznes – forumunda çıxış edərkən deyib. İ. Əliyev bildirib ki, xarici borc ümumi daxili məhsulumuzun təqribən 10 faizini təşkil edir: “Yəni, bu, onu göstərir ki, biz çoxlu borclar almamışıq, öz gücümüzə güvənmişik və buna görə də bu gün iqtisadi müstəqilliyə tam şəkildə nail olmuşuq. Xarici maliyyə qurumlarından asılı deyilik, baxmayaraq ki, biz xarici maliyyə qurumları ilə də fəal işləyirik.

Bu ayın əvvəlində Bakıda Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının İllik Toplantısı keçirilmişdir. Üç mindən çox qonaq gəlmişdi. Belə mötəbər tədbirin Azərbaycanda keçirilməsi Asiya iqtisadi qurumlarının, hökumətlərinin Azərbaycana olan münasibətini, inamını əks etdirir. Eyni zamanda, Azərbaycan Avropa Yenidənqurma və İnkişaf Bankı ilə də sıx əlaqələr qurmuşdur. Yəni, beynəlxalq maliyyə qurumları da Azərbaycanda gedən islahatları yüksək qiymətləndirir. Biz onların imkanlarından faydalanırıq, amma daha çox öz daxili resurslarımıza arxalanırıq. Bu, ən düzgün seçimdir. Bu seçim bizə imkan verib ki, biz bu gün iqtisadi inkişamızı çoxşaxəli formatda təşkil edirik.

Azərbaycan hökumətinin gələcək planlarımızla bağlı kifayət qədər geniş və məzmunlu yanaşması var. Biz ölkəmizin inkişafı üçün gələcəkdə əlavə tədbirlər görəcəyik. İqtisadi inkişafımız dayanıqlı, çoxşaxəli olacaq və beləliklə, insanların rifah halı yaxşılaşacaqdır.

Azərbaycanda biznes mühiti də çox müsbətdir. Azərbaycan dövləti özəl sektoru dəstəkləyir. Mən Azərbaycanın iş adamları ilə mütəmadi qaydada görüşlər keçirirəm, onlara siyasi dəstəyimi verirəm. İş adamlarından yeganə tələbim ondan ibarətdir ki, onlar öz işini qanun çərçivəsində təşkil etsinlər. Belə olan halda heç kimin problemi olmayacaq. Azərbaycanda hüquqi dövlət qurulur və bütün məsələlər öz həllini qanun çərçivəsində tapmalıdır”.