www.DOGRU.tv - Onlayn Televiziya » Ölkə İçi » Binəqədi sakinləri Prezident Administrasiyasına yürüş edəcəklər

Binəqədi sakinləri Prezident Administrasiyasına yürüş edəcəklər

Bölmə: Ölkə İçi
Binəqədi sakinləri Prezident Administrasiyasına yürüş edəcəklər
Sakinləri aldatmaq məqsədilə bir neçə gün dayanan tikinti yenidən davam edir; “Göz görə-görə ağacları qırırlar, "dur" deyən yoxdur”

Binəqədi rayonu, 7-ci mikrorayon, Abay Kunanbayev küçəsindəki 10 nömrəli binanın həyətində aparılan tikinti işləri yenidən aktivləşib. Bu barədə “Yeni Müsavat”a məlumat verən sakinlərin sözlərinə görə, ərazidə ağacların kəsilməsi yenə də davam edir.

Sakinlər bildiriblər ki, ağacların kəsilməsi və bina ərazisinin qanunsuz zəbt edilməsi ilə bağlı reportaj “Yeni Müsavat” qəzetində dərc edildikdən sonra tikinti bir-iki gün dayandırılıb. Eyni zamanda Binəqədi Rayon İcra Hakimiyyəti və bir neçə nazirliyin əməkdaşları əraziyə gələrək yoxlamalar aparıblar. 100 ailənin yaşadığı binanın önünü zəbt edərək, ağacları kəsib bina tikən “Arxin-M LTD” MMC tikinti şirkətinə sərt xəbərdarlıq edilib. Tikinti şirkəti elə həmin gün işləri dayandırmaq məcburiyyətində qalıb.

Sakinlər deyiblər ki, sevincləri qısa sürüb. Sözügedən tikinti şirkəti iyulun 22-si gecə saatlarında işlərə yenidən başlayıb. Ərizədə qalan şam ağaclarının hamısı kəsilib. Eyni zamanda tikiləcək binanın təməli qoyulub.

Etiraz edən bina sakinləri bildiriblər ki, ağacların kəsilməsi və aparılan qanunsuz tikinti ilə bağlı aidiyyəti orqanlara dəfələrlə müraciət etmələrinə baxmayaraq, nəticəsi olmayıb: “Göz görə-görə ağacları qırırlar, dur deyən yoxdur. Ağacların kəsilməsi və tikinti işləri dayandırılmasa, Prezident Administrasiyasına yürüş edəcəyik”.

Məlumat üçün bildirək ki, ərazidə bina tikdirən şəxs biznesmen xanım Qasımova Aidə Akif qızıdır. Xanım biznesmen bina tikmək üçün əvvəlcə Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət edib. Lakin icra hakimiyyəti tikinti ilə bağlı icazə verməyib. Daha sonra Bakı meriyasına müraciət edən tikinti şirkəti “hə” cavabı alıb. Bakı meriyası Qasımova Aidə Akif qızının adına olan “Arxin-M LTD” MMC-yə tapşırıb ki, tikinti işləri ilə bərabər ərazidə abadlaşdırma işləri aparılsın, tikiləcək binanın ətrafında sakinlərin istirahəti üçün bağ salınsın. Meriyanın həmin sənədində yazılıb ki, əgər tikinti işləri aparılsa, ərazidəki ağaclar köçürülməlidir. Sakinlərdə olan video və fotoçəkilişlərdən isə açıq-aşkar görünür ki, onlar ağacları kəsib, maşınlara yükləyib aparıblar.

Qeyd edək ki, məsələ ilə bağlı qəzetə danışan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib ki, Binəqədidə ağacların kəsilməsi ilə bağlı məsələ dərhal nəzarətə götürülüb: “Həmin ərazi ilə bağlı görüntülər bizə təqdim olunub. Əməkdaşlarımız həmin ərazidə olub, yoxlamalar aparacaq. Əgər hansısa bir ağacın qanunsuz olaraq kəsilməsi faktı aşkarlansa, həmin tikinti şirkəti barədə tədbir görüləcək”.

Nazirliyin sözçüsü bildirib ki, prezident İlham Əliyev sonuncu müşavirələrdən birində ağac kəsənlərlə bağlı sərt tədbirlərin görülməsi ilə bağlı tapşırıq verib: “Nazirlik Bakıda və rayonlarda tez-tez monitorinqlər aparır. Hansısa yerdə qanunsuz olaraq ağac kəsilirsə, həmin şəxslərə qarşı çox ciddi tədbirlər görülür. Eyni zamanda nazirliyin ”168" qaynar xətti fəaliyyət göstərir. Vətəndaşlardan xahiş edirik, əgər belə bir halla rastlaşsalar, dərhal qaynar xəttə zəng vuraraq məlumat versinlər".

Mövzu ilə bağlı “Arxin-M LTD” MMC rəhbərliyinin mövqeyini öyrənib dərc etməyə hazırıq.