www.DOGRU.tv - Onlayn Televiziya » Ölkə İçi » Müstəntiq İbrahim Ləmbəranski məhkəməyə verildi


Müstəntiq İbrahim Ləmbəranski məhkəməyə verildi

Bölmə: Ölkə İçi
Müstəntiq İbrahim Ləmbəranski məhkəməyə verildi
Jurnalist Rauf Mirqədirovun türkiyəli vəkilinə etibarnamə verməsinə qadağa qoyduğu üçün müstəntiq İbrahim Ləmbəranski məhkəməyə verilib.
Rauf Mirqədirovun vəkili Elmar Süleymanov “Media forum”-a bildirib ki, jurnalist Türkiyədə pozulmuş hüquqlarını müdafiə olunması üçün türkiyəli vəkillərinə müraciət etmək istəyirdi: “Həmin vəkillərin Rauf bəyin adından çıxış etməsi üçün notariat qaydasında onların adına verilmiş etibarnamə lazımdır. Qanunda nəzərdə tutulub ki, istənilən notariat hərəkətini həbsdə olan şəxs apara bilər. Bunun üçün notariusun həbsxanaya getməsinə icazə verilməlidir. Biz də bunun üçün müstəntiq İbrahim Ləmbəranskiyə müraciət etdik.

Müstəntiq müraciətimizə rədd cavabı verdi. Səbəb olaraq bildirdi ki, etibarnamənin verilməsinə icazə halında türkiyəli vəkillər Rauf Mirqədirovun adından Türkiyədəki sübutları məhv edə və kompüterindəki bütün məlumatları yaya bilərlər. Xüsusən də istintaq sirrinin yayıla bilməsi və şahidlərə təzyiqin göstərilməsi əsas gətirildi.

Amma bütün irəli sürülən iddialar çox absurddur. Çünki konstitusiyada insanın təməl hüquqlarından biri istənilən şəxsin məhkəməyə müraciət eləmək hüququdur. Müstəntiq İbrahim Ləmbəranski Rauf bəyi bu hüquqdan məhrum elədi. Biz də Rauf bəyin pozulmuş hüquqlarını müdafiə eləmək üçün məhkəməyə müraciət elədik”.

Xatırladaq ki, “Zerkalo” qəzetinin icmalçısı Rauf Mirqədirovu aprelin 19-da MTN, 2010-cu ildən bəri yaşadığı Türkiyə paytaxtı Ankaradan deportasiya olunan gün tutub. O, 2008-ci ilin aprelindən etibarən Ermənistanın xüsusi xidmət orqanlarına işləmək motivi ilə dövlətə xəyanətdə ittiham olunur.

Rauf Mirqədirov Sülh və Demokratiya İnstitutunun Ermənistan QHT-ləri ilə birgə çoxsaylı layihələrinin fəal iştirakçısı kimi dəfələrlə Ermənistana səfər edib, xalq diplomatiyası üzrə Azərbaycan-Ermənistan layihələrinə qatılıb.