www.DOGRU.tv - Onlayn Televiziya » Ölkə İçi » İmişlidə nüfuz dairələrini bölə bilməyən məmurlar camaata problem yaradır


İmişlidə nüfuz dairələrini bölə bilməyən məmurlar camaata problem yaradır

Bölmə: Ölkə İçi
 İmişlidə nüfuz dairələrini bölə bilməyən məmurlar camaata problem yaradır


DOGRU.TV - İmişli rayonunda məmurlar arasında yaşanan nüfuz savaşı gün keçdikcə daha da alovlanır. Qeyd edək ki, Vilyam Hacıyev Rayon İcra Hakimiyyətinin (RİH) başçısı postuna keçəndən sonra deputat Əsabil Qasımovla heç cür münasibət qura bilməyib. Daha doğrusu, deputatla icra başçısı İmişlidəki nüfuz dairələrini bölə bilmədikləri üçün tərs gəliblər. Rayon rəhbəri ilə millət vəkili öz dedikləri məsələlərinin həyata keçməsini istəyirlər. İki qoçun başı bir qazanda qaynamadığı kimi, adıçəkilən məmurların da rəqabəti problemsiz ötüşməyib.

Əldə etdiyimiz son məlumatlara görə, İmişlidə vəziyyət stabil deyil. Belə ki, icra hakimi ilə deputatın arasında əsən soyuq küləklər bir sıra fəsadlar yaradıb. Məlumatlı şəxsdən aldığımız bilgilərə əsasən, deputat Əsabil Qasımov Milli Məclisin keçən iclaslarından birində təmsil etdiyi İmişli rayonunda vətəndaşların sosial problemlərdən əziyyət çəkdiyini, işsizliyin səviyyəsinin artdığını və digər nöqsanları qabardıb. Halbuki, parlament üzvü çox nadir hallarda məclisin iclasları zamanı ağzını açıb nəysə fikir bildirərdi. Onu danışmağa vadar edən səbəb başçı ilə aralarındakı ədavətdir. Milli Məclis üzvü dolayı yolla icra başçısının vəzifəsini layiqincə yerinə yetirə bilmədiyini deyib. Parlamentin tribunasından səsləndirilən fikirlərdən sonra aidiyyəti qurumlar İmişli RİH-də və rayonda fəaliyyət göstərən digər idarələrdə yoxlamalara başlayıblar. Vilyam Hacıyevə əzələ nümayiş etdirən millət vəkili bununla ona İmişlinin ağsaqqalının özü olduğunu göstərməyə çalışıb. Mənbəmiz vurğulayır ki, deputatın etdiyi hərəkətdən bərk qəzəblənən icra hakimi həmin vaxtdan qisas almaq eşqi ilə yanıb-alışır. Bu məqsədlə başçı Əsabil Qasımovun qohumları tərəfindən işlədilən bir neçə obyektin fəaliyyətini dayandırması barədə qərar verib. RİH rəhbəri bunu həmin ticarət köşklərinin sənədlərinin qaydasında olmaması ilə əlaqələndirib. Bununla da əsəbi keçməyən Hacıyev deputatın özünə məxsus olan obyektlərin bir neçəsinin işini dayandırması barədə göstəriş verib. Mənbənin dediyi məlumatda bildirilir ki, millət vəkilinin əsas biznes fəaliyyəti rayonda qurulub. Bunu nəzərə alan icra başçısı deputatın biznes dayaqlarını zəiflətməyə çalışır və buna nail olmaq üzrədir. Deyilənə görə, icra hakimi millət vəkilinin sahibi olduğu iri müəssisələrdə yoxlama aparılması ilə bağlı lazımi orqanlara müraciət edib. Qeyd edək ki, icra başçısı-deputat qarşıdurması hamıdan çox sadə vətəndaşlara əziyyət yaşadır. İki cəbhə arasında baş verən hadisələr imişlililərin iş şəraitinə və dolanışığına mənfi təsir göstərir. Rayonda son bir il ərzində ondan çox iş yeri bağlanıb. İş yerlərinin azalması nəticəsində onlarla insan çörəksiz qalıb. Əgər tezliklə rayonda gedən proseslərə dövlət səviyyəsində müdaxilə edilməsə, problemlər daha da çoxalacaq. Xatırladaq ki, bu söz-söhbətlərin, yəni icra hakimi ilə deputatın ədavətinin əsası 2012-ci ildə, bir az da dəqiq desək, Vilyam Hacıyev İmişli RİH-in başçısı vəzifəsinə yeni təyin olunan zaman qoyulub. İcra başçısı sahibkarlıq fəaliyyəti ilə məşğul olan deputatdan rayonun abadlaşdırılması kampaniyasına maliyyə dəstəyi verməsini tələb edib. Amma millət vəkili başçısının tələbi ilə razılaşmadığını bildirərək abadlıq işlərinə heç bir halda maliyyə yardımı etməyəcəyini söyləyib. Məlumatlı mənbə onu da vurğulayır ki, deputat başçı ilə üz-üzə gəlməmək üçün İmişliyə səfər etmir. Köməkçisini rayona göndərən millət vəkili bütün məlumatları ondan alır. Yaxşı olardı ki, rəsmi dairələr həm icra hakimi, həm də deputatı tənbeh etsinlər. Əks halda, İmişlidə xoşagəlməz hadisələr qeydə alına bilər.

Yazı ilə bağlı qarşı tərəflərin də fikirlərini dərc etməyə hazırıq.