www.DOGRU.tv - Onlayn Televiziya » Ölkə İçi » Moskvada 20 milyon dollar nağd pulla yaxalanan 3 Azərbaycan vətəndaşı kimdir...

Moskvada 20 milyon dollar nağd pulla yaxalanan 3 Azərbaycan vətəndaşı kimdir...

Bölmə: Ölkə İçi
Moskvada 20 milyon dollar nağd pulla yaxalanan 3 Azərbaycan vətəndaşı kimdir...
Türkiyə parlamentində müxalifətdə olan Cümhuriyyət Xalq Partiyasından (CHP) millət vəkili Əli Özgündüz rüşvət və korrupsiya ittihamı ilə barəsində təhqiqat aparılan 4 keçmiş nazirin işinə dair müzakirələrdə Moskva aeroportunda on milyonlarla dollar nağd pulla saxlanılmış azərbaycanlılar haqda sual verib.

Virtualaz.org saytı Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, millət vəkili 2013-cü ilin 17 dekabrında keçirilən və Türkiyədə ciddi siyasi gərginliyə, o vaxtkı baş nazir Rəcəb Tayyib Ərdoğanla Fətullah Gülən camaatı arasında qarşıdurmanın açıq müstəviyə keçməsinə səbəb olan həbslər zamanı korrupsiya ittihamları ilə üzləşmiş nazirlərin işinə dair dosyedən çıxış edərək bu sualı verib.

Ə.Özgündüz həmin rüşvət və korrupsiya həbslərinin “paralel dövlət”in AKP hakimiyyətini devirmək üçün qurduğu planın bir hissəsi olması barədə hakimiyyət nümayəndələrinin arqumentlərini tənqid edərək deyib: “Rusiyaya gedən, İstanbuldan Moskvaya gedən təyyarədə 3-ü Azərbaycan, 1-i İran vətəndaşı olmaqla 4 şəxsin əl çantalarından və çuvallarından 14,5 milyon dollar, 4 milyon avro nağd pul ələ keçirilib. Rusiya hüquq-mühafizə orqanları bununla bağlı araşdırma başladır, İnterpol vasitəsilə Türkiyə tərəfini xəbərdar edir, bizim polisi xəbərdar edir. O zaman sual yaranır: Rusiya polisi “paralelçi”dir, Putin “paralelçidir” və sizi devirmək istəyir?”

CHP millət vəkilinin çıxışından məlum olur ki, həmin şəxslər 14,5 milyon dollar və 4 milyon avro (cəmi 20 milyon dollara yaxın) nağd pulla Moskva aeroportunda 2010-cu ildə saxlanılıblar.

Digər təfərrüatlar məlum olmasa da ehtimal edilir ki, söhbət İran əsilli azərbaycanlı iş adamı Rza Zərrabın nağd pullar daşıyan kuryerlərindən gedir. Həmin rüşvət və korrupsiya həbslərində ortaya çıxmışdı ki, Rza Zərrab beynəlxalq maliyyə sanksiyalarından yayınmaq üçün İrana aid milyardlarla dollar pulu Türkiyə üzərindən transfer edib, bu qeyri-leqal dövriyyədə on tonlarla təmiz külçə qızıl da daşınıb.

Rza Zərrab İrana aid pulların transferini həyata keçirərkən Azərbaycan və Türkiyədə qeydiyyatdan keçmiş, fəaliyyəti kağız üzərində olan şirkətlərin adından istifadə edib. Bu əməliyyatı həyata keçirmək üçün iş adamı Türkiyə hökumətinin bir neçə naziri ilə əlbir olub.

Lakin Türkiyə parlamentində yaradılmış araşdırma komissiyası həmin dörd naziri - keçmiş daxili işlər naziri Muammar Güleri, Avropa işləri naziri Egemen Baxışı, iqtisadiyyat naziri Zəfər Çağlayanı və şəhərsalma naziri Ərdoğan Bayraktarı təmizə çıxarıb və barələrində həbs təqdimatı verməyib.

Virtualaz.org